Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5099/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1913 manat borcun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə avto hissələrin alqı-satqısı ilə bağlı tanış olmuşdur. O, cavabdehə avtohissələr nisyə vermiş və bunlar onun dəftərçəsində qeyd olunmuşdur. Həmin borc məbləği 1913 manat təşkil edir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu vermədiyindən o, məcbur qalıb hətta polis orqanlarına müraciət etmişdir. Həmin ərizə Suraxanı rayon Polis İdarəsinin 31-ci PBdə araşdırılmışdır. Cavabdeh orada verdiyi izahatda ona cəmi 385 manat borcu olduğunu etiraf etmişdir. Qalan hissəsini isə etiraf etməmişdir. Halbuki hər ikisi cavabdehin ona 1913 manat borcu olduğunu bilirlər və buna şahid olan insanlar da var. Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin 09b-23097-3222 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən toplanmış materialda cinayət və inzibati məsuliyyətin təsir dairəsinə düşmədiyindən məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyək izahatında göstərdi ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır. Onun iddiaçıya ümumilikdə 840 manat borcu olmuşdur və həmin borcun bir hissəsini ona qaytarmış, hal-hazırda isə 385 manat borcu vardır. İddiaçı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində 1913 manat, 32-ci polis bölməsində 840 manat borcunun olduğunu demişdir. Onu hər iki polis bölməsinə dəvət edərək izahatını almışlar və hər iki bölmədə onun cəmi 385 manat borcu olduğunu qeyd etmişdir. İddiaçı ona əvvəllər bir neçə avtohissələr vermiş, lakin sonra onları yığıb aparmışdır. O hətta Teymur adlı şəxsə bildirmişdir ki, pulu geri almışdır. Bundan əlavə iddiaçı bir neçə dəfə onun işlədiyi yerə gələrək ona qarşı nəlayiq ifadələr də işlətmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin arayışından görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, ev 1Bdə yaşayan İddiaçı Əmir oğlu 09 fevral 2022-ci il tarixdə 31-ci polis bölməsinə ərizə ilə müraciət edərək təxminən 1 ilə yaxındır ki, İlham adlı şəxsin ona 1913 manat pul borclu olduğunu və geri qaytarmamağından narazı olduğunu bildirmişdir. İzahatı alınmış İddiaçı Əmir oğlu təxminən 1 ilə yaxındır ki, İlham adlı şəxsin ona 1913 manat pul borclu olduğunu və geri qaytarmamağından narazı olduğunu bildirmişdir. İzahatı alınmış Cavabdeh izahatında İddiaçı yazdıqlarının şər və böhtandan ibarət olduğunu, yalnız ona 385 manat pul borclu olduğunu, onun özünə təklif etsə də, onunla razılaşmadığını və mülki qaydada məhkəməyə verilməsini tələb etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 31 saylı və 32 saylı polis bölmələrinə Cavabdeh tərəfindən verilmiş izahatlardan müəyyən olunur ki, İddiaçı ona avtohissəslər vermiş və onun cəmi 385 manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırda iddiaçı Cavabdeh 1913 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə tərəflərin verdiyi izahatdan və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, İddiaçı satmaq üçün Cavabdeh avtohissələr vermiş və cavabdeh tərəf cəmi 385 manat borcu olmasını etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan avtohissələr götürərək satmaqla əldə etdiyi 385 manat pul vəsaitini qanunsuz olaraq qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddia tələbinin qalan hisəsinə dair mötəbər sübutlar təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 385 manat pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 385 (üç yüz səksən beş) manat pul vəsaiti və 40 (qırx) manat dövlət tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5099/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5099/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver