Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-549/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4460 (dörd min dörd yüz altmış) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 64,60 (altmış dörd manat altmış qəpik) manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir tanıyır, Vahid ona məxsus olan 2005-ci ildə ünvan 1 ünvanında tikdirdiyi və 2007-ci ildə Bakı şəhəri, Suraxanı rayon Bülbülə bələdiyyəsi tərəfindən pasport verilmiş ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin sənədlərinin hazırlayıb çıxarış alıb verəcəyini vəd edərək ondan 2019-cu ilin fevral ayında 2.800 (iki min səkkiz yüz) ABŞ dolları və 700 (yeddi yüz) AZN pulunu almış, lakin bu günə qədər nə evin sənədlərini hazırlayıb çıxarış alıb verməmiş, həmçinin pulunu qaytarıb verməmişdir. Bundan sonra Cavabdeh etibarından sui-istifadə edərək onu aldatdığı, ona qarşı dələduzluq etməklə ümumilikdə 2.800 (iki min səkkiz yüz) ABŞ dolları və 700(yeddi yüz) AZN pulunu (5460-beş min dörd yüz altmış) manat pulunu ələ keçirdiyi ona məlum olduğundan barəsində qanuni tədbir görülməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciətindən sonra polisdə araşdırma aparılan zaman Cavabdeh izahatında onun göstərdiyi xüsusatları qismən təsdiq etmiş və ona dəymiş ziyandan 1.000 (bir min) manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavadehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmış, o izahatında göstərmişdir ki, O, İddiaçı dayısı oğlu mərhum Həsənin vasitəsilə 15 ildən çoxdur ki tanıyır. Novruzdan ünvan 1 ünvanında yerləşən mənzilə çıxarış almaqla bağlı bəzi sənədlərin toplanması üçün Suraxanı rayonu, “Səttar Bəhlulzadə” heykəlinin yanında 400 manat məbləğində pul almışdır. Daha sonra isə Novruz Rusiya Federasiyasında olan zaman ona zəng edərək evin layihəsinin hazırlanması üçün 700 manat pul lazım olduğunu bildirmiş və Novruz ona həmin məbləği qonşuluqda mağazada işləyən şəxsdən götürməsini demişdir. O da 2019-cu ilin mart ayının əvvəlində həmin mağazadan 700 manat dəyərində ABŞ dolları götürmüşdür. 14 mart 2019-cu il arixdə isş Əmlak Komitəsində işləyən hal-hazırda dünyasını dəyişmiş Vahid adlı şəxsə vermək üçün Novruzdan “Kapital Bank” vasitəsi ilə 700 ABŞ dolları almış və həmin pulu 1190 manat ekvivalentində olmaqla üzərinə öz cibiindən 10 manat qoymaqla 1200 manat pulu həmin Vahid adlı şəxsə vermişdir. Beləliklə o, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair bütün sənədləri toplayaraq çıxarış almaq üçün ümumilikdə 2290 manat pul almışdır. İşə əlavə edilmiş CD diskdə olan audio yazılardan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının ona məxsus evə hüquqmüəyyənedici sənədlərin alınması və bu işin yerinə yetirilməsinə görə iddiaçı tərəfindən cavabdehə pul verilməsi ilə bağlı müzakirələr aparılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı yaşadığn evlə bağlı sənədlərin əldə edilməsi üçün cavabdehə pul vermiş, lakin cavabdeh həmin sənədlərin əldə edilməsində iddiaçıya yardım edə bilməmişdir. İddia tələbinin əsaslandırması ondan ibarətdir ki, cavabdehə ayrı ayrı vaxtlarda milli və xarici valyuta ilə pul məbləğləri verilmiş, lakin o vəd etdiyi işi yerinə yetirməmişdir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, iddiaçı ona qeyd edilən məsələ ilə bağlı müraciət edib, bu işə görə pul versə də, birincisi ondan asılı olmayan səbəblərə görə o iddiaçıya kömək edə bilməmiş, ikincisi verilən pul məbləği də iddiada tələb edilən miqdarda olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pul verilməsi halı işin mübahisələndirilməyən halıdır. Belə ki, hər iki tərəfin izahatı ilə bu təsdiq edilir. Tərəflər arasında hər hansı müqavilə münasibəti və ya pulun verilməsinə qanuni əsas olmamışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə mülki qanunvericiliyin əsassız varlanma hallarını tənzimləyən normaları baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tələb edilən pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutda – cinayət işinin başlanılmasının rədd edilməsi haqqında istintaq orqanının qərarında cavabdehin iddiaçıdan ümumilikdə 2290 manat aldığı müəyyən edilir. Belə ki, cavabdeh öz izahatında bunu etiraf edir. İddiaçı tərəf öz ərizəsində bu məbləğin 4460 manat olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 64.60 manat dövlət rüsumunun 42.90 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Həsənov Vahı̇ d İsa oğlundan 2290 ( iki min iki yüz doxsan) manat məbləğində borc pul və 42.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-549/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-549/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver