Məhkəmə qərarları › İş №2(010)-52/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-52/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-52/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli 16112018/291927/1 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsinə və Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927 nömrəli zaminlik müqavilələrinə əsasən cavabdehlərdən müştərək qaydada 31757.21 manat əsas borc, 9688.58 manat faiz borcu, 232.21 manat cərimə, cəmi 41678 manat məbləğində pul vəsaitinin tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsinə və Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış 16.11.2018-ci il tarixli 16112018/291927 nömrəli zaminlik müqavilələrinə əsasən cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində əsas borc, 2980.83 manat məbləğində faiz borcu, 147.34 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 13128.17 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh3 paylı (1/3 hissə Cavabdeh3, 1/3 hissə Cavabdeh2, 1/3 hissə Cavabdeh1) mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86 m2, yaşayış sahəsi 59.21 m2, yardımçı sahəsi 26.79 m2, yaşayış otaqlarının sayı 4 olan, daşınmaz əmlakın dövlət reyestrində 686 nömrəli reyestr kitabının 64657 nömrəli vərəqində qeydiyyata alınmış 32 nömrəli mənzilin açıq hərracdan satılmasına və satışdan əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə ödənilməsinə, ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsinə və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsinə, mənzilin tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra X5, Cavabdeh3, Cavabdeh2 və azyaşlı X2 mənzildən məcburi qaydada çıxarılmasına, mənzilin boşaldılmasına və LPO İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Bakıxanov” filialı ilə Cavabdeh1 arasında 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsi bağlanaraq, borcalana 36 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “Bakıxanov” filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında 16.11.2018-ci il tarixli, 16112018/291927 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zaminlər iddiaçı qarşısında cavabdehin 16.11.2018-ci il tarixli, 16112018/291927/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürürlər. İddiaçı ASC-nin “Bakıxanov” filialı ilə Cavabdeh1 arasında 16.11.2018-ci il tarixli, 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsi bağlanaraq, borcalana 18 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC “Bakıxanov” filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında 16.11.2018-ci il tarixli, 16112018/291927 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zaminlər iddiaçı qarşısında cavabdehin 16.11.2018-ci il tarixli, 16112018/291927/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürürlər. 16.11.2018-ci il tarixli, 16112018/291927/1 saylı kredit müqaviləsinin və 16.11.2018-ci il tarixli, 16112018/291927/2 saylı kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ilə 16.11.2018-ci il tarixli, 16112018/291927 nömrəli ipoteka müqaviləsi bağlanaraq, paylı mülkiyyət hüququ üzrə 1/3 hissə Cavabdeh3, 1/3 hissə Cavabdeh2, 1/3 hissə Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 86m2, yaşayış sahəsi 59.21 m2, yardımçı sahəsi 26.79 m2, yaşayış otaqların sayı 4 olan, daşınmaz əmlakın dövlət reyestrində 686 nömrəli reyestr kitabının 64657 nömrəli vərəqində qeydiyyata alınmış 32 nömrəli mənzil bankda ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti qarşılıqlı razılığa əsasən 75000 manat qiymətləndirilmişdir. Həmin mənzildə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və azyaşlı X8 qeydiyyatdadırlar. Kredit müqavilələrinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 16.11.2018-ci il tarixli, 16112018/291927/1 saylı kredit müqaviləsi üzrə hazırda cavabdehin banka 31757.21 manat məbləğində əsas borc, 9688.58 manat faiz borcu, 232.21 manat cərimə, cəmi 41678 manat məbləğində borcu vardır. 16.11.2018-ci il tarixli, 16112018/291927/2 saylı kredit xətti müqaviləsi üzrə hazırda cavabdehin banka 10000 manat əsas borc, 2980.83 manat faiz borcu, 147.34 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, cəmi isə 13128.17 manat məbləğində borcu vardır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, Bankdan kredit götürmüş, lakin biznes fəaliyyətində müəyyən problemlər yarandığından krediti vaxtında qaytara bilməmişdir. Bununla belə o, Banka 5100 manat məbləğində ödəniş etmiş, mənzilin hərracdan satışa çıxarılmaması üçün qalan krediti hissə-hissə ödəyəcəyini bildirmişdir. O, Banka olan borcunu ödəməyə etiraz etmir. Lakin bu borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmçinin, iddia tələbində ipoteka predmetinin qiyməti kimi göstərilmiş məbləğlə də razı deyil. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materialları. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Borcalana illik 21%-lə, 36 ay müddətinə 40000 manat məbləğində kredit verir. Müqaviləyə görə Bank Borcalana müqavilədə müəyyənləşdirilmiş şərtlərlə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, Borcalan isə üzərinə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri Banka ödəməyə dair pul öhdəliyi götürür. İddiaçı ASC, Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927 nömrəli zaminlik müqavilələrindən görünür ki, Zaminlər Bank qarşısında Borcalanın 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürürlər. Zaminlər Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Kredit alana istehlak məqsədilə illik 21%-lə 18 ay müddətinə 10000 manat məbləğində bərpa olunan kredit xətti açır. Müqaviləyə əsasən Bank Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməyi, Borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyə, habelə kreditin və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyi götürür. İddiaçı ASC, Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927 zaminlik müqavilələrindən görünür ki, X3rşısında 16.11.2018-ci il tarixli 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürürlər. Zaminlər Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İpoteka qoyanlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və İpoteka saxlayan İddiaçı ASC arasında bağlanmış 16.11.2018-ci il tarixli, İM 16112018/291927 nömrəli ipoteka müqaviləsindən görünür ki, bu müqavilə üzrə ipoteka ilə yüklü edilmiş tələblər İpoteka saxlayanla İpoteka qoyan arasında 16.11.2018-ci il tarixdə Bakı şəhərində bağlanmış 16112018/291927/1 nömrəli kredit müqaviləsindən, 16.11.2018-ci il tarixdə Bakı şəhərində bağlanmış 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsindən, ona edilmiş əlavələrdən mövcud, həm də İpoteka saxlayanla borcalan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn İpoteka saxlayanın Borcalana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. İpotekanın predmeti və qiyməti: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86 m2, yaşayış sahəsi 59.21 m2, yardımçı sahəsi 26.79 m2, yaşayış otaqlarının sayı 4 olan mənzildir. İpoteka predmeti 75000 manat məbləğində qiymətləndirilmişdir. 14.09.2020-ci il tarixli, **********007 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsi üzrə 02.09.2020-ci il tarixinə yaranmış tələb: 31757.21 manat müqavilə üzrə əsas borc, 9688.58 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 232.21 manat müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, 41678 manat müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. 14.09.2020-ci il tarixli, **********006 nömrəli arayışdan görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/2 nömrəli kredit müqaviləsi üzrə 02.09.2020-ci il tarixinə yaranmış tələb: 10000 manat müqavilə üzrə əsas borc, 2980.83 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, Azərbaycan Respubikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi ilə hesablanan 147.34 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz və 13128.17 manat müqavilənin tələbləri əsasında yaranmış ümumi borc. "xxxx" MMC tərəfindən verilmiş 31.03.2021-ci il tarixli “mənzilin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86 m2, yaşayış sahəsi 59.21 m2, yardımçı sahəsi 26.79 m2, yaşayış otaqlarının sayı 4 olan mənzilin bazar dəyəri 90000 manat, likvid dəyəri 76500 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 01.03.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh3 və digərlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 2 saylı evin 32 saylı mənzilinin müqayisəli satışlar metodundan istifadə etməklə 01 mart 2022-ci ilə hazırkı bazar və likvid dəyəri: bazar dəyəri 97000 manat, likvid dəyəri 82400 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli, 9/6539 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16.11.2018-ci il tarixli, 16112018/291927/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 02.09.2020-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 41445,86 manat məbləğində və 16.11.2021-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 45085,74 manat məbləğində müəyyən edilir, o cümlədən 02.09.2020-ci il tarixə: əsas borc üzrə 31757,25 manat, faiz borcu üzrə 9688,61 manat. 16.11.2021-ci il tarixə əsas borc üzrə 31757,25 manat, faiz borcu üzrə 13328,49. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16.11.2018-ci il tarixli 16112018/291927/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 16.05.2020-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 12362,50 manat məbləğində və 02.09.2020-ci il tarixədək (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 12509,72 manat məbləğində müəyyən edilir, o cümlədən: 16.05.2020-ci il tarixə əsas borc üzrə 10000 manat, faiz borcu üzrə 2362,50 manat (illik 21 %-lə). 02.09.2020-ci il tarixə əsas borc üzrə 10000 manat, faiz borcu üzrə 2362,50 manat (illik 21 %-lə), faiz borcu üzrə 147,22 (illik 5 %-lə). İşin faktiki halları. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh1 arasında 16.11.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 21%-lə 40000 manat məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında 16.11.2018-ci il tarixli kredit xətti müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, Bank tərəfindən Borcalana 18 ay müddətinə, illik 21%-lə 10000 manat məbləğində bərpa olunan kredit xətti açılmış, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Hər iki müqavilə üzrə öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 16.11.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmış, bu müqavilələrə əsasən Zaminlər öz üzərlərinə kredit müqavilələri üzrə öhdəliklərin icrası üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət götürmüşlər. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış ipoteka müqaviləsinə əsasən, tərəflərin paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil yuxarıda qeyd edilmiş kredit müqavilələri üzrə öhdəliklərin icrasını təminat altına almaq məqsədilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Borcalan Cavabdeh1 hər iki müqavilə üzrə öhdəliklərinə əməl etməyərək, iddiaçı Bank ilə aralarında bağlanmış kredit və kredit xətti müqavilələrinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh1 qeyd olunan müqavilələr üzrə iddiaçı Banka borcu yaranmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi. 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə 8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması. 8.2. Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi. İlk növbədə qeyd edilməlidir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, həm kredit, həm də kredit xətti müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliklərini lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka borcu yaranmışdır ki, iddiaçı Bank da haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zaminlər də kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə iddiaçı Bank tərəfindən cavabdehlərdən tələb edilən borcun məbləği ilə qismən razılaşmır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehdən: a) 16.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə 02.09.2020-ci il tarixə olan (maliyyə arayışının verildiyi tarix) borc kimi 31757.21 manat əsas borc, 9688.58 manat faiz borcu, 232.21 manat cərimə olmaqla, ümumilikdə 41678 manat məbləğində pul tələb edir. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyindən görünür ki, həmin kredit müqaviləsi üzrə 02.09.2020-ci il tarixə olan borc əsas borc üzrə 31757.25 manat, faiz borcu üzrə 9688.61 manatdır. Göründüyü kimi, iddiaçı Bank tərəfindən müvafiq kredit müqaviləsi üzrə tələb edilən borcla mühasibat ekspert tərəfindən hesablanmış borc xırda fərqlə demək olar ki, üst-üstə düşür. Məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq ekspert rəyi iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla bu sahədə xüsusi biliyə malik mühasib-ekspert tərəfindən tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri hissəsində müvafiq kredit müqaviləsi üzrə borclu tərəfindən edilmiş bütün kredit ödənişləri, bu ödənişlərin hansı hissəsinin əsas, hansı hissəsinin faiz borcuna çıxıldığı və yekunda nə qədər qalıq əsas və faiz borcu qaldığı cədvəl şəklində təsvir edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Hər bir halda nəzərə alınmalıdır ki, ekspert rəyində hesablanmış əsas və faiz borcu iddia tələbindən bir qədər artıq olduğundan və məhkəmə qanunda göstərilən müstəsna hallardan başqa iddia tələbindən kənara çıxmağa haqlı olmadığından iddia tələbində göstərilmiş müvafiq məbləğlər əsas götürülməli, 16.11.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 31757.21 manat məbləğində əsas borc, 9688.58 manat məbləğində faiz borcu tutulmalıdır. Lakin tələb edilən 232.21 manat məbləğində cərimə ilə bağlı məhkəmə qeyd edir ki, həmin məbləğ tənasübsüz surətdə yüksəkdir və işin hallarına uyğun deyil. Belə olan halda məhkəmə, müvafiq kredit müqaviləsi üzrə cərimə məbləğinin 100 manat olaraq müəyyən edilməsini işin hallarına və tərəflərin əmlak mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 16.11.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 31757.21 manat məbləğində əsas borc, 9688.58 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 41545.79 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. b) 16.11.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 02.09.2020-ci il tarixə olan borc kimi 10000 manat məbləğində əsas borc, 2980.83 manat məbləğində faiz borcu, 147.34 manat gecikmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 13128.17 manat məbləğində pul tələb edilir. Lakin məhkəmə bu müqavilə üzrə tələb edilən borc məbləği ilə də qismən razılaşmır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyindən görünür ki, həmin kredit xətti müqaviləsi üzrə 02.09.2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarix) olan əsas borc 10000 manat, faiz borcu 2362.5 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz borcu isə 147.22 manat məbləğində hesablanmışdır. Borclu tərəfindən bu müqavilə üzrə heç bir ödəniş edilmədiyindən müqavilə üzrə əsas borc məbləği həm iddia tələbində, həm də ekspert rəyində eynidir. Lakin faiz borcuna münasibətdə ekspert rəyində müəyyən edilmiş məbləğ iddia tələbindən əhəmiyyətli dərəcədə azdır. Belə ki, iddia tələbində kredit xətti müqaviləsi üzrə cavabdehlərdən 2980.83 manat məbləğində faiz borcu tələb edilsə də ekspert rəyindən görünür ki, kredit xətti müqaviləsi üzrə 2362.5 manat məbləğində faiz borcu hesablanmışdır. Eyni zamanda, iddia tələbində gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği 147.34 manat müəyyən edilsə də ekspert rəyində həmin məbləğ 147.22 manat olaraq hesablanmışdır. Məhkəmə təkrar qeyd edir ki, müvafiq ekspert rəyi iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla bu sahədə xüsusi biliyə malik mühasib-ekspert tərəfindən tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri hissəsində müvafiq kredit xətti müqaviləsi üzrə borclu tərəfindən heç bir kredit ödənişi edilmədiyi və yekunda nə qədər qalıq əsas və faiz borcu qaldığı cədvəl şəklində təsvir edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilmiş müvafiq məbləğlər rəhbər tutularaq, 16.11.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 10000 manat əsas borc, 2362.5 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 147.22 manat faiz borcu olmaqla, cəmi 12509.72 manat məbləğində pul tutularaq iddiaçı Banka ödənilməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Çünki 16.11.2018-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, 16.11.2021-ci ildə müqavilənin müddəti bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı qətnamənin qəbul edildiyi tarixdə müqavilənin müddəti bitdiyindən bu müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə heç bir zərurət yoxdur. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi həm kredit, həm də kredit xətti müqavilələrində müəyyən edilmiş öhdəliklərin icra edilməsi ilə bağlı öhdəlik cavabdeh tərəfindən pozulduğundan və cavabdehlərin paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil hər iki müqavilə üzrə öhdəliklərin təminatı kimi cavabdehlər tərəfindən iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən iddiaçı Bankın hər iki müqavilə üzrə tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaka yönəldilməli, həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılmalıdır. İpoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti 75000 manat məbləğində qiymətləndirilsə də müqavilə üzrə ipoteka qoyanlardan biri olan cavabdeh həmin qiymətlə razılaşmadığından məhkəmə tərəfindən iki müxtəlif qiymətləndirici mütəxəssisin rəyi alınmışdır. Üstəlik, bu zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edildiyi kimi ipoteka predmeti olan mənzilin həm bazar, həm də likvid qiymətinin müəyyən edilməsi tələb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 31.03.2021-ci il tarixli rəydə mənzilin bazar dəyəri 90000 manat, likvid dəyəri isə 76500 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01.03.2022-ci il tarixli rəydə isə mənzilin bazar dəyəri 97000 manat, likvid dəyəri 82400 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə daşınmaz əmlak kimi mənzillərin qiymətlərinin illər üzrə fərqlilik göstərdiyini nəzərə alaraq, "xxxx" MMC tərəfindən verilmiş rəyin daha yaxın dövrdə verilməsi baxımından daha mötəbər olduğu nəticəsinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın "xxxx" MMC tərəfindən müəyyən edilmiş likvid qiymətinə uyğun olaraq 82400 manat məbləğində müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə olan borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. İpoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlərin məcburi qaydada çıxarılması və mənzilin boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün mənzilin paylı mülkiyyətçiləri tərəfindən iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu səbəbdən iddiaçı Bank mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlərin – ipoteka qoyanların mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh2 azyaşlı oğlu X8 da həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı Bank mənzil satıldıqdan sonra həmin uşağın da valideyni ilə birlikdə mənzildən çıxarılmasını tələb etmişdir. Məhkəmə azyaşlı uşağın yaşayış yerinin onun valideyninin yaşayış yerinə görə müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Bununla belə məhkəmə mənzil boşaldıqdan sonra mənzilin LPO İddiaçı ASC-yə təhvil verilməsi ilə bağlı hissədə iddia tələbi ilə razılaşmır. Belə ki, mənzilin hərracdan satılmasından sonra hərracın nəticələri üzrə alıcının Bank olacağı mütləq olmadığından boşaldılan mənzilin birbaşa Banka təhvil verilməsi müəyyən edilə bilməz. Bu səbəbdən məhkəmə mənzil boşaldıldıqdan sonra mənzilin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi nəticəsinə gəlir. Məhkəmə xərcləri. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa 09.07.2021-ci il tarixli, 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərdən əvvəlki qaydaya uyğun olaraq) dövlət rüsumu ödəmişdir. Eyni zamanda, iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyi alınmış, rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyərinin 200 manat məbləğində olduğu qeyd edilmişdir. Bundan başqa, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi üçün iki müstəqil qiymətləndiricinin rəyi alınmış, bu qiymətləndiricilərdən "xxxx" MMC tərəfindən verilmiş rəydə qiymətləndirmə aparılması üçün 300 manat məbləğində xidmət haqqı ödənilməli olduğu, lakin bu haqqın ödənilmədiyi qeyd edilmiş, müvafiq xərcin məhkəmə tərəfindən tutularaq MMC-yə ödənilməsi xahiş edilmişdir. Eyni şəkildə, "xxxx" MMC tərəfindən verilmiş rəyə də hesab-faktura cədvəli əlavə edilmiş, 350 manat məbləğində xidmət haqqı ödənilməli olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, müvafiq xərclər cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, iddia qismən təmin edilsə də iddianın təmin edilməyən hissəsi ümumi iddia tələbinin kiçik bir hissəsini təşkil edir. Digər tərəfdən, ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə razılaşmayan cavabdeh olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16.11.2018-ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsi üzrə 31757.21 manat məbləğində əsas borc, 9688.58 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 41545.79 manat məbləğində pul, 16.11.2018-ci il tarixli, 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsi üzrə 10000 manat əsas borc, 2362.5 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 147.22 manat faiz borcu olmaqla, cəmi 12509.72 manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma cavabdehlərin paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86 m2, yaşayış sahəsi 59.21 m2, yardımçı sahəsi 26.79 m2, yaşayış otaqlarının sayı 4 olan mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 82400 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına hər iki kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılmalı, tutma mənzilə yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 (azyaşlı oğlu X8 ilə birlikdə) və Cavabdeh3 mənzildən çıxarılmalı, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pul tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, 350 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıdakı qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16.11.2018ci il tarixli, 16112018/291927/1 nömrəli kredit müqaviləsi üzrə 31757.21 manat məbləğində əsas borc, 9688.58 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 41545.79 manat (qırx bir min beş yüz qırx beş manat yetmiş doqquz qəpik) məbləğində pul, 16.11.2018-ci il tarixli, 16112018/291927/2 nömrəli kredit xətti müqaviləsi üzrə 10000 manat əsas borc, 2362.5 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 147.22 manat faiz borcu olmaqla, cəmi 12509.72 manat (on iki min beş yüz doqquz manat yetmiş iki qəpik) məbləğində pul, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma cavabdehlərin paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 86 m2, yaşayış sahəsi 59.21 m2, yardımçı sahəsi 26.79 m2, yaşayış otaqlarının sayı 4 olan mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 82400 (səksən iki min dörd yüz) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına hər iki kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehlərə qaytarılsın. Tutma mənzilə yönəldildikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 (azyaşlı oğlu X8 ilə birlikdə) və Cavabdeh3 mənzildən çıxarılsın, mənzil boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinаdаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesab) ödənilsin. Qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəy üzrə 300 (üç yüz) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Bank: "xxxx" ASC-nin Azadlıq filialı, m/h: AZ80NABZ********************, h/h: AZ49BRES********************, Kod: 507547, VÖEN: **********, SWİFT: BRESAZ22) ödənilsin. Qiymətləndirici mütəxəssis tərəfindən verilmiş rəy üzrə 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulаrаq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, İcraçının hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ013501**********1944 nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar