Məhkəmə qərarları › İş №2(010)-555/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-555/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-555/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5471,89 manat əsas, 993,48 manat faiz, 470,89 manat cərimə borcu olmaqla, cəmi 6936,26 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 89,37 manat məbləğində vəsaitin tutulması. İddia tələbinin dəlilləri Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləni imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 21% olmaqla 10000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 oktyabr 2024, cümə tarixinə "xxxx" KB ASC-yə 5471,89 manat əsas, 993,48 manat faiz, 470,89 manat cərimə olmaqla, cəmi 6936,26 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Aytən Əzimova AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASCarasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Unibank KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021 tarixli kütləvi ofertasını qəbul (aksept) etmiş hesab olunur. Bu müqaviləyə əsasən, "Borcverən" ən çoxu 120 (bir yüz iyirmi) ay müddətinə, illik faiz dərəcəsi 35 % (otuz beş) faizədək olmaq şərtilə 20 000 (iyirmi min) manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla “Borcalan”a verə bilər. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi min. 16 % - max. 40% faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. xx.xx.2022 tarixli 298nkCNTRb/22 saylı kredit müqaviləsinə sazişdən görünür ki, Tərəflər arasında bağlanmış xx.xx.2022 il tarixli 298nkCNTRb/22 saylı kredit müqaviləsinə aşağıdakı yeni şərtlərin əlavə edilməsi barədə razılığa gəldilər: "Bank» borcalanın mövcud ödəniş kartına xx.xx.2025 il tarixinədək, illik 21 (iyirmi bir) faiz ödəmək şərtilə 10000.00 (on min manat) manat məbləğində krediti köçürməklə, "Borcalan”ın mülkiyyətinə verir. "Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "Əlavə N1" ödəniş qrafikinə əsasən müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16%, maksimum 40% faiz təşkil edir. Borcalan kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına görə 0.0 manat məbləğdə, nağd pulun çıxarılmasına görə 0.0 manat, kredit müraciətinə görə 5 manat məbləğdə komisyon haqlarını «Bank»a ödəyir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, 298nkCNTRb/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (5471,89 manat əsas, 993,48 manat faiz, 470,89 manat cərimə, cəmi 6936,26 manat) barədə məlumat verilmiş, həmin borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə Banka 5471,89 manat əsas, 993,48 manat faiz, 470,89 manat cərimə olmaqla, cəmi 6936,26 manat məbləğində borcu mövcuddur. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407. Müqavilənin bağlanması anı. 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 408. Oferta. 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Maddə 409. Aksept. 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə borcuna görə 470.89 manat tələb edir. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 470.89 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq, cərimə borcunun 200 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmən hesab edir ki, müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borca görə 5471,89 (beş min dörd yüz yetmiş bir manat səksən doqquz qəpik) manat, faiz borcuna görə 993,48 (doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) manat, cərimə borcuna görə 200 (iki yüz) manat olmaqla, cəmi 6665,37 (altı min altı yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 86,65 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 5471,89 (beş min dörd yüz yetmiş bir manat səksən doqquz qəpik) manat, faiz borcuna görə 993,48 (doqquz yüz doxsan üç manat qırx səkkiz qəpik) manat, cərimə borcuna görə 200 (iki yüz) manat olmaqla, cəmi 6665,37 (altı min altı yüz altmış beş manat otuz yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 86,65 (səksən altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar