Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5183/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh (3-cü tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi, mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində Cavabdeh eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsinin təmin edilməsi. İddia tələbinə dair dəlillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyatı üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanuvericilərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayon üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş, 63 yaşayış binasının habelə bu onların ərazisində yaşayış binası üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikintilərin mənzilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki unvericiliyinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazimi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə ləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların rtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə normal təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə və digər sakinlərə mülkiyyətçi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçüdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü olaraq mənzillərinin sökülməsinə razılıq vermələri təklif olunmuşdur. Lakin cavabdehə verilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyət və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin, həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracağı nəzərlərinə çatdırılmışdır. Sakinlərin mütləq əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərinə müsbət münasibət bildirsə də, təklifləri ilə az sayda razılaşmayan sakinlərin olması səbəbi ilə tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən 5 saylı ev qəzalı vəziyyətdədir. Sakinlərə edilən güzəştə münasibətdə mənzilin 25% əlavə edilməklə cavabdehə yaşayış sahəsi 51.25 kvadrat metrdən az olmamaq şərti ilə tam təmirli və yeni mənzil verilməsi nəzərdə tutulmaqdadır. Həmçinin bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi də cavabdehə təklif olunmuşdur. "xxxx" Mənzil Tikinti Koorperativinin cavabdehin başqa yaşayış sahəsinə köçürmək istəməsində yeganə məqsədi ilk növbədə onun və həmin binada yaşayan digər sakinlərin sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsidir. "xxxx" MTK olaraq cavabdehə kifayət qədər güzəştlər təklif etsə də, cavabdeh heç bir hüquqi və faktiki əsası olmayan iddialar irəli sürür. Belə ki, daha təhlükəsiz, daha geniş yaşayış sahəsinə malik, rahat yeni mənzil cavabdehə iddiaçı tərəfindən təklif edilmişdir. Bu kateqoriyadan olan mübahisəli məsələlərin həlli Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin Müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Beləliklə, bu hal bəzi mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə edilərək sökülən mənzillərin əvəzində dəyəri orta bazar qiymətinə uyğun olmayan kompensasiya tələb etməsi ilə nəticələnir. Beləliklə, bu kimi tələblər tam əsassızdır, yalnızca ümumi iş prinsiplərini dayandırmaq məqsədi güdür. Təəssüflər olsun ki, cavabdeh digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olmaqdadır. "xxxx" MTK daim dövlət siyasətini dəstəkləməkdə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün hər zaman lazimi bütün tədbirləri görməkdə və vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün güzəştlər tətbiq etməkdə davam edir. Bundan əlavə olaraq, iddiaçı tərəfindən həyata keçirilən təqdirəlayiq “pilot layihələr” diqqətə alınmalıdır. Belə ki, iddiaçı tərəfindən tikilən kompleks və mənzillər 24/7 saat mühafizə olunur, idman meydançası, istirahət meydançası, uşaq bağçası, super market, yeraltı qaraj və sakinlərin rahatlığının təmin edilməsi üçün bütün digər lazimi tədbirləri görür. Bununla yanaşı, iddiaçı qəzalı vəziyyətdə olub sökülməli olan mənzillərdən yeni mənzillərə köçürülən sakinlərə hətta mənzil və otaqları sərbəst olaraq seçməklərinə tam şərait yaradır. İddiaçı mülkiyyətçilərin hüquqlarını daim müdafiə edərək, onlara əlverişli təkliflər irəli sürür, bununla da vətəndaş məmnuniyyətini daim öz planında saxlayır. İddiaçı hesab edilr ki, qəzalı vəziyyətdə olan və şəhərsalma normalarına cavab verməyən çoxmənzilli binaların sökülərək yenidən tikiləcək yaşayış binasında əvvəlki mənzil sahəsinin 25 faiz həcmində yeni mənzillə əvəzləşdirilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olmur, əksinə mülkiyyətçinin öz mənzilinə dair mülkiyyət hüququnun yeni inşa ediləcək mənzilə dair mülkiyyət hüququ ilə əvəzləşdirilməsi ilə cavabdehin vəziyyətini daha da yaxşılaşdırır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddiası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının istinad etdiyi yaşayış binasına keçirilən texniki baxış haqqında akt əsassızdır. Həmin aktın surəti cavabdehdə yoxdur və belə bir aktın olması çox absurddur. Suraxanı rayon İcra Hakimiyyətinin hansısa mülkiyyətçinin mənzili barədə fikir söyləməyə haqqı yoxdur. İddiaçının irəli sürdüyü şərtlərlə cavabdeh razılaşmır. 3-cü tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iclasa gəlməyən 3-cü tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5-də yerləşən 7 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1516 reyestr kitabının 158461 nömrəli vərəqində qeydiyyata alınmışdır. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il taixli 63 saylı “yaşayış binalarının tikintisinin layihələndirilməsi və ərazi planlaşdırılması sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "Etibarlı” MTK-nın daimi istifadəsinə verilməsi və tikintinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. ünvan 2 ünvanda yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, “Bakımənzilkommunallayihə" Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin sektor müdiri N.Qəniyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakınm Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y,Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasət şöbəsinin müdir müavini B.Rzayev, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini E.Yolçiyev, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24,02.2015-ci il tarixli xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması, tam qəzalı vəziyyətdə olan yaşayış evlərinin müəyyən edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bina 1955-ci ildə inşa olunmuşdur, 2 girişli, 2 mərtəbəlidir, mənzillərin sayı 8, sakinlərin sayı 25, ailələrin sayı 8-dir. Planda ölçüsü 26.2 x 12.6 m-dir. Binanın divarları but daşından olmaqla tikilmişdir. Divarların bəzi yerlərində suvaq qopmuş və iri ölçülü çatlar əmələ gəlmişdir. Dam örtüyü ağac elementlər üzrə asbest-sement vərəqlərdən örtülmüş, çardağın ağac elementləri bəzi yerlərdə çürüyüb yararsız vəziyyətə düşmüşdür. Binanın kommunal şəraiti yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin müəyyən edilmiş halları aşağıdakılardır: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5də yerləşən 7 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il taixli 63 saylı “yaşayış binalarının tikintisinin layihələndirilməsi və ərazi planlaşdırılması sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "Etibarlı” MTK-nın daimi istifadəsinə verilməsi və tikintinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində Cavabdeh eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 3 ünvanında yerləşən mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsini istəyir. Cavabdeh isə iddia tələbi ilə razı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Məhkəmə yuxarıda sadalanan normalara əsasən iş üzrə müəyyən edilən halları nəzərə alaraq belə hüquqi nəticəyə gəlir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Həmçinin bu hallar mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı kimi əsas prinsiplərin pozulması ilə nəticələnə bilər. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarından görünür ki, müəyyən ərazilərdəki tikililər qəzalı vəziyyətdə olduğu üçün mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərardan və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının tələblərindən də görünür ki, mübahisəli əmlakların sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin qərarda sakinlərin könüllü olaraq köçürülməsi, tikinti təhvil verilənədək onlara başqa sahədə yaşamaq üçün kompensasiyalar verilməsi, sökülən sahələrin əvəzi olaraq qarşılıqlı razılaşma ilə yeni tikiləcək binalarda güzəştli şərtlərlə sahələr verilməsi (mülkiyyətçilərin hüquqlarının qorunması) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Səbail Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələləri qərara alınmışdır: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi. Həmin qərarla “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Qeyd olunan qərarlara və sərəncama əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdehin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə vurğulayır ki, iddiaçı iddia tələbinin dəlili olaraq cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün mübahisəli evdə yaşayan digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına səbəb olmasını, bununla da mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasını göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evdə yerləşən 8 mənzil mülkiyyətçisindən əksəriyyəti ilə razılaşmasına, söküntü və tikinti işlərinin Cavabdeh daxil olmaqla az sayda sakinlə razılığa gələ bilməməsi səbəbindən uzanmasına dair hər hansı bir sübut iş materialları ilə aşkar edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh (3-cü tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi, mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5183/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5183/2022
03.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver