Məhkəmə qərarları › İş №2(010)-5461/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-5461/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5461/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı borclu olduğu 4250 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri Cavabdeh yaxın qonşusu (keçmiş) olmaqla ailəvi münasibətləri olmuşdur. Cavabdeh "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktorudur və ölkəyə bir qayda olaraq dərman preparatları gətirirdi. O, özünə məxsus avtomobilini satmış və əlində 4000 manat pulu var idi. Cavabdeh ona demişdi ki, gəl bu vəsaiti qoyaq onun işinə (biznesinə), hər ay xeyrini götür, pulu da kı, öz yerində. Onlar belə də etmişlər. O, 30.09.2018-ci il tarixdə cavabdehə 2600 ABŞ dolları (4250 manat) pul vermiş, lakin bu vaxta kimi cavabdeh bu məbləğdən ona cəmi 170 manat qaytarmışdır. Onda olan məlumata görə cavabdeh günü bu gün də həmin fəaliyyətlə məşğul olur və işləri də pis getmir, lakin müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmır. Ailəsinin tanışı olan cavabdehin atasına müraciət etmiş, o da bildirdi ki, onun həmin adda oğlu yoxdur. Borcun etirafı haqqında onun cavabehlə çoxsaylı telefon yazışmaları var. Cavabdeh heç bir vəchlə onun pulunu qaytarmır. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin iddiaçının verdiyi izahat, iş materiallarında olan cavabdehlə iddiaçı arasında aparılan “whatsapp” yazışmaları əsasında müəyyən olunmuş hallarına görə, iddiaçı ilə cavabdeh arasında dostluq münasibətləri olmuş, onlar şərikli biznes fəaliyyəti göstərmək barədə razılığa gəlmiş, iddiaçı 2600 ABŞ dolları (4420 manat) pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan aralarında planlaşdırılan biznes fəaliyyəti baş tutmaması nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır. İş materiallarında olan və iddiaçı ilə cavabdeh arasında aparılan “whatsapp” yazışmalarının çıxarışlarından görünür ki, tərəflər arasında aşağıdakı məzmunda yazışma baş tutmuşdur: “16 nov 2020 Özü: “Sən zəngə cvb verməyə bilərsən günü aya, ayı ilə qata bilərsən düşünürsənsə deyim bil ki, o sənə verdiyim və səndən almaq istədiyim pullar halal zəhmətimlə qazandığım və körpə balalarımın boğazından əynindən kəsdiyim pullardır!” 18 nov 2020 Aska özüm əlaqə saxlayacam. Hal hazırda chalıshıram mene kochurmeni heyata kechirtsinler. Özü: Telefona cavab versən ürəyim sakit olar yoxsa ki, artıq günlər keçir 1 dəyişklik yoxdur. 18 nov 2020 Özü: Sabah Bakıya gələcəm səndən pulu götürməyə. 19 nov 2020 E: Salam Aska. Pula gore gelirsense hele hazır deyil. Hazir olan kimi xeber edecem gelib goturersen. Özü: X1 pula görə gədəcəm. Nə vaxt hazır olacaq E: Vallah Aska uzerində chalishiram bu hefte yekunlasalidi. Hazir olsun xeber edecem 20 nov 2020 E: ə seyças vam perezvonö. Özü: Elmir pulu nə vaxt verəcəksən? Elmir pulu nə vaxt qaytaracaqsan? 20 nov 2020 E: Aska sabah danishariq. İshlerim var hell elemeli. Özü: Zəngə cvb veririsən ki danışaq???? Yekə oğlansan bir yerdə böyümüşük o qədər bir yerdə çörək yemişik 2600 dollara görə zəngə cvb vermirsən. 21 nov 2020 Özü: Sən zəngə cvb vermə ok eybi yox. Mən səni taparam Bakıda inşallah. Sanki telefona cavab verməməklə mənim 2600 usd pulumu qaytarmaqdan yayınırsan? 22 nov 2020 Özü: Mən başqalarından eşitmişdim ki 1i digərinə pul verməlidir deyə gizlənir telefona cavab vermir amma sənin tərəfindən başıma gələcəyinə inanmazdım. Ayıb olsun sənə! Mən istəyirdim ikimiz arasında danışıqla söz verdiyin kimi pulumu qaytarasan. Sən heç zəngə cvb vermirsən ona görə mənə başqa variantı seçməyə məcbur etdin ok. 23 nov 2020 E: Ə seyças vam perezvonö. Özü: Çox gözləməyə nə vaxtım nə də səbrim yoxdur. Gəlirəm Azərimedə. E: Ə perezvonö vam pozje. Özü: Gedim görüm atan nə məsləhət edir. E: Asif men bir heftedi gergin ish rejimindeyem. Ve sene de nezaret edirem ki, gorum nedir bu prinsipialligin bile bile ki mueyyen muddet sonra menden gotureceksen pulu. Amma direnmisen. Amma sene deyim ki, her sehv addimin ozune ziyan edir. Telefonu goturmemek sebebim ise senin xetrine deymek istemediyimdendi. Amma heddi var her sheyin. Men bugun o pul uchun elimnen geleni elediyim halda sabah alindigi halda en axirinci ishim sen olacaqsan ki, o prinspialliğa getmemek uchun seninle danishmiram telefonla. Sebrli olsan amma ilk ishim onsuz da senin meselendi. İndi qerar senindi get vur alemi bir birine ya da sebrli ol. Tarix bilsəydim çoxdan demishdim. Amma sabah da ola bilər. 3-4 gün sonra da. Bu ayı kechmiyecek inshallah. Özü:Elmir məni yaxşı tanıyırsan bilirsən ki körpə balalarımın boğazından əynindən kəsmişəm aylardır illərdir heç nə ala bilmirəm onlara telefona cavab versən desən ki atmıram sənə bilərəm işimi prinsipiallıq dediyin şey öz halal pulumdur iki ilə yaxındır gözləyirəm nə etməliyəm? Sənin üçün az pul ola bilər amma mənim üçün böyük puldur. İndiyə qədər o qədər imkanın olub ki mənim pulumu qaytarmağa amma qaytarmamısan. Sənə normal şəkildə başa saldım sonuncu dəfə ki mən də başqalarına borcluyam qaytarmalıyam onlar da istəyirlər yazmısan ki bu ayı keçməyəcək inşallah ok gözləyərəm 1 dekabr artıq pulumu səndən götürmək üçün son gündür.” Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. iddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, tərəflər arasında aparılmış “whatsapp” yazışmalarında cavabdehin iddiaçıya 2600 ABŞ dolları verməli olmasını və həmin pulu iddiaçıya qaytara bilməməsini etiraf etməsi, həmin məbləğdən 170 manatı geri verməsi, işin hallarının məcmusunda qiymətləndirildiyində cavabdehin hazırda iddiaçıya 4250 manat ödəməli olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Şərh olunanlara əsasən məhkəmə, iddiaçının 4420 (dörd min dörd yüz iyirmi) manat pul vəsaitini cavabdehə sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğin ödənilməmiş hissəsi olan 4250 (dörd min iki yüz əlli) manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar