Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5262/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cəmi 263.59 manat – bundan 96.99 manat əsas, 85.74 manat faiz, 70.34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasına hesablanmış 10.52 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2015-ci il tarixli, 0026 DT nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. 08.09.2017-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında 1 nömrəli Əlavə Saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibini 295.37 manat əsas borc təşkil edir və əsas borc üzrə qalıq kreditə çevrilir. Kreditin müddəti 08.08.2018-ci il tarixədək təşkil edir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 17% ödəyir. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən, əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. 29.07.2021-ci il tarixdə Cavabdeh cəmi 263.59 manat – bundan 96.99 manat əsas, 85.74 manat faiz, 70.34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasına hesablanmış 10.52 manat faiz borcu təşkil edir. Müqavilənin şərtlərinin pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********432 nömrəli, 29.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməəmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddətinin uzadılmasına dair əlavə sazişdə müqavilənin müddətinin 08.08.2018-ci il tarixədək uzadıldığı qeyd edilsə də bu texniki səhv nəticəsində baş vermişdir. Belə ki, əslində müqavilənin müddəti 08.09.2018-ci il tarixədək uzadılmış, müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cəvdəlində də sonuncu ödəniş tarixi kimi 08.09.2018-ci il tarixi qeyd edilmişdir. Yəni müqavilənin müddəti 08.08.2018-ci il tarixdə yox, 08.09.2018-ci il tarixdə bitmiş və iddia müddəti ötürülməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 0026 DT nömrəli, 19.02.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, müqaviləyə əsasən Bank Müştəri üçün 24 ay müddətinə kart buraxır. Bank tərəfindən buraxılmış kart Bankın xüsusi mülkiyyətindədir. Bank Müştəriyə 300 manat məbləğində kredit xətti açır. Həmin xətt üzrə Müştərinin birinci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70% təşkil edir. Birinci ayda nağdlaşmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. Kredit xətti 36 ay müddətinə açılır. Kartın müddətinin son günü də daxil olmaqla, kredit xəttindən istifadə etmək mümkündür. Bu müqavilənin premeti Bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartınıın Müştəriyə verilməsi, Kart vasitəsilə kredit xəttinin açılması, Müştəri tərəfindən isə Kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməlliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli müqaviləyə 08.09.2017-ci il tarixli əlavə sazişdən görünür ki, Əsas müqaviləyə dəyişikliklər edilmişdir: “əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibini 295.37 manat əsas borc təşkil edir və əsas borc üzrə qalıq kreditə çevrilir. Kreditin müddəti 08.08.2018-ci il tarixədək təşkil edir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 17% ödəyir...” Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin 08.10.2017 – 08.09.2018 tarixləri arasında hər ay 26.94 manat (sonuncu ay 26.93 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. 03.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə 03.08.2021-ci il tarixinə 96.99 manat əsas, 70.34 manat cərimə, 10.52 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 263.59 manat borcu vardır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Bank və Cavabdeh arasında 19.02.2015-ci il tarixdə kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış, Bank tərəfindən Cavabdeh 24 ay müddətinə, 300 manat məbləğində kredit xətti açılmışdır. 08.09.2017-ci il tarixdə tərəflər arasında əlavə saziş bağlanmış, bu sazişə əsasən Cavabdeh 19.02.2015-ci il tarixli müqavilə üzrə qalıq borcu 295.37 manat məbləğində müəyyən edilərək kreditə çevrilmiş, kreditin müddəti 08.08.2018-ci il tarixədək, illik faiz isə 17% məbləğində müəyyən edilmişdir. Lakin Cavabdeh verilmiş kreditdən istifadə etsə də müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçının iddia müddətini buraxdığını bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göründüyü kimi cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun olub-olmamsı ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh in hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı məhkəmədə aralarında bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olmuşdur. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarı) Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə qalıq borcu kreditə çevirən əlavə sazişdən görünür ki, müqavilənin müddəti 08.08.2018-ci il tarixədək müəyyən edilmişdir. Yəni, bu müqavilə üzrə öhdəliklərin icra olunması üçün son gün məhz həmin gündür. Beləliklə, müqavilə üzrə öhdəliklərin icra müddəti 08.08.2018-ci il tarixdə bitmiş, iddia müddətinin axımı da məhz bu tarixdən başlamış, 08.08.2021-ci il tarixdə isə bitmişdir. Buna baxmayaraq, iddiaçı Bank 07.09.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər ödəniş cədvəlində müqavilə üzrə sonuncu ödənişin 08.09.2018-ci il tarixdə edilməsi qeyd edilsə də nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsində müqavilənin müddəti 08.08.2018-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi müqavilə və ödəniş cədvəli arasında olan müddətlə bağlı bu uyğunsuzluğun müqavilədə yol verilmiş texniki səhvdən qaynaqlandığını, müqavilənin müddətinin ödəniş cədvəlində olduğu kimi 08.09.2018-ci il tarixədək müəyyən edildiyini, sadəcə olaraq müqavilədə texniki səhvə yol verilərək müddətin 08.08.2018-ci il kimi göstərildiyini, bu səbəbdən iddia müddətinin axımının ödəniş cədvəlindəki tarix əsas götürülməklə məhz 08.09.2018-ci il tarixdən hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə isə bununla razılaşmır. Belə ki, ödəniş cədvəli hər nə qədər müqavilənin ayrılmaz tərkib hissəsi olsa da müqaviləyə münasibətdə üstün qüvvədə hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Üstəlik, tərəflər arasında əlavə sazişin 08.09.2017-ci il tarixdə bağlanıldığı nəzərə alındıqda, bu qədər müddət ərzində iddiaçı Bankın bu “texniki səhv”i aradan qaldırmaq üçün müqaviləyə dəyişiklik edilməsi ilə bağlı ən azından təşəbbüs göstərməyə dörd ilə yaxın vaxtı olmuş, lakin Bank bununla bağlı heç bir tədbir görməmişdir. Hansı ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İddiaçı Bank müqavilədəki həmin “texniki səhv”i aradan qaldırmaq üçün heç bir təşəbbüs göstərməmiş, borcalana bununla bağlı müraciət etməmiş, əksinə iddia ərizəsində müqavilənin müddətinin 08.08.2018-ci il tarixdə bitdiyinə istinad etmişdir. Belə olan halda məhkəmə müqavilənin müddətinin 08.08.2018-ci il tarixdə bitdiyi və iddia müddətinin axımının da məhz həmin tarixdən başlandığı nəticəsinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən nəzərə alınmalıdır ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəyə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında konkret olaraq qeyd edilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir”. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə bu cür nəticəyə gələrkən hazırkı iş üzrə iddia müddətinin axımının hansısa müddətə dayanmadığını, yaxud heç bir halda kəsilmədiyini də nəzərə almışdır. Belə ki, Cavabdeh təxminən iddiaçı Bank müflis elan edildikdən sonra heç bir ödəniş etməmişdir. Elə iddia ərizəsində iddiaçı Bank da bu hala istinad etmiş, cavabdeh tərəfindən öhdəliklərin pozulmasının Bankın lisenziyasının ləğvindən əvvəlki dövrə təsadüf etdiyi qeyd edilmişdir. Belə olan halda cavabdehin ötürülmüş iddia müddəti daxilində borcu etiraf etməsini göstərən hərəkətlər etməsi tam istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı kredit münasibətlərindən yaranan mübahisə üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilməməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5262/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5262/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver