Məhkəmə qərarları › İş №2(010)-4908/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4908/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4908/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun alınıb ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı valideynləri vəfat etdiyi üçün Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2010-ci il tarixli 230 nömrəli sərəncamına əsasən bibisi Cavabdeh yetkinlik yaşına çatana kimi mülkiyyətinə hüququ olmadan onun qəyyumu təyin edilmişdir. X3, arvadı X11, bibisi Cavabdeh və iddiaçı 2013-cü ilə qədər ünvan 1-də birlikdə yaşamışlar. Həmin mənzil X3nun mülkiyyətində olmuşdur. X11 ilə iddiaçı isə həmin evdə qeydiyyatda olmuşlar. Lakin bibisi Cavabdeh həmin evdə heç vaxt qeydiyyatda olmamışdır. 2013-cü ildə X3 mülkiyyətində olan ünvan 1-də yerləşən evi satmış və evdən iddiaçıya düşən 15000 (on beş min) manat pulu qardaşı azyaşlı olduğu üçün bibisi Cavabdeh vermişdir. Razılaşmaya əsasən bibisi Cavabdeh həmin 15000 (on beş min) manat pulla ev tikməli və həmin evdə birlikdə yaşamalı idilər. Cavabdeh həmin pulla Abşeron rayonu, Qobu qəsəbəsində 3 otaqlı fərdi yaşayış evi tikdirdi. 2020-ci ilin iyun ayına qədər münasibətləri normal olmuş və onlar həmin evdə birlikdə yaşamışlar. Sentyabr ayından sonra Cavabdeh və onun oğlu Səmədov Rövşən Ağabəy oğlunun iddiaçıya qarşı münasibətləri dəyişmiş və onlar İddiaçı evə buraxmaq istəmirlər. Cavabdeh ya evin bir hissəsini yaşamaq üçün iddiaçıya verməsini, ya da iddiaçıya aid 15000 (on beş min) manat pulu geri qaytarmağı tələb etdikdə isə o heç biri ilə razılaşmadı. Hətta evə gec gəlməyini bəhanə edərək evdən çıxmağını tələb etmişdir. Həmçinin Cavabdeh 15000 (on beş min) manat pulun yarısının ona məxsus olduğunu, yerdə qalan 7500 (yeddi min beş yüz) manatı isə evi nə vaxtsa satsa onda verə biləcəyini bildirmişdir. Lakin həmin 15000 (on beş min) manat pulun hamısı iddiaçının payıdır, həmin puldan ona hər hansı bir pay ayrılmamışdır. Çünki bibisi Cavabdeh X3nun mülkiyyətində olan ünvan 1-də heç vaxt qeydiyyatda olmamış və həmin 15000 (on beş min) manat pul ona iddiaçıya ev tikdirməsi və iddiaçı ilə birlikdə yaşaması üçün verilmişdir. Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsində tikilən 3 otaqlı fərdi yaşayış evini iddiaçıya ayrılmış 15000 (on beş min) manat pulla tikdirmişdir. Cavabdeh iddiaçıya düşən 15000 (on beş min) manat pulu almasını təsdiq edən sübut Abşeron RPİ-nin Qobu PB-də aparılmış araşdırma zamanı verdiyi izahat, şahidlər və səs yazısıdır. Hal-hazırda Cavabdeh iddiaçını evə buraxmır. Həmçinin iddiaçıya aid olan 15000 (on beş min) manat pulu isə geri qaytarmır, müxtəlif bəhanələrlə bundan imtina edir. Hal-hazırda iddiaçının qalmağa yeri yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqət deyil, ünvan 1 ünvanındakı mənzilin iddiaçının X3nun mülkiyyətində olduğu, 2013-cü ildə həmin mənzili satdığını, evdən ona düşən 15000 manat pulun cavabdeh olan Cavabdeh verildiyini bildirir. Qeyd edir ki, 2013-cü ildə satılmış ünvan 1 ünvandakı mənzil ümumiyyətlə iddiaçının X3nun heç vaxt mülkiyyətində olmamışdır. Həmin mənzil qardaşı X4 məxsus olmuşdur. O, uzun müddət ürəyində olan problemdən əziyyət çəkdiyindən xx.xx.2008-ci il tarixində Bakı şəhəri 19 saylı Dövlət Notariat kontorunda 20 il müddətinə ona baş etibarnamə vermiş, bir çox hərəkətləri, o cümlədən ona məxsus olan bütün əmlakı idarə etməyi, həmin əmlak üzərində sərəncam verməyi etibar etmişdir. O da həmin etibarnamə əsasında ünvan 1 ünvanındakı mənzili X5 adına rəsmiləşdirmişdir. Bir il sonra uzun sürən xəstəlikdən dolayı xx.xx.2009-cu ildə qardaşı X9 vəfat etmişdir. Həmin daşınmaz əmlak qızı X5 xüsusi mülkiyyətinə keçdikdən bir neçə il sonra, daşınmaz əmlakın mülkiyyətçisi kimi mənzili satmışdır. Əmlakı satan zaman X11 İddiaçı qarşısında hər hansı pul barədə heç bir öhdəlik götürməmiş, mənzilin satışından əldə edilmiş puldan İddiaçı 15000 manat pulun ödənilməsi barədə heç bir şifahi və yazılı razılıq bağlanmamışdır. Belə ki, qızı X11 mənzilin tam mülkiyyətçisi kimi daşınmaz əmlakın qanunla ona verilmiş səlahiyyətlər daxilində istədiyi şəxsə satmışdır. O, iddaçıya satışdan sonra pul verməli olmadığından isə ümumiyyətlə söz gedə bilməzdi, belə ki, satılmış əmlak onun (cavabdehin) mülkiyyətində olmamışdır. Sonda məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bibisi, İddiaçı isə onun əmisi oğludur. O Yasamal rayonunda olanda həmin evə tez-tez gedib gəlirdi. Yasamal rayonunda yerləşən ev satıldıqdan sonra Xəzəri saxlayan olmadı. Cavabdeh ev satıldıqdan sonra X10 15000 manat pul almış və həmin pula üç yerdə torpaq sahəsi almışdır. X18 və onun həyat yoldaşı pulu Cavabdeh o şərtlə vermişlər ki, Gülpəri Xəzəri öz yanında saxlasın. Həmin pul ev satıldıqdan sonra Xəzərə düşən pay kimi Gülpəriyə verilmişdir. İş üzrə şahid X18 ifadəsində bildirmişdir ki, Cavabdeh onun bibisi, İddiaçı isə onun qardaşıdır. Həmin ev onun həyat yoldaşının adına olmuşdur. Mübahisəli ev satıldıqdan sonra o Xəzərə düşən payı 15000 manat pulu Gülpəriyə vermişdir. Cavabdeh pulu o şərtlə vermişdir ki, o ev tikərək Xəzərlə birlikdə yaşayacaqdır. Lakin sonradan o Xəzəri evə buraxmamış və Xəzər hər gün başqa qohumlarının evində qalmaq məcburiyyətində qalmışdır. X2 ifadəsində bildirmişdir ki, Cavabdeh onun anası, İddiaçı isə onun qaynıdır. Həmin ev onun dayısının mülkiyyətində olmuşdur. Sonradan onun həyat yoldaşı Ənvər tutulduğundan dayısı həmin evi onun adına keçirtmişdir. Mübahisəli ev satıldıqdan sonra o 15000 manat pulu anasına vermiş, anası isə həmin pula ev tikdirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli Sərəncamından müəyyən olunur ki, azyaşlı xx.xx.1999cu il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək, mülkiyyətinə hüququ olmadan bibisi Cavabdeh qəyyum təyin olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2009-cu il tarixində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X9 20 il müddətinə Cavabdeh etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə tərəfindən və tərəflərin verdiyi izahatdan müəyyən olunmuşdur ki, İddiaçı yetkinlik yaşına çatanadək bibisi Cavabdeh mülkiyyətinə hüququ olmadan onun üzərində qəyyum təyin olunmuşdur. X1 xx.xx.2008-ci il tarixində Bakı şəhəri 19 saylı Dövlət Notariat kontorunda 20 il müddətinə Cavabdeh baş etibarnamə vermiş, bir çox hərəkətləri, o cümlədən ona məxsus olan bütün əmlakı idarə etməyi, həmin əmlak üzərində sərəncam verməyi etibar etmişdir. O da həmin etibarnamə əsasında ünvan 1 ünvanındakı mənzili qızı X5 adına rəsmiləşdirmişdir. Həmin mənzil satılaraq 15000 manat məbləğində pul onun qardaşı və onun həyat yoldaşı tərəfindən Cavabdeh verilmişdir. Məhkəmə iclasında həm iddiaçı tərəf, həm də cavabdeh tərəf etiraf etmişlər ki, pul cavabdehə Xəzər tərəfindən verilməmişdir. İddiaçı tərəf pulun verilməsi səbəbini onunla əsaslandırmışdır ki, pul Xəzərin saxlanılması üçün verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə İddiaçı Cavabdeh ona 15000 manat pul borclu olduğunu bildirsə də, bunun sübutu olaraq həmin halları təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar