Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5296/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh 3500 manat borc məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin iyun ayında ondan 3500 manat məbləğində borc almış, 2024-cü ilin sentyabr ayına qədər qaytaracağına söz versə də bu günə qədər həmin borcundan heç bir ödəniş etməmişdir. Borcun alınmasına kömək edilməsi üçün borcun verildiyi ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə müraciət etsə də müraciətinin nəticəsi olmamışdır. Belə ki, polis şöbəsi ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Lakin, cavabdehin polis şöbəsində verilmiş izahatı ilə həqiqətən də ondan 3500 manat borc alması təsdiq edilir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, cavabdeh ondan aldığı 3500 manat məbləğində pul vəsaitindən 300 manat məbləği geri qaytarmışdır və cavabdehin hazırda ona 3200 manat məbləğində borcu vardır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının qeyd etdiyi kimi həqiqətən də ona 3500 manat məbləğində pul vəsaiti verilsə də, həmin məbləğin 300 manatını iddiaçıya geri qaytarmışdır. Əvvəlki məhkəmə iclasından sonra da iddiaçıya hər hansı ödəniş etməmişdir. İddiaçıya olan borcunu vaxtında qaytarmaması isə onun günahıdır. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar “Zəfər” altsistemində statusun yoxlanılmasına dair elektron çıxarışdan müəyyən olunur ki, X2 müharibə veteranıdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 956/24 nömrəli cavab məktubundan müəyyən olunur ki, sonuncunun müraciəti əsasında Suraxanı RPİ-nin 31-ci PŞ-də araşdırma aparılmış, ərizədə qeyd olunan xüsusatların mülki xarakterli olduğu aşkar edilmiş və ərizəçiyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PŞ-də verdiyi izahatdan müəyyən olunur ki, o, İddiaçı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Dadlı” adında olan marketdə kassir vəzifəsində işləyən zaman tanımışdır. Həmin vaxt İddiaçı onun işlədiyi marketə yaxın ərazidə mühafizə xidmətində işləmiş və onun işlədiyi mağazaya müştəri qismində gəlib-getdiyi üçün aralarında dostluq münasibət yaranmışdır. Elmirlə münasibətləri çox yaxşı olmuşdur. Maddi sıxıntıları olduğu üçün pula ehtiyacı yaranmış və bu səbəbdən də, müəyyən şəxslərdən qısa müddət ərzində qaytaracağını vəd edərək borc pullar alaraq öz şəxsi tələbatları üçün istifadə etmişdir. Eyni zamanda, 2024-cü ilin iyun ayında İddiaçı müraciət edərək, ailə vəziyyətinin pis olması barədə yalan məlumat vermiş və pula ehtiyacının olduğunu bildirərək ondan qısa zamanda qaytaracağı vədi ilə hissə-hissə olmaqla, 10 gün müddətində, ümumilikdə 3500 manat pul almışdır. O, həmin pulları İddiaçı alaraq müxtəlif şəxslərə məxsus bank kartı hesablarına köçürməklə öz şəxsi tələbatları üçün istifadə etmişdir. O, İddiaçı 3500 manat pul aldığını danmır, lakin hazırda həmin pulu tam qaytarmağa imkanı olmadığı üçün həmin pulları hissə-hissə ödəməyə razıdır. Yəni, həmin pulu ayda 300 manat olmaq şərtilə qaytarmağa razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2.7. Əsassız varlanma. Maddə 135. Əşya hüququnun obyektləri. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müəyyən müddətə, qaytarılmaq şərti ilə Cavabdeh 3500 manat məbləğində pul vəsaiti vermiş, lakin sonuncu həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Cavabdeh iddiaçıdan həqiqətən də, iddia ərizəsində qeyd olunan məbləğdə, yəni 3500 manat məbləğində pul vəsaiti əldə etməsini polis şöbəsində verdiyi izahatında da təsdiq etmişdir. Bundan əlavə hər iki məhkəmə iclasında iştirak edən cavabdeh həm iddiaçıdan 3500 manat məbləğində pul vəsaiti əldə etməsi faktını (xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının video-audio yazısının 02:44 – 02:48-ci dəqiqələri) qəbul etmiş, həm də həmin məbləğdə 300 manatını iddiaçıya geri qaytardığını bildirirək iddia tələbini qismən etiraf etmişdir. İddiaçı da öz növbəsində 300 manatın ona qaytarıldığını qəbul edərək bu halı mübahisələndirməmiş, hazırda mövcud borcun 3200 manat olmasını məhkəməyə bildirmişdir. İddia tələbinin tam və ya qismən etiraf edilməsini tənzimləyən və yuxarıda qeyd olunmuş prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərərfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmamışdır və işin bu halını hər iki tərəf mübahisələndirmir. Halbuki, cavabdehə borc verildiyi iddia edilən pul 3500 manat məbləğindədir ki, bu məbləğdə pulun borc verilməsi zamanı tərəflər arasında yazılı müqavilə bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir (Mülki Məcəllə, mad. 740.2). Bununla belə məhkəmə iddiaçı tərəfindən cavabdehə 3500 manat məbləğində borc pul verildiyi nəticəsinə gəlir. Məhkəmə ilk növbədə ona görə belə nəticəyə gəlir ki, cavabdeh həm polis şöbəsində, həm də məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçıdan həmin məbləğdə pulu borc olaraq götürdüyünü etiraf etmişdir. Bütün bu qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə həqiqətən 3500 manat məbləğində borc pul verilmişdir. Bununla belə yuxarıda da qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, verilən borcun 3500 manat məbləğində olmasına baxmayaraq, tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə yoxdur. Halbuki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanmalı olduğu birbaşa qanunla müəyyən edilmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Çünki müqavilə bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş formada (yazılı) bağlanmamışdır. Məhkəmə bu əqdin mübahisə edilən yox, məhz əhəmiyyətsiz əqd olması nəticəsinə ona görə gəlir ki, bu əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsızdır. Eynilə borc müqaviləsinin predmetinin məbləğinin üç min manatdan çox olduğu halda müqavilənin yazılı formada bağlanması qaydasına riayət edilməməsinin borc müqaviləsinin etibarsızlığına səbəb olduğu və bu müqavilənin əhəmiyyətsiz sayıldığı qəbul edilməlidir. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Belə olan halda, hazırkı iş üzrə iddiaçı əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə (cavabdehə) qarşı tələb hüququnu reallaşdırmış, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia qaldırmışdır. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər iddia tələbinin hüquqi əsasını verilmiş borcun qaytarılması təşkil etsə də, yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin Plenumu qərarında da qeyd edildiyi kimi istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Beləliklə, cavabdehin iddia tələbini qismən etiraf etməsi və cavabdehin dəlillərinə iddiaçının hər hansı etirazının olmaması, eləcə də iddia tələbinin qismən etirafının qanuniliyinin yoxlanılması nəticəsində məhkəmə iddia tələbinin qismən təmin edilməli olması nəticəsinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olmuşdur. İddia qismən təmin edildiyindən, ödənilməmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (3200 manat) mütənasib olan 52 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və ödənilməmiş 52 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-5296/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5296/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver