Məhkəmə qərarları › İş №2(010)-4950/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4950/2020

04.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4950/2020 04.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Hüseynova (Səfərova) Aytəkin Vaqif qızının iştirakı ilə, İddiaçı Hüseynova (Səfərova) Aytəkin Vaqif qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hüseynova (Səfərova) Aytəkin Vaqif qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqların saxlanılması, təlim və tərbiyəsi, eləcə də müayinə və müalicəsi üçün Cavabdeh Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 9990/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə 137 manat məbləğindəki alimentin miqdarını dəyişərək Cavabdeh sabit pul məbləğində hər ay xx.xx.2006-cı il təvəllüdlü X1 görə 170 manat xx.xx.2008-ci il təvəllüdlü X2 və müalicəsi üçün isə hər ay 170 manat olmaqla, əlavə xərclərə görə 100 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hüseynova (Səfərova) Aytəkin Vaqif qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-9990/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X6 ananın himayəsinə verilmiş və Cavabdeh uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh usta kimi fəaliyyət göstərir, evlərin təmir işləri ilə məşğul olur və kifayət qədər gəlirləri vardır. Uşaqların saxlanılması, müalicəsi və təhsili üçün xeyli xərc tələb olunur və qətnamə ilə müəyyən olunmuş 137 manat həmin xərcləri ödəmir. Uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü X4 revmatizim xəstəliyindən əziyyət çəkir, onun müalicəsi üçün onun imkanları məhduddur. Ödənilən aliment isə həmin uşağın müalicə etdirməyə imkan vermir. Alimentin vaxtında ödənilməməsi, uşaqların böyüməsi ilə bağlı onların müayinə və müalicə, təhsil və saxlanma xərclərinin artması, digər tərəfdən atanın uşaqlarla ünsiyyətdə olmaması uşaqlar və onun üçün ciddi çətinliklər yaradır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-9990/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Hüseynova (Səfərova) Aytəkin Vaqif qızı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və həmin tarixdə Suraxanı rayon VVADQ şöbəsi tərəfindən akt qeydləri kitabında 254 nömrə ilə qeydə alınmış nikah pozulmuş hesab edilsin, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 boşanmadan sonra iddiaçı Hüseynova (Səfərova) Aytəkin Vaqif qızının himayəsində saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Səfərova) Aytəkin Vaqif qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə doğulmuş, valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X3 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmalarına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə Hüseynova (Səfərova) Aytəkin Vaqif qızının birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 9990/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 137 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Səfərova) Aytəkin Vaqif qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşağın ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşağın saxlanmasına kifayət etmir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2020-ci il tarixdən uşaqlar üçün məbləğ 170 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 170 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 9990/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Hüseynova (Səfərova) Aytəkin Vaqif qızının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2008-ci il təvəllüdlü X4 müalicəsi üçün əlavə xərclərə görə 100 manat məbləğində alimentin tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, azyaşlının xəstəliyi, cavabdehin zəruri vəsaitə malik olması və gəlirləri barədə sübut təqdim olunmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 500 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 30 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-9990/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Hüseynova (Səfərova) Aytəkin Vaqif qızının xeyrinə tutulsun. Məhkəmə xərcləri – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar