Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-496/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5096,56 manat əsas borc və 379,16 manat faiz borcu olmaqla, cəmi 5.475,72 manat məbləğində borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya illik 24 % ödənilməsi şərti ilə 60 ay müddətinə 6.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxxxxx 2018-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən zamin Cavabdeh2 da borclu Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə görə Bank qarşısında zamin durmuşdur. Tərəflər arasında tərtib edilmiş Ödəniş cədvəlinə əsasən verilmiş kreditin borclu tərəfindən Banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Lakin, Cavabdeh1 hər ay ödəməli olduğu kredit məbləğlərini Banka ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi müvafiq qaydada yerinə yetirməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də, onun Banka 5096,56 manat əsas borc və 379,16 manat faiz borcu olmaqla - cəmi 5.475,72 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Cavabdeh Banka olan borcundan xəbərdar olmasına baxmayaraq, hər hansı bir ödəniş etməkdən yayınmış və əksinə, müxtəlif üsullarla Banka olan borcunu ödəməkdən yayınmağa çalışmışdır. Ona görə də, müqavilə üzrə ödənilməmiş 5096,56 manat məbləğində əsas borcun və 379,16 manat məbləğində faiz borcunun və eləcə də, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirkaçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli BPM**********26 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 60 ay müddətinə illik 24 % olmaqla 6.100 (altı min yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh1 Banka olan borcunun müvafiq qrafik üzrə müəyyən olunmuş vaxtlarda hər ay cəmi 181,60 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli BPM**********26 №-li Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 İddiaçı ASC-dən xx xxxxxxx 2018-ci il tarixli BPM**********26 №-li Kredit müqaviləsi ilə kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə müvafiq olaraq, Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxx 2018ci il tarixli Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5096,56 manat məbləğində əsas borc və 379,16 manat məbləğinə faiz borcu olmaqla, cəmi 5.475,72 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC ilə xx xxxxxxx 2018-ci il tarixli BPM**********26 №-li Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək, İddiaçı ASC-yə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən xx xxxxxxx 2018-ci il tarixli Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 da xx xxxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə zamin olaraq götürdüyü öhdəliyi pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5096,56 manat məbləğində əsas borc və 379,16 manat məbləğində faiz borcu olmaqla - cəmi 5.475,72 manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı Cavabdeh1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5096,56 (beş min doxsan altı manat 56 qəpik) manat məbləğində əsas borc, 379,16 (üç yüz yetmiş doqquz manat 16 qəpik) manat məbləğində faiz borcu və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla – cəmi 5.506,12 ( beş min beş yüz altı manat 12 qəpik) manat miqdarında pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-496/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-496/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver