Məhkəmə qərarları › İş №2(010)-523/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-523/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-523/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri Cavabdeh 01 mart 2019-cu il tarixdə iddiaçıdan 5000 (beş min) manat borc alaraq işlədiyi "Altay" şadlıq sarayında keçirilən bütün toy məclislərindən adam sayı 1 (bir) manatdan yığmaqla qısa bir müddət ərzində borcunun qaytaracağına söz vermişdir. Cavabdeh bu barədə şahidlərin yanında öz xətti ilə iddiaçıya yazılı qəbz vermişdir. Uzun müddətdir ki, iddiaçı cavabdehdən götürmüş olduğu borcun qaytarılmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirərək borcunun qaytarılmasından yayınır. Bu səbəbdən də iddiaçı hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı Cavabdeh iddia tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İş materialları xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, «Cavabdeh İddiaçı 5000 (beş min) manat depozit götürdüm. Öhdəlik götürürəm ki, Altay şadlıq sarayınjda keçirilən bütün toy məclislərindən adam sayı 1 manatdan pul verəcəm. Əgər İddiaçı hansı şəraitdə pul lazım olarsa 1 ay müddətində qaytarmağa aşağıda qol çəkəcək şahidlərin yanındada söz verirəm.» İddiaçı ünvan 1 ünvanda yaşayan Cavabdeh ünvanladığı pretenziyadan görünür ki, aralarında 01 mart 2019-cu il tarixində sadə yazlı qaydada borc müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən ona verilmiş 5000 manat borc pulu müqavilə bağlanıldığı gündən 1 ay müddətinə qaytarması barədə öhtəlik götürmüşdür. Bu vaxta qədər borc pul iddiaçıya qaytarılmamışdır. Bu baxımdan iddiaçıdan aldığı borc pul məbləğini 1 ay müddətində qaytarması xahiş olunmuşdur. Digər halda pul məbləğinin geri qaytarılması barədə məhkəməyə iddia iddia ərizəsi müraciət olunacaqdır. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Məmməd Əliyevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli 396-ş-23 saylı İddiaçı ünvanladığı məktubundan görünür ki, Cavabdeh 5000 manat pul verməniz barədə rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, eyni məzmunlu müraciəti əsasında Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi aşkar edilmədiyindən və müraciətin mülki xarakterli olması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Müraciəti əsasında toplanmış material tələb edilərək öyrənilmiş və Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar hazırda qanuni və əsaslı hesab edilmişdir. İzah edir ki, qəbul edilmiş qərardan narazı qaldığı halda yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ vardır. Məhkəmənin mövqeyi Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmə tədqiqatına təqdim olunaraq araşdırılmış «məlumat» adlı qəbz formasında aşağıdakı məzmunda mətnlər yerləşdirilmişdir: «Mən Cavabdeh şəxsiyyət vəsiqəsi seriya AZE №- ******* İddiaçı 5000 (beş) min manat depozit götürdüm. Öhdəçilik götürürəm ki, Altay şadlıq sarayında keçirilən bütün toy məclislərindən adam sayı 1 manatdan pul verəcəm. Əgər İddiaçı hansı şəraitdə pul lazım olarsa 1 ay müddətində qaytarmağa aşağıda qol çəkəcək şahidlərin yanındada söz verirəm.» Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdeh 5000 manat məbləğində pul vəsaitini götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə, iddiaçının 5000 manat məbləğində pul vəsaitini cavabdehə sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və ona görə də hesab edir ki, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. iddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə Beləlilklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində dəymiş zərərə görə 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar