Məhkəmə qərarları › İş №2(010)-5121/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5121/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5121/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bank arasında bağlanmış 10.07.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8306.59 manat əsas borc, 1300.45 manat faiz borcu, 314.17 manat cərimə borcu olmaqla, cəmi 9921.21 manat borcun və ödənilmiş 30 (otuz) məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10.07.2020-cu il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 33 ay müddətinə, illik 22% olmaqla 8786.83 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Buna görə də, Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 8306.59 manat əsas borc, 1300.45 manat faiz borcu, 314.17 manat cərimə borcu olmaqla, cəmi 9921.21 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Belə ki, o, 10.07.2020-ci il tarixdə bankla müqavilə bağlayaraq kredit götürmüşdür. Lakin sonradan işdən çıxdığı üçün maddi problemləri yaranmış və Banka olan borcunu tam ödəyə bilməmişdir. Odur ki, borcun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş RK/04091/76/25 saylı 10.07.2020-ci il tarixli Kredit sazişinə əsasən bank Cavabdeh 33 ay müddətinə, illik 22% olmaqla 8786,83 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən 8306.59 manat əsas borc, 1300.45 manat faiz borcu, 314.17 manat cərimə borcu olmaqla, cəmi 9921.21 manat borcu vardır. İş materiallarında əlavə edilmiş əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişin məzmunundan görünür ki, Cavabdeh mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış RK/04091/76/25 saylı 10.07.2020-ci il tarixli kredit sazişinə əsasən bank Cavabdeh 33 ay müddətinə, illik 22% olmaqla 8786,83 manat məbləğində kredit vermişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının iddiasının 314,17 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış RK/04091/76/25 saylı 10.07.2020-ci il tarixli kredit Müqaviləsinə əsasən bank Cavabdeh illik 22 faiz hesablanması şərti ilə 33 ay müddətinə 8786,83 manat məbləğində kredit verilmişdir. Hazırda Cavabdeh 8306.59 manat əsas borc, 1300.45 manat faiz borcu, 314.17 manat cərimə borcu olmaqla, cəmi 9921.21 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən Cavabdeh 8306.59 manat əsas borc, 1300.45 manat faiz borcu, 30 manat cərimə, cəmi 9637.04 manat və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış RK/04091/76/25 saylı 10.07.2020-ci il tarixli Kredit sazişi ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh RK/04091/76/25 saylı 10.07.2020-ci il tarixli Kredit sazişinə əsasən 8306.59 manat əsas borc, 1300.45 manat faiz borcu, 30 manat cərimə, cəmi 9637.04 (doqquz min altı yüz otuz yeddi manat, dörd qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış RK/04091/76/25 saylı 10.07.2020-ci il tarixli Kredit sazişi ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar