Məhkəmə qərarları › İş №2(010)-4915/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4915/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4915/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 5903.15 manat əsas borc, 1434.72 manat faiz borcu, cəmi 7337.87 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh2 oğluna dair sənədlər S-FK-634 saylı, 24.10.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 oğlu arasında 11.08.2015-ci il tarixli 84-11.08.2015 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 25% olmaqla 36 ay müddətinə 6550 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh2 oğluna ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC-nin Nizami filialı ilə zamin Cavabdeh1 arasında 11.08.2015-ci il tarixdə, 84- 11.08.2015 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 6550 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən vəsaitdən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 25%lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 oğlunun banka hazırda 5903.15 manat əsas borc, 1434.72 manat faiz borcu, cəmi 7337.87 manat borcu mövcuddur. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11.08.2015-ci il tarixli, 84-11.08.2015 saylı kredit müqaviləsi və 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh2 oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona illik 25% tətbiq edilməklə, 36 ay müddətinə 6550,00 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 11.08.2015-ci il tarixli 84-11.08.2015 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 borclu Cavabdeh2 oğlunun bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 oğluna aid problemli aktivlərlə bağlı müvafiq sənədlərin təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 oğluna aid problemli aktivlərlə bağlı müvafiq sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanın məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının törəmə müəssisəsi olan “X3 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qarayev X2 rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 oğluna və Cavabdeh1 ünvanlanmış 06.07.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 oğlu və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 oğlu ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 11.08.2015-ci il tarixli №84-11.08.2015 saylı Kredit müqaviləsinə əsasən Borc alana 6550 manat məbləğində illik 25% olmaqla 36 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Həmçinin Cavabdeh1 borcalan Cavabdeh2 oğlunun bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından bəlli olur ki, Cavabdeh2 oğlunun banka olan borcu 5903.15 manat əsas borc, 1434.72 manat faiz borcu, cəmi 7337.87 manat məbləğində təşkil edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər: bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik; bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ; Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. - MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. - Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4.-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bank arasında 11.08.2015-ci il tarixli №84- 11.08.2015 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit Müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 11.08.2018-ci il tarixində bitmişdir. Məhkəmə hesab edir ki, kreditin qaytarılma müddəti ilkin olaraq 11.08.2018-ci il tarixə kimi müəyyən olunduğundan və Cavabdeh1 ilə zaminlik müqaviləsi 11.08.2018-ci il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılmadığından bankla Cavabdeh1 arasında imzalanmış 11.08.2015-ci il tarixli 84-11.08.2015 №-li zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı bankın Cavabdeh1 əsas və faiz borcun ödənilməsinə dair iddia tələbi əsassızdır. İddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən tələb olunan məbləğ yalnız cavabdehborcalan Cavabdeh2 tutulmalı, iddia tələbi əsas borc və faiz borcu hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 11.08.2015-ci il tarixli №84-11.08.2015 saylı kredit müqaviləsi üzrə 5903.15 manat əsas borc, 1434.72 manat faiz borcu, cəmi 7337.87 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu «AqrarKredit” QSC-nin Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 11.08.2015-ci il tarixli №84-11.08.2015 saylı kredit müqaviləsi üzrə 5903.15 manat əsas borc, 1434.72 manat faiz borcu, cəmi 7337.87(yeddi min üç yüz otuz yeddi manat, səksən yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu «AqrarKredit” QSC-nin Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. 11.08.2015-ci il tarixli 84-11.08.2015 №-li zaminlik müqaviləsi üzrə Cavabdeh1 münasibətdə zaminliyə xitam verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar