Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5215/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və qeyrilərinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə 9558.92 manat əsas borc, 19.3 manat faiz borcu və 1.95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9580.17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh3 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9988.62 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə 30.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 11.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7751,92 manat əsas borc, 37 manat faiz borcu və 33,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7822,16 manat borcu vardır. Cavabdehə verilmiş kredit üzrə borcu restrukturizasiya olunub və restrukturizasiya olunmuş məbləğ 9988,60 manatdır. Restrukturizasiyaya düşən kreditlər üzrə yeni qrafik açılmasına bank razılıq vermir. Belə ki, illik 1 faizlə 60 ay müddətinə olan kreditlərə barışıq şamil olunmur. Çünki onlar restrukturizasiyaya düşən kreditlərdir və həmin kreditlərin şərtləri digər kreditlərə münasibətdə daha əlverişli və güzəştlidir. Bu kreditlərdə müştəri ilk il əsas borcdan heç bir ödəniş etmir, bütün ödənişlər faiz məbləğə yönəlir və bunların hər biri hesabdan çıxarışda öz əksini tapır. Təqdim edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh artıq qrafik üzrə ödənişdə deyil, gecikmə məbləğləri var. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun təxminən 7500 manat məbləğində borcu qalıb. Belə ki, o, yoldaşı pandemiya ilə əlaqəli sərhəddən keçə bilmədiyi üçün ödənişləri tam məbləğdə edə bilmirdi, lakin hazırda burda olduğu üçün borcunu vaxtında ödəyə bilir. Sonuncu dəfə 04.11.2021-ci il tarixdə 271 manat ödəniş etmişdir. O, razılığa gəlmək üçün yenidən banka müraciət etmiş, lakin bankla heç bir razılığa gələ bilməmişlər və ona yeni qrafik açılmamışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli 27-M-1-0-424-14 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh3 restruktrizasiya olunan kredit məbləğinin 9988,60 manat qalığı 1 faizlə 60 ay müddətinə verilmişdir. Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə zamin qismində çıxış edirlər. 16.08.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 07.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə 8543,92 manat əsas borc, 29,4 manat faiz borcu və 31,31 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8604,63 manat borcu vardır. 11.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə 7751,92 manat əsas borc, 37 manat faiz borcu və 33,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7822,16 manat borcu vardır. 02.09.2021-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 7751,92 manat əsas borc, 37 manat faiz borcu və 33,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7822,16 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 27-M-1-0- 424-14 №-li kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit borcuna görə 7751,92 manat əsas borc, 37 manat faiz borcu və 33,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7822,16 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 dekabr 2019cu il tarixli 27-M-1-0-424-14 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit borcuna görə 7751,92 manat əsas borc, 37 manat faiz borcu və 33,24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7822,16 (yeddi min səkkiz yüz iyirmi iki manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5215/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5215/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver