Məhkəmə qərarları › İş №2(010)-5024/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5024/2023

11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5024/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(010)- 3105/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 23 avqust 2013-cü ildə anadan olmuş X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 manat alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 23 avqust 2013cü ildə anadan olmuş X1 üçün Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulub ona ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. O, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların 23 avqust 2013-cü ildə X3 adlı bir uşaqları anadan olmuşlar. Onlar arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və məhkəmənin 27 iyun 2014-cü il tarixli, 2(008)-5902/14 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 103 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə aliment məbləği atırılaraq 136 manat 60 qəpik, Suraxanı rayon məhkəməsinin 2(010)-3330/18 saylı qətnaməsi ilə aliment məbləği dəyişdirilərək 154 manat, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010) 3105/20 saylı qətnaməsinə əsasən 170 manat məbləğində artırılmışdır. Hazırda cəmi 170 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 1000 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə o, avto qəza keçirmiş, sağlamlığının demək olar ki, 50 faizini itirmişdir. Qolunda mil var, iynə, dərmanlar almaq məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunları uşaqlar üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Cavabdeh işləyir və yüksək məbləğdə maaş alır, aliment ödəmək üçün maddi imkanı vardır.

Tərəflərin izahatları

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

6. AZ-İ seriyalı, 279875 nömrəli, 15 fevral 2018-ci il tarixli “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikaha xitam verilmişdir və nikah ləğv olunduqdan sonra kişiyə Əliyarov, qadına Mahmudova soyadı verilmişdir.

7. Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(010)-3105/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3330/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 23 avqust 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Elektron Məhkəmə İnsformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində çalışır və aylıq əmək haqqısı 1088.84 manatdır.

İşin faktiki halları

9. Tərəflər arasında rəsmi nikahın olması, nikah münasibətlərindən bir uşaqlarının doğulması, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, eyni zamanda Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(010)-3105/2020 saylı qətnaməsi ilə 23 avqust 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair hallar işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır (dəyişdirilməlidir) və cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməlidir. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

15. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayanın mənafelərinə uyğun deyildir. Çünki, məhkəmə qətnaməsi ilə aliment təyin edildiyi vaxtdan – 2020-ci il tarixdən keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər inflyasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan X3 anası – iddiaçının himayəsindədir və xx.xx.2020-ci il tarixli qətnamə ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Digər tərəfdən, müəyyən edilmişdir ki, cavabdehin daimi gəlir məmbəyi vardır. Məhkəmə onu da qeyd edir ki, alimentlə bağlı tələblərə baxılan zaman məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimum yüksək saxlanılmasına xüsusi diqqət yetirməlidir. Təyin ediləcək alimentin məbləğinə gəldikdə isə, iddia tələbində iddiaçı övladı 23 avqust 2013-cü ildə anadan olmuş X1 üçün Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulub ona ödənilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində çalışır və aylıq əmək haqqısı 1088.84 manatdır. Bu baxımdan hazırki vəziyyətdə məhkəmə cavabdehin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, yetinlik yaşına çatmayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 23 avqust 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay cavabdeh Əlı̇ yarov İlham Arı̇ f oğlunun qazancının və (və ya) başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı Mahı̇ r qızına ödənilməlidir. Məhkəmə bu xüsusda mövqeyini onunla əsaslandırır ki, cavabdehin aylıq gəliri mövcuddur və belə olduğu təqdirdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment onun aylıq gəlirinin yuxarıda qeyd edilən hissəsinə yönəldilməlidir. Alimentni bu formada tutulması Ailə Məcəlləsinin istinad edilən normalarına uyğundur.

17. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Əlı̇ yarov İlham Arı̇ f oğlundan 23 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-3105/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək (artırılaraq) hər ay cavabdeh Əlı̇ yarov İlham Arı̇ f oğlunun qazancının və (və ya) başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı Mahı̇ r qızına ödənilsin. Artırılmış aliment miqdarı qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar