Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5203/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 9223 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi. İddia tələbinin dəlilləri İş üzrə Cavabdeh iddiaçının tanışıdır. 2020-ci ilin noyabr ayının ortalarında tanışı Rasim ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Rasim ondan xahiş etmişdir ki, ’’Sənin Ukrayna dairəsində Məhəmməd Hadi küçəsində yerləşən “Kontakt Home”-da yaxın tanışın varmi? Əgər imkan varsa, oradan 2 X1 telefonu kreditlə götür mən hər ay ödənişləri vaxtı vaxtında ödəməyə söz verirəm». 25.11.2020-ci il tarixdə o, Rasimin sözünə görə və ona həddindən artıq inandığına görə 2 ədəd yuxarıda qeyd olunan markalı telefonların hər birinin qiyməti 4000 manat olmaqla, 18 aylıq kreditə götürüb Rasimə vermişdir. Telefonun birini Məhəmməd Hadi küçəsində yerləşən “Kontakt Home”-dan, digərini isə Məzahir Rüstəmov küçəsində yerləşən “Kontakt Home”-dan götürüb ona vermişdir. Sonra ona məlum oldu ki, Cavabdeh bir-iki gun ərzində telefonları sataraq pulları götürmüşdür. Cavabdeh həmin telefonları kimə satdığını isə ona deməmişdir. Rasim hər telefona ayda 1 ədədi 250 manat olmaqla 502 manat ödəməli idi. O, ancaq 25.12.2020-ci il tarixdə krediti ödədi, cəmi kredit pulu 9223 manat təşkil edirdi. Aradan artıq bir neçə ay keçməsinə baxmayaraq cavabdeh nəinki krediti ödəmir, hətta telefon zənglərinə cavab vermir. O, artıq başa düşmüşdür ki, Rasim onun etibarından sui-istifadə edərək ondan kömək istəməsi sadəcə onu aldatmaqdan başqa bir şey olmamışdır. O, halhazırda heç bir yerdə işləmir, həmin pulu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəfət olunaraq izahatı alınmış və Xətai rayon RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Tural Həbibullayevə ona borclu olduğunu izahatında etiraf etmişdir. Cavabdeh izahatında barəsində yazılanların doğru olduğunu bildirərək, maddi durumu aşağı olduğundan mobil telefonların kreditini ödəyə bilmədiyini bildirmişdir. Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Tural Həbibullayev ona bildirmişdir ki, Cavabdeh ona borcu olduğunu etiraf edir və bu məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır. Tərəflərin izahatları İddiaç İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Xətai RPİ-nin 34-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı T.Həbibullayevin İddiaçı Xətai RPİ-nin 34-cü PŞ-nə ünvanladığı 102- 9852H saylı ərizəsinin yekun nəticəsinə dair arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı, Xətai RPİ-nin 34-cü PŞ-riə ünvanladığı ərizədə 25.11.2020-ci tarixdə həddindən çox inandığı üçün Cavabdeh “Kontakt Home”-dən hər birinin nağd pulla dəyəri 4000 AZN olan 2 ədəd “X1” mobil telefonu öz adına kreditə götürüb Cavabdeh maddi durumu aşağı olduğu üçün ona verdiyini bildirmişdir. Hal-hazırda Cavabdeh vədinə əməl etməyərək İddiaçı ona verdiyi 2 ədəd “X1” telfonlarının krediditini ödəməkdən imtina etməsi barədə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı, Cavabdeh izahatının alınması məqsədilə, Xətai RPİnin 34-cü PŞ-nə dəvət olunmuşdur. O, izahatında barəsində yazılanların doğru olduğunu bildirərək, maddi durumu aşağı olduğundan mobil telefonların kreditini ödəyə bilmədiyini bildirmişdir. Bununla yanaşı hər ay 500 AZN pul ödəməyə hazır olduğunu izahatda yazılı olaraq qeyd etmişdir. Yuxarıda qeyd edildiyi kimi, şəxslər arasında olan məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, DİN-in 05.01.2009-cu il tarixli 1 saylı əmrinin tələbinə əsasən, toplanmış materialın işə alınmasını məqsədə müvafiq hesab etmişdir. Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin 12.08.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlarla bağlı olaraq xüsusi ittiham qaydasında Xətai rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh Xətai RPİ-nin 34 PŞ-də verdiyi izahatından müəyyən olunur ki, o, həqiqətən də 25.11.2021-ci il tarixdə işlədiyi avto yumanın müdiri Dilqəm vasitəsi ilə tanış olduğu İddiaçı atası xəstə olduğunu bildirərək ondan öz adına hər birinin dəyəri 4000 (dörd min) manat olmaqla 2 ədəd Apple Max markalı telefon alaraq ona verməsini istəmiş, İddiaçı həmin telefonları öz adına alaraq ona vermişdir. Özünün pula ehtiyacı olduğu üçün Memar Əcəmi metrosu yaxınlığında öz şəxsiyyət vəsiqəsini təqdim edərək 4000 manata salmışdır. Satdığı mobil telefonların pulundan Afaqı onunla tanış edən Dilqəmə 2000 manat vermişdir. Özündə qalan 2000 manat pulu isə öz problemləri üçün xərcləmişdir. İddiaçı cəmi 9223 manat pul verib aldığı mobil telefonları o, maddi vəziyyəti ağır olduğu üçün satmışdır. Maddi vəziyyəti ağır olduğu üçün hazırda da heç bir ödəniş edə bilmir. O, söz vermişdir ki, 20.06.2021-ci il tarixədək 500 manat ödəniş edə bilər. Söz vermişdir ki, götürdüyü mobil telefonların kreditini hissə-hissə ödəyəcəkdir. 11.11.2020-ci il tarixli 22038013 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin ödəniş cədvəli ilə müəyyən olunmuşdur ki, 2 ədəd Apple Max 256 GB markalı telefonu üçün 25.12.2020-ci ildən başlayaraq 18 ay müddətində 502,40 manat məbləğində olmaqla cəmi 9223 manat məbləğində ödəniş etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin iddiaçının verdiyi izahat, iddiaçının müvafiq polis orqanına ünvanladığı ərizənin yekun nəticəsinə dair arayış, cavabdehin həmin orqanda verdiyi izahat əsasında müəyyən olunmuş hallara görə, iddiaçı ilə cavabdeh arasında dostluq münasibətləri olmuş, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə ümumi dəyəri 9223 manat olan 2 ədəd telefon alaraq cavabdehə verməyi, cavabdeh isə aylıq ödənişləri etməyi razılaşmış, iddiaçı 2 ədəd “X1” telefonu cavabdehin şəxsi ehtiyacları üçün ona vermiş, lakin sonradan cavabdehdən aylıq ödənişləri istəyib ala bilmədiyi üçün hazırki məhkəmə mübahisəsi ortaya çıxmışdır. İş materiallarında olan, Bakı şəhəri Xətai rayon Polis idarəsində aparılmış araşdırma materialından görünür ki, cavabdeh həmin orqanda verdiyi izahatında bildirmişdir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi əsasında ümumi dəyəri 9223 manat olan 2 ədəd “X1” telefon əldə edərək həmin telefonları ona vermiş, o, isə həmin telefonları götürüb aylıq ödənişləri etməyi öhdəsinə götürmüş, lakin heç bir ödəniş etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. iddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, cavabdehin polis orqanında verdiyi izahatında iddiaçıdan 2 ədəd “X1” telefonunu götürməsini bildirməsi, həmin telefonu iddiaçıya qaytarmamasını və həmin telefonun dəyərini ödəməməsini, eləcə də həmin telefonları maddi maraq müqabilində başqa şəxsin istifadə və sahibliyinə verməsini etiraf etməsi, işin hallarının məcmusunda qiymətləndirildiyində cavabdehin hazırda iddiaçıya 9223 manat ödəməli olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə, iddiaçının 2 ədəd “X1” telefonunu cavabdehə sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, həmin telefonların ümumi dəyəri olan 9223 (doqquz min iki yüz iyirmi üç) manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9223 (doqquz min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5203/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5203/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver