Məhkəmə qərarları › İş №2(010)-5149/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5149/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5149/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yusubov Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Yusubov Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(010)-913/2019 saylı qətnaməsi ilə oğlu Rəsulun yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat məbləğində alimentin məbləğinin artırılaraq cavabdeh 29.06.2017-ci təvəllüdlü Yusubov Rəsul Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Yusubov Cavabdeh ilə 19.02.2016-cı ildə qanuni nikaha daxil olaraq ailə qurmuşdur. Birgə ailə münasibətlərindən 29.06.2017-ci təvəllüdlü Yusubov Rəsul Cavabdeh oğlu adlı bir uşaqları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən bir uşağın saxlanılması üçün 137 manat aliment, uşağın xəstəliyi ilə əlaqədar 100 manat məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, oğlu onun himayəsində saxlanılmış, alimentin miqdarı artırılaraq bir uşağın saxlanılması üçün cavabdehdən hər ay 160 manat alimentin tutulması qət edilmişdir. Uşaq doğulduğu vaxtdan xəstədir, hidrosefaliya diaqnozu qoyulmuşdur. Oğlunun başına su yığılmışdır. Oğlu “Avrasiya” klinikasında əməliyyat olunmuşdur, 4 ay nevroloji xəstəxanada yatmışdır. Oğlunun tez-tez sudurğa tutur, epilepsik əlamətləri var, halı tez-tez dəyişir. Hazırda “Yaşayış minimumu haqqında qanuna” əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci il yanvar ayının 1-dən 175 manat müəyyən olunmuşdur. Bir uşağın saxlanılması üçün 160 manat aliment az olduğundan, xəstə uşağın tələbatını ödəmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı X1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Yusubov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10621/2017 nömrəli 06.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 06.10.2017-ci il tarixdən başlayaraq, 29.06.2017-ci təvəllüdlü Yusubov Rəsul Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Yusubov Cavabdeh 137 manat və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(010)- 913/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan nikah pozulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(010)-10621/2017 saylı qətnaməsi ilə cavabdeh Yusubov Cavabdeh 29.06.2017-ci təvəllüdlü Yusubov Rəsul Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. İşdə olan “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Yusubov Rəsul Cavabdeh oğlu 29.06.2017-ci ildə doğulmuş, atası Yusubov Cavabdeh, anası İddiaçıdır. İşdə olan 30.08.2021-ci il tarixli MŞ SMİ-0033 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mübahisəni məhkəmədənkənar qaydada həll etmək üçün mediatora müraciət etmiş, lakin 30.08.2021-ci il tarixinə, saat 12:00-13:00 saatlarında keçirilməsi təyin edilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, ərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Göründüyü kimi, iddiaçı “Mediasiya haqqında” qanunun və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəməyə qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, alimentin miqdarının artırılması qanunda nəzərdə tutulmuş bir sıra hallarla şərtləndirilsə də, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişikliklərin (maddi vəziyyətinin yaxşılaşması) baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla belə, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2021-cu ildə bu məbləğ 175manata çatmışdır. Ona görə də, bir uşağın saxlanılması üçün 160 manat vəsait yetərli sayıla bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq İddiaçı tələbinə uyğun olaraq 175 manat həddində müəyyən edilməsini məqsədə və qanunamüvafiq hesab edir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, İddiaçı ailmentin artırılması tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin məhkəmə qeyd edir ki, alimentin artırılmasının əvvəli qanunun tələblərinə uyğun olaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(010)- 913/2019 saylı qətnaməsi ilə cavabdeh Yusubov Cavabdeh 29.06.2017-ci təvəllüdlü Yusubov Rəsul Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh Yusubov Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin artırılmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar