Məhkəmə qərarları › İş №2(010)-4897/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4897/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4897/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Üseyn oğlundan 525 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 555 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53BAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1538 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 525 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 525 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 555 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 23.07.2017-ci il tarixli, QQK4641266 nömrəli borc müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçıdən hissəhissə ödəniş etmək şərti ilə 1538 manat məbləğində məişət avadanlığı əldə etmiş, 113 manat ilkin ödəniş etmiş, qalan 1425 manat məbləği 15 ay müddətə, hər ay 95 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. 26.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 23.07.2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş 525 AZN əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 525 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisənin məhkəməyə qədər həlli qaydası (pretenziya) nəzərdə tutulmadığından və qanunda da bununla bağlı məcburi tələb olmadığından iddiaçı mübahisənin həlli üçün birbaşa məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 525 manat məbləğində əsas borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 525 (beş yüz iyirmi beş) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar