Məhkəmə qərarları › İş №2(010)-5236/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5236/2025

19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5236/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin icra üsulunun dəyişdirilərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 51 manat rüsumun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi il Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay aylıq qazancın 1/4 hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-3433/2017 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12415/2017 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən artıq bir neçə il keçməsinə baxmayaraq, cavabdehin ödədiyi alimentin məbləği uşağın minimum tələbatlarının ödənilməsinə belə kifayət etmir. Qətnamə qəbul edilən zaman Cavabdeh rəsmi iş yeri olsa da, artıq rəsmi iş yeri yoxdur və maraqlı şəxs hər ay müxtəlif məbləğlərdə özünün mülahizəsinə uyğun məbləğdə aliment ödəyir. Cavabdehin kifayət qədər yüksək qazancı olmasına baxmayaraq, aylıq 200 manat alimentdən başqa heç bir məbləğdə ödəniş etmir. O isə təkbaşına uşağı saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehin vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiklərini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 365132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1516 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 3433/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 1550 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 137 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 12415/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-3433/2017 nömrəli qətnaməsinin qismən - aliment təyin edilməsi hissəsində ləğv edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından bir uşaq – xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Həmin uşaq anasının yanında qalır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atadan hər ay sabit pul məbləğində aliment tutulması qət edilmiş, lakin qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən aliment hissəsində ləğv edilmişdir. Buna səbəb tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olması olmuşdur.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.

1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyasıməqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından bir uşaq – xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. İddiaçının yanında qalan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (ata) Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin hazırda İddiaçı tələb edir ki, məhkəmə qətnaməsi ilə qazancın müəyyən misli miqdarında tutulmuş aliment 250 manat sabit pul məbləğində alimentə dəyişdirilsin. Tələbin əsasını o təşkil edir ki, cavabdehin artıq rəsmi iş yeri yoxdur. Bu səbəbdən qazancın 1/4 hissəsi miqdarında aliment tutulması artıq mənafeyinə cavab vermir.

18. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin əmək müqaviləsi ilə bağlı məlumatlar sorğulanmış, lakin əmək müqaviləsi ilə bağlı heç bir məlumat olmadığı müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiklərini bildirmiş, cavabdehin iş yeri olması ilə bağlı heç bir hala istinad etməmişdir.

19. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qazancın müəyyən hissəsi miqdarında tutulan alimentin sabit pul məbləğinə dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda da istinad edilmiş Azərbayan Respublikasının Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin məzmunundan görünür ki, qazancın müəyyən hissəsi miqdarında aliment tutulması üçün sabit (müntəzəm) qazanc olmalıdır. Qazancın qeyri-müntəzəm olması, yaxud qazanc və ya sair gəlirin olmaması kimi hallar alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Məhkəmə, həmçinin bu halların sonradan baş verməsini cavabdehin maddi vəziyyətində baş vermiş dəyişiklik kimi qiymətləndirir. İşin bu hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin qazacının 1/4 hissəsi miqdarında tutulan aliment sabit pul məbləğində alimentə dəyişdirilməlidir.

20. Cavabdehdən tutulmalı olan alimentin miqdarına dair məsələni həll edərkən məhkəmə ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir.

21. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

22. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

23. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 250 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.625 misli miqdarında aliment tutulmalıdır.

24. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda hazırkı qətnamə ilə miqdarı dəyişdirilmiş aliment məbləğinin tutulmasına da şamil edildiyindən bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.

Məhkəmə xərcləri.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, məhkəməyə müraciət edərkən iddiaçının ödəməkdən azad olduğu 50 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 11594/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-11594/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar