Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4886/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra “Azəriqaz” İB) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 4179.30 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 4509.30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 23.04.2020-ci il tarixində 04-1097 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə 23.04.2020-ci il tarixdə Natek enerji markalı, G-4 mexanika tipli, 40013759 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin, istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 21.09.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1202AQ**********2 zavod nömrəli qaz sayğacı yoxlanması məqsədilə (5474645 nömrəli sayğac quraşdırma aktı əsasında əvəzlənərək) laboratoriyaya göndərilmişdir. MSK-29/1710-01242-1 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış G-4 markalı, 1202AQ**********2 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan dəymiş ziyanın bərpası məqsədilə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 1.21.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 1944 manat (müdaxilə); 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 907.20 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 302.40 manat; 4.30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 302.40 manat;
5. 22.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 221.80 manat. “Azəriqaz” İB-yə 3677.80 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin aktlar üzrə yaranmış borcun 1944 manat hissəsi 2018-ci ilin X ayında GASREP proqramına keçirilmişdir. (3677.80-1944 = 1733.80) və cavabdeh tərəfindən aparılan ödənişlər üzrə borca görə 100.10 manat məbləğində tutulmalar aparılmışdır. Həmçinin, cavabdehin GASREP üzrə saldosuna diqqət yetirsək görərik ki, onun əvvəlki illərdən də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi ilə əlaqədar yaranmış borcları qalmaqdadır (390+1944+192 = 2526 – 100.10 = 2425.90). Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bugünkü gün üçün “Azəriqaz” İB-yə cari borcu 19.60 manat, GASREP üzrə borcu 2525.90 manat və borca görə tutulmalar da nəzərə alınmaqla, ümumilikdə 4179.30 manat məbləğində borcu qalmaqdadır (AGİS aktları üzrə: 1733.80+GASREP üzrə borc 2425.90 + cari borc 19.60 = 4179.30). “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən cavabdehə 4179.30 manat məbləğinin könüllü qaydada ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh qaz xəttinə qanunsuz qoşulmaqla və təbii qazdan istifadə qaydalarını pozmaqla təbii qazı qanunsuz şəkildə mənimsəmiş, bununla da “Azəriqaz” İByə maddi zərər vurmuşdur. Cavabdeh qaz sayğacına qanunsuz müdaxilə təşkil edən hərəkətlərini davam etdirdiyindən Birliyin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı müxtəlif tarixlərdə bir neçə dəfə akt tərtib edilmişdir. Bundan başqa, cavabdeh istifadə etdiyi təbii qazın da dəyərini tam ödəmədiyindən borcu yığılmışdır. Hazırda “Azəriqaz” İB tərəfindən həm vurulmuş maddi zərər, həm də yığılmış borcun ödənilməsi tələb edilir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 23.04.2020-ci il tarixində 04-1097 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 21.09.2018-ci il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 22.04.2020-ci il tarixli aktların iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrin iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, cavabdehin təbii qazdan istifadə qaydalarını pozması nəticəsində “Azəriqaz” İB-yə 21.09.2018-ci il tarixli akt əsasında 1944 manat, 30.01.2020-ci il tarixli akt əsasında 907.20 manat, 28.02.2020-ci il tarixli akt əsasında 302.40 manat, 30.03.2020-ci il tarixli akt əsasında 302.40 manat, 22.04.2020-ci il tarixli akt əsasında 221.80 manat zərər dəydiyi hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında 23.04.2020-ci il tarixində 04-1097 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, qaz sayğacı quraşdırılmışdır. Cavabdehin istifadəsində olan qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə müəyyən olunmuş “Azəriqaz” İB tərəfindən 21.09.2018-ci il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 22.04.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında iddiaçı “Azəriqaz” İB-yə dəymiş zərər (1733.80 manat) hesablanmışdır. Həmçinin, iddiaçı “Azəriqaz” İB Cavabdeh əvvəlki illərdə istifadə etdiyi təbii qazın dəyərini lazımınca ödəmədiyinə görə yığılmış 2525.90 manat məbləğində borcu olduğunu iddia edərək həmin borcu da cavabdehdən tələb etmişdir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixə olan 19.60 manat məbləğində borc da iddiaçı tərəfindən tələb edilmiş, beləliklə, iddiaçı “Azəriqaz” İB tərəfindən Cavabdeh tələb edilən cəmi borc aktlar üzrə 1733.80 manat, əvvəlki illər üzrə ödənilməmiş borc 2425.90 manat və cari borc 19.60 manat olmaqla, cəmi 4179.30 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı “Azəriqaz” İB tərəfindən cavabdehdən tələb edilən borc üç kateqoriya üzrə hesablanmışdır: qazdan istifadə qaydalarının pozulması nəticəsində dəymiş zərər; əvvəlki illərdə istifadə edilmiş təbii qaza görə ödənilməmiş qalıq borc və cari borc. Məhkəmə ilk növbədə iddianın dəymiş zərərlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh qeyri-qanuni yolla təbii qazdan istifadə etməklə iddiaçıya zərər vurmuşdur və iddiaçı bu zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. İtirilmiş qazın bərpası üçün hesabat qaz işlədicisinin maksimal saatın qaz sərfinə uyğun aparılmışdır ki, bu da tərəflər arasında bağlanmış müqaviləyə və qanunvericiliyə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 28.11.2016-cı i il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tarifinə əsasən illik istehlak həcminin 1500 m3-dək olan hissəsi üçün tarif 100 (manat/min m3), illik istehlak həcminin 1500 m3-dən çox olan hissəsi üçün tarif 200 (manat/min m3) müəyyən edilmiş, Tarif (qiymət) Şurasının 22.12.2016-cı il tarixli, 19 nömrəli qərarına əsasən “1500 m3” “1700 m3” ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarı ilə “1700 m3” “2200 m3” ilə əvəz edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi hesablanmış məbləğlər təbii qazın ölkədaxili tariflərinə uyğun hesablanmışdır. Odur ki, iddia təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlara əsasən vurulmuş maddi zərərlə bağlı hissədə (3677.80 manat) əsaslıdır və təmin edilməlidir. İddia tələbinin növbəti hissəsi əvvəlki dövrlərdə cavabdeh tərəfindən istifadə edilmiş və dəyəri ödənilməmiş qaza görə yığılmış borcla bağlıdır. İddiaçı cavabdehdən bu əsasla 2524.90 manat məbləğində pul tələb etsə də məhkəmə hesab edir ki, bu hissədə iddia qismən əsassız olmuşdur. Belə ki, cavabdehin təbii qazdan istifadəyə görə qalıq borclarının məbləğlərini göstərən Gasrep proqramından çıxarışdan görünür ki, abonent Cavabdeh 2015-ci il tarixə 390 manat, 2018-ci il tarixə 1944 manat, 2019-cu il tarixə isə 192 manat məbləğində borc hesablanmışdır. 2018-ci ildə borc kimi göstərilmiş 1944 manat əslində təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 21.09.2018-ci il tarixli akta əsasən hesablanmış dəymiş zərər məbləğidir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, məhz bu tarixli akta əsasən dəymiş zərər kimi hesablanmış 1944 manat məbləğində pul Gasrep proqramına keçirilmişdir. Məhkəmə isə həmin məbləğin akta əsasən dəymiş zərər kimi cavabdehdən tutulmasını artıq yuxarıda müəyyən etdiyindən bu məbləği “qalıq borc” kateqoriyasına daxil etmir. 2015-ci ildə borc kimi göstərilmiş 390 manata gəldikdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və öhdəliyə xitam verilir. Hazırkı iş üzrə vaxtaşırı ödənişlərin ayda bir dəfə ödənilməli olduğu nəzərə alınsa, cavabdehdən beş ildən əvvəlki dövr üçün hesablanmış borc tələb edilə bilməz. Çünki həmin illərlə bağlı cavabdehin öhdəliklərinə xitam verilmişdir. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, öhdəliklərin xitamı üçün müddət və iddia müddəti fərqli anlayışlardır. Odur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsilməsi ilə bağlı qeyd edilənlər yalnız iddia müddətinə aiddir və hazırkı işə aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 2015-ci ildə istifadə etdiyi təbii qaza görə qalıq 390 manat məbləğində borcun ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Göründüyü kimi, iddiaçı “Azəriqaz” İB tərəfindən Cavabdeh qalıq borc kimi tələb edilən məbləğ yalnız 192 manat (2019-cu il üçün qalıq borc) və 19.60 manat (2020-ci il üçün qalıq borc) hissələrində əsaslıdır. Odur ki, cavabdehdən ödənilməmiş qalıq borc kimi 211.6 manat (192+19.60) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüş. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdehdən təbii qazdan istifadəyə görə ödənilməmiş qalıq borc kimi 211.6 manat məbləğində pul tutulması hissəsində əsaslıdır. Son olaraq, iddiaçı eyni zamanda, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqını cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3677.80 manat maddi zərər və 211.60 manat qalıq borc olmaqla, cəmi 3889.4 manat (üç min səkkiz yüz səksən doqquz manat qırx qəpik) məbləğində pul “Azəriqaz” İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (~86%) olan 26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 3889.4 manat (üç min səkkiz yüz səksən doqquz manat qırx qəpik) məbləğində pul və 26 (iyirmi altı) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva