Məhkəmə qərarları › İş №2(010)-5083/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5083/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5083/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Cavabdeh оğlundan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə ay uşağa görə hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan bir uşaq – xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3944/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağın onun yanında qalması qət edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 154 manat aliment tutulması müəyyən edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatını ödəmir, həddindən artıq azdır. Uşağın təhsili ilə bağlı, həmçinin samlamlığının qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun isə təkbaşına bütün maddi tələbatları ödəmək imkanı yoxdur. Alimentin məbləğinin artırılması uşağın normal yaşaması, sağlam böyüməsi və inkişafı üçün vacibdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun aylıq maaşı 270 manatdır. Həmçinin, onun başqa nikahdan bir qızı daha var. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 586401 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh oğlu, anası İddiaçı qızıdır. Doğulduğu yer Bakı şəhəridir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3944/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanilması üçün İddiaçı qızının xeyrinə hər ay 154 (yüz əlli dörd ) manat sabit pul məbləğində aliment tutulması qət etmişdir. Məhkəmə araşdması zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3944/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanilması üçün İddiaçı qızının xeyrinə hər ay 154 (yüz əli dörd) manat sabit pul məbləğində aliment tutulması qət etmişdir. Hazırda iddiaçı Suraxanı Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən uşağın saxlanılmasına görə 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb еdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsini xahiş etmişdir. Cavabdeh isə bu məbləğdə aliment ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Eyni zamanda, cavabdeh məhkəməyə arayış təqdim edərək aylıq əmək haqqının 270 manat olduğunu göstərmişdir. Lakin cavabdeh məhkəməyə iş yeri və aylıq əmək haqqı barədə arayış təqdim etsə də məhkəmə hesab edir ki, bu sənədlər cavabdehin sabit və müntəzəm aylıq qazancı olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinin surətini, yaxud müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən çıxarılmış və rəsmi əmək haqqının göstərildiyi əmək müqaviləsi bildirişinin surətini məhkəməyə təqdim etməmişdir. O, yalnız iş yeri və aylıq əmək haqqı barədə arayış təqdim etmişdir ki, bu arayışın hansı sənəd, əmək müqaviləsi, əmək haqqı cədvəli əsasında verilməsi qeyri-müəyyəndir. Odur ki, aliment sabit pul məbləğində tutulmalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir və bu məbləğ tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün də zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bununla belə məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbəti 170 manat müəyyən edildiyi halda iddiaçı cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmiş, lakin bu qədər yüksək məbləğdə aliment tutulmasının zəruriliyini əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3944/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanilması üçün tutulmuş hər ay 154 manat sabit pul məbləğində aliment dəyişdirilməli və Cavabdeh oğlundan hər ay 170 manat sabit pul məbləği miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Bundan başqa “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3944/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay 170 (yüz yetrmiş) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh oğlundan 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar