Məhkəmə qərarları › İş №2(010)-5515/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5515/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5515/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Nizam oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 70,533 (yetmiş min beş yüz otuz üç) manat əsas borc məbləğində vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Nizam oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh 29 noyabr 2011-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən X3 70.533 manat borc aldığını etiraf etmişdir. Müqavilə üzrə qeyd olunan borcu 29.04.2012-ci il tarixinə qədər ona qaytaracağını öz öhdəsinə götürsə də, lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bu səbəbdən X7 tərəfindən borc tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 70.533 manat məbləğində pul tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən 09 oktyabr 2012-ci il tarixli icra sənədi icra edilməsi üçün aidiyyatı üzrə Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı iş üzrə borclu Cavabdeh borcunun ödənilməsi üçün onun (iddiaçının) mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qarşılıqlı razılıq əsasında X4 mülkiyyətinə keçirilməsinə dair 27.03.2019-cu il tarixli ərizə ilə Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. X7 ilə razılığa əsasən iddiaçının mülkiyyətində olan və dəyəri 110 533 manat müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini, 30 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, notarial qaydada X4 mülkiyyətinə vermişdir. Müqavilə nəticəsində 70 533 manat borc məbləği çıxılmaqla X7 tərəfindən iddiaçıya 20 000 manat pul vəsaiti ödənilib, qalan 20 000 manat isə razılığa əsasən sonradan ödənilməli idi. X7 tərəfindən Suraxanı Rayon İcra Şöbəsinə 30 mart 2019-cu il tarixli ərizə ilə müraciət edilmiş, Cavabdeh ona olan borcunun əvəzi olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71 kv/m olan qeyri yaşayış binasını iddiaçı tərəfindən ona təklif edildiyini və bu təklifi qəbul edərək öz adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmçinin Cavabdeh artıq ona borcu olmamasını və bu səbəbdən qanunvericiliyə uyğun olaraq icraata xitam verilməsini və məcburi icra tədbirlərinin aradan qaldırılmasını xahiş etmişdir. Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin 28 iyun 2019-cu il tarixli Qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 09.10.2012-ci il tarixli icra sənədinə xitam verilmişdir. Cavabdeh 2019-cu il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumdur. Cavabdeh həmin borcu özü ödəməli olduğundan və həmin borc iddiaçıya məxsus olan əmlakın satılması nəticəsində bağlandığından iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, X7 ilə şərikli tikdirdikləri mağaza onun(cavabdehin) adına rəsmiləşdirildiyindən o, X6 notarial qaydada 70,533 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin müəyyən səbəblərə görə həmin pulu ödəyə bilmədiyi üçün oğlu Nurlana sənədlərə görə yaranmış borcu, yəni 70,533 manat pulu ödəyə biləcəyi təqdirdə həmin mağazanı onun adına keçirtməyi təklif etmişdir.İddiaçı razılaşmış və bunun müqabilində o, bağışlama yolu ilə notarial qaydada onun adına rəsmləşdirmişdir. Sonradan yaranmış 70,533 manat olan borcu ödəyə bilmədiyi üçün mağazanı Rahil Quliyevin adına keçirməyi bildirmişdir, belə ki, Rahil Quliyevin onlara 40,000 manat pul ödəməli imiş. Onlar mağazaya aid olan sənədlərin hamısını Rahil Quliyevin adına notarial qaydada rəsmləşdirmişlər. O, Suraxanı rayon İcra Şöbəsində 20,000 manat nəğd pulu İddiaçı ödəmişdir. Bundan sonra Rahil Quliyev 20,000 manatı mağazanı satdıqdan sonra ona ödəyəcəyinə söz vermişdir. O müəyyən səbəblərə görə həbs olunduğundan qalan 20,000 manat olan borcun Rahil Quliyev tərəfindən İddiaçı verilib –verilmədiyindən məlumatı yoxdur. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan müəyyən olunur ki, 30.03.2019-cu il tarixli AN-İ №0488575 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh borcunun onun (iddiaçı) tərəfindən ödənilməsi nəticəsində ona 70,533 manat borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 30.03.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71 kv/m olan qeyri-yaşayış binasını 40000 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 30.03.2019-cu il tarixdə İddiaçı ilə X7 arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanmış və alıcı X2 İddiaçı tərəfindən satılan tam hissəni(71 kv.m) 40000 manata almışdır. İddiaçı atası Cavabdeh borclu olduğu 70.533 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün alqı-satqı müqaviləsi bağladığını, onun mülkiyyətində olan əmlakın satıldığını və həmin alqı-satqı müqaviləsindən sonra X4 iddia tələbindən imtina etdiyini qeyd etməklə, həmin məbləğin onun xeyrinə ödənilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsini azad surətdə bağlamaq və onun şərtlərini müəyyənləşdirmək hüququna malik olmuşdur. Bundan başqa İddiaçı ilə X7 arasında daşınmaz əmlakın 40000 manat satılması ilə bağlı iradə ifadəsi mövcud olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf fəaliyyət qabiliyyəti olan şəxsdir, öz mülkiyyətində olan əmlak üzərində sərəncam vermək səlahiyyətinə malikdir, onun həmin müqaviləni bağlamaq məcburiyyətində qalması, ona cavabdeh tərəfindən hansısa təsir və ya təzyiqin göstərilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar