Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5078/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dırnaq ləvazimatlarına dəymiş minimum 500 manat məbləğin, bununla yanaşı xx.xx.2022-ci il tarixində hər gün minimum 30 manat məbləğində əldən çıxmış faydanın, ödədiyi dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o dırnaq ustası işləyir. xx.xx.2022-ci il tarixdə işini icra etmək üçün binada yaşayan müştərisinin yanına gedərkən mənzilin ünvanının dəqiqləşdirmək üçün dırnaq ləvazimatını yerə qoymuş və Cavabdeh 99GF416 dövlət nömrə nişanlı avtomobil ilə dırnaq ləvazimatlarını əzərək üzərindən keçmişdir. Zədələnmiş dırnaq ləvazimatına dəymiş ziyan 500 manat təşkil edir. O, dırnaq ləvazimatına dəymiş ziyanı cavabdehdən tələb etsə də, zərər ödənilməmişdir. Həmin tarixdən əşyalara zərər dəydiyinə görə o, işini icra edə bilmir. Buna görə də, əldən çıxmış faydaya görə hər gün üçün minimum 30 manat məbləğində pul vəsaiti və dırnaq ləvazimatlarına dəymiş minimum 500 manat məbləğin tutulmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində iştirak etmiş X2 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, cavabdeh onun qardaşıdır və o, iddia tələbində qeyd olunan əməli törətməmişdir, belə ki, hətta işi polis-sahə müvəkkili də araşdırmışdır və həmin hadisəni onun qardaşının törətdiyi sübuta yetirilməmişdir. Belə olan halda baş vermiş hadisədə qardaşı Cavabdeh özünü təqsirli hesab etmədiyindən iddiaçıya vurulmuş zərərlə əlaqədar iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırılması zamanı iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçının dırnaq ləvazimatlarına məhz Cavabdeh tərəfindən zərər vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, cavabdeh İddiaçı məhkəmə baxışı zamanı dırnaq ləvazimatlarını məhz Cavabdeh tərəfindən zərər vurulmasına dair sübutları (fotoşəkil, ləvazimatların siyahısı və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda Cavabdeh tərəfindən onun dırnaq ləvazimatlarına zərər vurulması heç bir sübutla təsdiq edilmədiyinə görə məhkəmə Cavabdeh qarşı maddi zərərin əvəzi və əldən çıxmış faydaya görə pul tutulması barədə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Ona görə də, hazırki iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-5078/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5078/2022
23.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver