Məhkəmə qərarları › İş №2(103)-1641/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1641/2023

05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1641/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MTK-nın Cavabdeh (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” Publik hüquqi şəxs üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” Publik hüquqi şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi, mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5183/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən 5 saylı evin, 55,7 kv.m ümumi sahədən ibarət 7 saylı mənzili Cavabdeh adına xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

2. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il taixli 63 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "Etibarlı” MTK-nın daimi istifadəsinə verilmiş və tikintinin layihələndirilməsinə icazə verilmmişdir.

3. ünvan 1 ünvanında yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktı ilə qeyd olunan ünvanda yerləşən yaşayış evinin yukdaşıyan konstruksiyalarının dayanaqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində Cavabdeh eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına əsasən “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyətı üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanuvericilərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayon üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş, 63 yaşayış binasının habelə bu onların ərazisində yaşayış binası üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikintilərin mənzilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki unvericiliyinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazimi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə ləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların rtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə normal təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə və digər sakinlərə mülkiyyətçi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçüdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü olaraq mənzillərinin sökülməsinə razılıq vermələri təklif olunmuşdur. Lakin cavabdehə verilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyət və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin, həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracağı nəzərlərinə çatdırılmışdır. Sakinlərin mütləq əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərinə müsbət münasibət bildirsə də, təklifləri ilə az sayda razılaşmayan sakinlərin olması səbəbi ilə tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən 5 saylı ev qəzalı vəziyyətdədir. Sakinlərə edilən güzəştə münasibətdə mənzilin 25% əlavə edilməklə cavabdehə yaşayış sahəsi 51.25 kvadrat metrdən az olmamaq şərti ilə tam təmirli və yeni mənzil verilməsi nəzərdə tutulmaqdadır. Həmçinin bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi də cavabdehə təklif olunmuşdur. "xxxx" Mənzil Tikinti Koorperativinin cavabdehin başqa yaşayış sahəsinə köçürmək istəməsində yeganə məqsədi ilk növbədə onun və həmin binada yaşayan digər sakinlərin sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsidir. "xxxx" MTK olaraq cavabdehə kifayət qədər güzəştlər təklif etsə də, cavabdeh heç bir hüquqi və faktiki əsası olmayan iddialar irəli sürür. Belə ki, daha təhlükəsiz, daha geniş yaşayış sahəsinə malik, rahat yeni mənzil cavabdehə iddiaçı tərəfindən təklif edilmişdir. Bu kateqoriyadan olan mübahisəli məsələlərin həlli Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Beləliklə, bu hal bəzi mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə edilərək sökülən mənzillərin əvəzində dəyəri orta bazar qiymətinə uyğun olmayan kompensasiya tələb etməsi ilə nəticələnir. Beləliklə, bu kimi tələblər tam əsassızdır, yalnızca ümumi iş prinsiplərini dayandırmaq məqsədi güdür. Təəssüflər olsun ki, cavabdeh digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olmaqdadır. "xxxx" MTK daim dövlət siyasətini dəstəkləməkdə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün hər zaman lazimi bütün tədbirləri görməkdə və vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün güzəştlər tətbiq etməkdə davam edir. Bundan əlavə olaraq, iddiaçı tərəfindən həyata keçirilən təqdirəlayiq “pilot layihələr” diqqətə alınmalıdır. Belə ki, iddiaçı tərəfindən tikilən kompleks və mənzillər 24/7 saat mühafizə olunur, idman meydançası, istirahət meydançası, uşaq bağçası, super market, yeraltı qaraj və sakinlərin rahatlığının təmin edilməsi üçün bütün digər lazimi tədbirləri görür. Bununla yanaşı, iddiaçı qəzalı vəziyyətdə olub sökülməli olan mənzillərdən yeni mənzillərə köçürülən sakinlərə hətta mənzil və otaqları sərbəst olaraq seçməklərinə tam şərait yaradır. İddiaçı mülkiyyətçilərin hüquqlarını daim müdafiə edərək, onlara əlverişli təkliflər irəli sürür, bununla da vətəndaş məmnuniyyətini daim öz planında saxlayır. İddiaçı hesab edilr ki, qəzalı vəziyyətdə olan və şəhərsalma normalarına cavab verməyən çoxmənzilli binaların sökülərək yenidən tikiləcək yaşayış binasında əvvəlki mənzil sahəsinin 25 faiz həcmində yeni mənzillə əvəzləşdirilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olmur, əksinə mülkiyyətçinin öz mənzilinə dair mülkiyyət hüququnun yeni inşa ediləcək mənzilə dair mülkiyyət hüququ ilə əvəzləşdirilməsi ilə cavabdehin vəziyyətini daha da yaxşılaşdırır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5183/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyrimütənasib yük qoyub qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Həmçinin bu hallar mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı kimi əsas prinsiplərin pozulması ilə nəticələnə bilər.

Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5183/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci istansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki,mübahisəli mənzil cavabdehin mülkiyyətində olduğundan iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Suraxanı rayon İcrahakimiyyəti Başçısının xx.xx.2018-ci il taixli 63 saylı “yaşayış binalarının tikintisinin layihələndirilməsi və ərazi planlaşdırılması sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyevküçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "Etibarlı” MTK-nın daimi istifadəsinə verilməsi və tikintinin layihələndirilməsinəicazə verilməsi qərara alınmışdır. Bundan başqa AzərbaycanRespublikası Nazirlər Kabinetinin 17 dekabr 2019- cu il tarixli, 482 nömrəli qərarına əsasən məhz torpaq sahələrinin mülkiyyətçiləri ilə razılıq əldə edilməsi nəzərdə tutulmuşdur. Yəni bu qərarda mənzil mülkiyyətçilərindən bəhs edilmir. Tərəflər öz aralarında razılığa gələ bilmədikləri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəni məhkəmədə həll etməyə çalışmışlar. Məhkəmə hesab etmişdir ki, tikililər qəzalı vəziyyətdə olduğu üçün mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl edilməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə həyata keçirilir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli qərarının 4-cü bəndinə əsasən, Bakı şəhərinin Suraxanı və digər Rayon İcra Hakimiyyətlərinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarın 4.1 və 4.2-ci bəndlərində göstərilənlərdən başqa digər müddəalar həmin tarixdən sonrakı münasibətlərə şamil edilmişdir. Yəni o torpaq sahələrinin mülkiyyətçiləri ilə razılığın əldə edilməsi və sair məsələlər 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı və layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş MTK-lara aid edilməmişdir. Odur ki, həmin məsələnin mövcud haldabizim işə tətbiq edilməsi qəbul edilməzdir. Qanunvericiliyin yuxarıda qeyd edilən norması məhkəmənin mübahisəli qətnaməsində də öz əksini tapmışdır. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsində yerləşən 5 saylı bina istismara yararsız və qəzalı vəziyyətdə olduğundan və həmin binadan, eləcə də ətraf binalardan digər sakinlər köçürüldüyündən iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilməz. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin də əsas məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından ibarətdir. Binanın istismara yararsız və qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır, buna görə də binanın sakinlər tərəfindən, o cümlədən cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılması zəruridir. Göründüyü kimi qətnamənin əsaslandırıcı hissəsində iddianı rədd etmək üçün tutarlı sübutlar öz əksini tapmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. 13.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5183/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı sakinlərlə razılıq əldə olunmasını bildirsə də, dedikləri həqiqəti əks etdirmir. Apellyasiya şikayəti tam əsassız və qanunsuzdur. Belə ki, istinad olnumuş normalar belə təhrif olunmuş şəkildədir. Bina yararsız, qəzalı vəziyyətdə olsa da bu məsələnin həlli MTK-yə aidiyyəti yoxdur. Sakinlər özləri kooperativ yaradıb yeidən iki mərtəbəli bina tikə bilərlər. İddia tələbi, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi və s. bütövlükdə qanunvericliyiə ziddir. Vətəndaş öz mənzilindən çıxması üçün məcbur ediə bilməz. İddiaçı tərəf Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli əsassız sərəncamına əsaslanır, qeyd edir ki, əsasnaməyə əsasən rayon icra hakimiyyəti orqanlarnın ümumiyyətlə torpaqla, tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Yəni, sərəncam özü-özlüyündə qanunsuzdur. Onu da qeyd edir ki, MTK cavabdehlə heç bir danışıq aparmamış, birbaşa məhkəməyə müraciət edərək cavabdehin mülkiyyət hüququndan məhrum olunmasını xahiş etmişdir. Məhkəmə hər hansı zorakılıq təşkilatı deyil, ədalətin qorunduğu və təmin edildiyi yerdir. İddiaçı sakinlərin razı olduğunu təsdiq edən arayış məhkəməyə təqdim etsə də, həmin arayışdan görünür ki, orada göstərilən ünvan cavabdehin yaşadığı ünvan deyildir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” Publik hüquqi şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

19. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

22. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir

24. 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı

25. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AzərbaycanRespublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

26. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun da hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmamasına fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

29. İddia ərizəsindən göründüyü kimi iddiaçı "xxxx" MTK ünvan 2 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində Cavabdeh eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq olan tam təmirli mənzilin verilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işin halların 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən edilmiş aşağıdakı 3 şərtə cavab verib-vermədiyi yoxlanılmalıdır: müdaxilənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsi, “ictimai maraqlara” cavab verməli olması və mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunmasıdır.

31. Belə ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il taixli 63 saylı sərəncamı çıxarılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır.

33. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il taixli 63 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "Etibarlı” MTK-nın daimi istifadəsinə verilmiş və tikintinin layihələndirilməsinə icazə verilmişdir.

34. Nazirlər Kabinetinin qərarlarından və Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il taixli 63 saylı Sərəncamından göründüyü kimi qərarın ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinləri istismara yararsız vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Beləliklə müdaxilə üçün qanuni əsas kimi göstərilən bu aktlarda müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd qismində bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur.

35. Qeyd olunan aktlarda həmçinin mübahisəli əmlakın sökülməsinə və sakinlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilər və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilməsi nəzərdə tutulmuşdur.

36. Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, iş materiallarında hazıki binanın qanunla müəyyən olunmuş qaydada qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. İddiaçı bununla bağlı xx.xx.2016-cı il tarixli akta istinad etsə də, işdə olan bu akt cavabdehin yaşadığı küçədə yerləşən binanın deyil, ünvan 1 ünvanında yerləşən yaşayış evinin yukdaşıyan konstruksiyalarının dayanaqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyini təsdiq edir.

37. Bundan başqa məhkəmə baxışı zamanı "xxxx" MTK tərəfindən təqdim edilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan bir neçə sakinlə kompensasiya müqaviləsi bağlanılmışdır. Lakin arayışda göstərilən ünvanın cavabdehin yaşadığı ünvana aidiyyəti yoxdur.

38. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.

39. Ən nəhayət mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması ilə bağlı şərtin yoxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olması, xitam verilməsi tələb olunan mülkiyyət hüququna ədalətli kompensasiya olaraq məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq normal yaşayaşını təmin etmək üçün müvafiq kirayə haqlarının ödənilməsi, bir sözlə mülkiyyətçi ilə hər iki tərəfi qane edən şərtlərlə razılığa gəlməsi əsasları nəzərə alınmalıdır.

40. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlə bu cür razılıq əldə etməmişdir. Cavabdehin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.

41. Belə ki, iddiaçının söküləcək əmlaka görə kompensasiya olaraq etdiyi təklifin mütənasiblik prinsipi baxımından cavabdehin qanuni “gözləntilərinə” (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) uyğun olmalıdır.

42. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

43. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5183/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün "xxxx" MTK tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar