Məhkəmə qərarları › İş №2(010)-4920/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4920/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4920/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 308 manat məbləğində əsas borcun, 176 manat məbləğində dəbbə pulunun və 20 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 504 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 27.07.2019-cu il tarixli, MOB03- 1433 №-li alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazından 396 azn dəyərində “Mobil telefon Samsung SM-A205 blue” almışdır. Alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanılmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 396 azn etmişdir. Bu isə 18 aylıq ödəmə şərti ilə aylıq 22 azn ödəniş edir. Cavabdeh ödəniş tarixçəsi belədir: 27.08.2019-22 azn, 30.09.2019-22 azn, 29.10.2019-22 azn, 30.11.2019-22 azn. Cavabdeh cəmi 88 azn ödəniş etmiş və qalıq borc 308 azndir. Qalıq borc 308 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 27.01.2021-ci il tarixinə qədər yaranan dəbbə pulu isə 176 azndir. Daha əvvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 09.08.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı MMC 23.09.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məsafə uzaqlığına görə məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan X1 (Texnoplus mağazası) ilə Cavabdeh arasında bağlanmış 27.07.2019-cu il tarixli MOB03-1433 №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı “Samsung SM-A205 Blue” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 396 manat ödəməyi öhdəsinə götürmüşdür. 27.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən aldığı “Samsung SM-A205 Blue” markalı telefon təhvil alınmışdır. 10 oktyabr 2020-ci il tarixli BM-072/20 №-li “bağışlama müqaviləsi”ndən görünür ki, X1 (Texnoplus mağazası) İddiaçı MMC-yə əvəzsiz olaraq “27.07.2019”-ci il tarixində “18 aylıq” bağlanılan “MOBQ3-1433” nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını verir. Hüquq üzrə tələblər “tələbin güzəşti” qaydasında hədiyyə alana keçir. 05.08.2021-ci il tarixli maliyyə arayışına əsasən “Samsung SM-A205 Blue” markalı telefon üçün cavabdehin 308 manat əsas, 176 manat dəbbə, cəmi 484 manat borc yaranmışdır. 09.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 3 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 13.08.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 27.07.2019-cu il tarixli MOB03-1433 №-li alqı-satqı müqaviləsi üzrə 308 manat əsas borcun tutulması barədə tələblər əsaslıdır, lakin müqavilə üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 27.07.2019-cu il tarixli MOB03-1433 №-li alqı-satqı müqaviləsi üzrə 176 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu azaldılaraq müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 27.07.2019-cu il tarixli MOB03-1433 №-li alqı-satqı müqaviləsi üzrə 308 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 318 manat məbləğində pul tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27.07.2019-cu il tarixli MOB03-1433 №-li alqı-satqı müqaviləsi üzrə 308 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 318 (üç yüz on səkkiz) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4 (dörd) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar