Məhkəmə qərarları › İş №2(010)-4921/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4921/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4921/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli 138734-1-13133/2 saylı nağd pul krediti müqaviləsinə əsasən 17.08.2021-ci il tarixinə banka borclu olduğu 1747,69 manat məbləğində əsas borc, 7,86 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1755,55 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat pulun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28.02.2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 05.09.2019-cu il tarixli 138734-1- 13133/2 saylı nağd pul krediti müqaviləsi bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1992,51 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1747,69 manat məbləğində əsas borc,7,86 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1755,55 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli 138734-1-13133/2 saylı nağd kredit müqaviləsinə əsasən, bank tərəfindən 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1992,51 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən banka 07.10.2019-cu il tarixdən 05.09.2024-cü il tarixədək qrafikdə qeyd edilən məbləğlərdə ödənişlər edilməli idi. İş materiallarında olan 17.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, 05.09.2019-cu il tarixli 138734-1-13133/2 saylı müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC-yə 1747,69 manat məbləğində əsas borc, 7,86 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1755,55 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan 30.06.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə banka olan borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks tədirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqavilələsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə İddiaçı ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun hissəsində tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bank xidmət haqqının əvəzi olaraq 40 qəpik cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, "Bank VTB (Azərbaycan)" ASC ilə cavabdeh 1747,69 manat əsas borc, 7,86 manat faiz borcu olmaqla, cəmi 1755,55 (bir min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdeh Mahmudov Namı̇ q Mahmud oğlundan iddiaçı «Bank VTB ( Azərbaycan)» ASC-nin xeyrinə 1747,69 manat əsas borc, 7,86 manat faiz borcu olmaqla, cəmi 1755,55 (bir min yeddi yüz əlli beş manat əlli beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar