Məhkəmə qərarları › İş №2(103)-1642/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1642/2023

20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1642/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququna xitam verilməsi, mənzilin qəzalı hesab olunması, mülkiyyət hüququnun müdafiəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv olunması, mənzilin özgəninkiləşdirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, 20 aprel 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Suraxanı rayon İHB-nın xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.

3. Suraxanı rayon İHB-nın xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamında MTK-na tapşırılmışdır ki, ərazidə yerləşən istismara yararsız tikililərin təhlükəsizlik qaydalarına əməl edilməklə sökülməsini, tullantıların daşınmasını, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilinədək köçürülən sakinlərlə fərdi qaydada bağlanılmış müqaviləyə və qanunvericiliyə uyğun olaraq onların müvəqqəti yaşayış sahəsi və ya kompensasiya ilə təmin edilməsini və söküləcək mənzilin hər birinin ümumi sahəsindən ən azı 15% artıq olmaq şərtilə həmin sakinlərə təmirli yeni mənzillərin verilməsini həll etsin.

4. ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarış əsasında Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

5. Cavabdeh "xxxx" MTK-ya ünvanladığı ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi ev 5-də yerləşən 3 saylı mənzilin sökülməsinə 2 ədəd - biri 3 otaqlı və biri 1 otaqlı mənzilin və ya 180 000 manatın verilməsi qarşılığında razılıq verir.

6. Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir şöbəsinin müdiri F.Əliyev, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin sektor müdiri N.Qəniyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasət şöbəsinin müdir müavini B.Rzayev, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini E.Yolçiyev, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov tərəfindən tərtib olunmuş “ünvan 3 ünvanda yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında” xx.xx.2016-cı il tarixli aktda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması, tam qəzalı vəziyyətdə olan yaşayış evlərinin müəyyən edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bina 1955-ci ildə inşa olunmuşdur, 2 girişli, 2 mərtəbəlidir, mənzillərin sayı 8, sakinlərin sayı 25, ailələrin sayı 8-dir. Planda ölçüsü 26.2 x 12.6 m-dir. Binanın divarları but daşından olmaqla tikilmişdir. Divarların bəzi yerlərində suvaq qopmuş və iri ölçülü çatlar əmələ gəlmişdir. Dam örtüyü ağac elementlər üzrə asbest-sement vərəqlərdən örtülmüş, çardağın ağac elementləri bəzi yerlərdə çürüyüb yararsız vəziyyətə düşmüşdür. Binanın kommunal şəraiti yoxdur. Yaşayış evinin yükdaşıyan konstruksiyalarının dayanıqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı:

7. "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin sökülməsinin əvəzində cavabdehə eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətindəki mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik tam təmirli mənzilin və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqının verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin MTK-ya təhvil verilərək xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək mülkiyyət çıxarışının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyatı üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericilərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş, 63 yaşayış binasının, habelə onların ərazisində yaşayış binası üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikintilərin mənzillərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların rəhbərliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə normal təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutulmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. MTK tərəfindən cavabdehə və digər sakinlərə mülkiyyətçi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli, əvvəlki mənzillərinin sahələrindən artıq ölçüdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü olaraq mənzillərinin sökülməsinə razılıq vermələri təklif olunmuşdur. Lakin cavabdehə verilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyət və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərlə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasıdır. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracağı nəzərlərinə çatdırılmışdır. Sakinlərin mütləq əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərinə müsbət münasibət bildirsə də, təklifləri ilə az sayda razılaşmayan sakinlərin olması səbəbi ilə məhkəməyə müraciət olunması barədə qərar qəbul edilmişdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsində yerləşən 5 saylı ev qəzalı vəziyyətdədir. Sakinlərə edilən güzəştə münasibətdə mənzilin 25% əlavə edilməklə cavabdehə yaşayış sahəsi 51.25 kvadrat metrdən az olmamaq şərti ilə tam təmirli və yeni mənzil verilməsi nəzərdə tutulmaqdadır. Həmçinin bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi də cavabdehə təklif olunmuşdur. Lakin cavabdeh əsassız gəlir etmək niyyəti ilə istismara yararsız halda olan mənzil qarşılığında 180 000 manat məbləğində pul və ya iki mənzil tələb etmişdir. Bu kimi tələblər tam əsassızdır, yalnızca ümumi iş prinsiplərini dayandırmaq məqsədi güdür. MTK-nın cavabdehi başqa yaşayış sahəsinə köçürmək istəməsində yeganə məqsədi ilk növbədə onun və həmin binada yaşayan digər sakinlərin sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsidir. MTK olaraq cavabdehə kifayət qədər güzəştlər təklif etsələr də, cavabdeh heç bir hüquqi və faktiki əsası olmayan iddialar irəli sürür. Bu kateqoriyadan olan mübahisəli məsələlərin həlli Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin Müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Beləliklə, bu hal bəzi mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə edərək sökülən mənzillərin əvəzində dəyəri orta bazar qiymətinə uyğun olmayan kompensasiya tələb etməsi ilə nəticələnir. Hazırda da cavabdeh orta bazar qiyməti ilə qətiyyən uyğun gəlməyən pul tələbi və ya cəmi 41.0 kv.m yaşayış sahəsi olan mənzil əvəzində iki mənzil tələb edir. Cavabdeh digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olmaqdadır. MTK daim dövlət siyasətini dəstəkləməkdə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün hər zaman lazımi bütün tədbirləri görməkdə və vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün güzəştlər tətbiq etməkdə davam edir. Bundan əlavə olaraq, MTK tərəfindən həyata keçirilən təqdirəlayiq “pilot layihələr” diqqətə alınmalıdır. Belə ki, MTK tərəfindən tikilən kompleks və mənzillər 24/7 saat mühafizə olunur, idman meydançası, istirahət meydançası, uşaq bağçası, supermarket, yeraltı qaraj və sakinlərin rahatlığının təmin edilməsi üçün bütün digər lazımi tədbirləri görür. Bununla yanaşı, MTK qəzalı vəziyyətdə olub sökülməli olan mənzillərdən yeni mənzillərə köçürülən sakinlərə hətta mənzil və otaqları sərbəst olaraq seçmələrinə tam şərait yaradır. Bütün bunlarla MTK mülkiyyətçilərin hüquqlarını daim müdafiə edərək, onlara əlverişli təkliflər irəli sürür, bununla da vətəndaş məmnuniyyətini daim öz planında saxlayır. Qəzalı vəziyyətdə olan və şəhərsalma normalarına cavab verməyən çoxmənzilli binaların sökülərək yenidən tikiləcək yaşayış binasında əvvəlki mənzil sahəsinin 25 faiz həcmində yeni mənzillə əvəzləşdirilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olmur, əksinə mülkiyyətçinin öz mənzilinə dair mülkiyyət hüququnun yeni inşa ediləcək mənzilə dair mülkiyyət hüququ ilə əvəzləşdirilməsi ilə cavabdehin vəziyyətini daha da yaxşılaşdırır.

9. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ona məxsus mənzil 5 otaqlıdır. İddiaçı tərəfindən mübahisə ilə bağlı danışıq üçün ona heç kim müraciət etməmişdir. Binanın digər sakinləri də iddiaçının şərtləri ilə razı deyillər, iddiaçı onun yaşadığı binada heç kimlə razılığa gələ bilməyib.

10. Birinci instansiya məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 16-cı, 152-ci, 157-ci, 560-cı maddələrinə, habelə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 11.1. Mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Həmçinin bu hallar mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı kimi əsas prinsiplərin pozulması ilə nəticələnə bilər. 11.2. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarından görünür ki, müəyyən ərazilərdəki tikililər qəzalı vəziyyətdə olduğu üçün mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərardan və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının tələblərindən də görünür ki, mübahisəli əmlakların sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin qərarda sakinlərin könüllü olaraq köçürülməsi, tikinti təhvil verilənədək onlara başqa sahədə yaşamaq üçün kompensasiyalar verilməsi, sökülən sahələrin əvəzi olaraq qarşılıqlı razılaşma ilə yeni tikiləcək binalarda güzəştli şərtlərlə sahələr verilməsi (mülkiyyətçilərin hüquqlarının qorunması) nəzərdə tutulmuşdur. 11.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Səbail Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələləri qərara alınmışdır: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi. Həmin qərarla "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, "Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. 11.4. Qeyd olunan qərarlara və sərəncama əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdehin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. 11.5. İddiaçı iddia tələbinin dəlili olaraq cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün mübahisəli evdə yaşayan digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına səbəb olmasını, bununla da mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasını göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evdə yerləşən 8 mənzil mülkiyyətçisindən əksəriyyəti ilə razılaşmasına, söküntü və tikinti işlərinin Cavabdeh daxil olmaqla az sayda sakinlə razılığa gələ bilməməsi səbəbindən uzanmasına dair hər hansı bir sübut iş materialları ilə aşkar edilmir.

12. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etdiyini, cavabdehin yaşadığı binanın qəzalı vəziyyətdə olan istismara yararsız bina olduğunu nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

14. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı MTK-nın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin 86 saylı Sərəncamı təmsil etdiyi MTK-ya münasibətdə qüvvədən düşməmiş, məhkəmə isə əsassız olaraq həmin sərəncamın artıq qüvvədə olmadığına əsaslanmaqla fərdlərin şəxsi maraqlarından çıxış edən qətnamə qəbul etmişdir. Halbuki, hazırkı işdə yalnız fərdin maraqları deyil, həm də dövlətin maraqları vardır. MTK pilot layihəni həyata keçirir, fotoşəkillərdən də görünür ki, cavabdehin yaşadığı bina qəzalı vəziyyətdir və hər an uçma təhlükəsi var. Digər sakinlərlə razılıq əldə olunmasına baxmayaraq, cavabdeh absurd tələblər irəli sürüb MTK-nın qanuni fəaliyyətinə maneə yaratmağa çalışır.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

18. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

19. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

21. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

22. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

23. Maddə 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər.

24. Maddə 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.

25. Maddə 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. İddia tələbləri mülkiyyət hüququna müdaxilə və bu müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.

35. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (§ 19) üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).

36. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

37. Yuxarıda qeyd olunduğu kimi, cavabdehə məxsus əmlakın yerləşdiyi ərazidəki istismar müddəti keçmiş tikililərinin sökülərək yerində hündürmərtəbəli binanın tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur.

38. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsizdir və əslində cavabdeh də mülkiyyətinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq təklif olunan kompensasiya (əvəz) ilə razılaşmadığını bildirmişdir.

39. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: iddiaçının mülkiyyət hüququna müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.

40. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının əmlakının sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna edilməsi planlaşdırılan müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakının əvəzində ona təklif edilən kompensasiya (əvəz) ədalətli tarazlığa uyğun olmamışdır.

41. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mülkiyyətindəki əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olduğu qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilməmişdir (§ 22).

42. Digər tərəfdən, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

43. Konvensiya (Avropa Konvensiyası) tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).

44. Kollegiya hesab edir ki, hazırki işdə mülkiyyətçiyə (cavabdehə) təklif olunan (cavabdeh MMC-nin razılaşdığı) kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəyərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur və birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi düzgün olmuşdur.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5182/2022 saylı iş üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği "xxxx" MTK-ya aid olunsun. Qətnamədən "xxxx" MTK tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar