Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-559/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 2000 (iki min) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 40 (qırx ) manat, cəmi 2040 (iki min qırx) manat pulun tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh ilə xx.xx.2023-cü il tarixində 2000 (iki min) manat pul vəsaiti vermişdir. Həmin vəsaiti cavabdehə məxsus Leobank kartına köçürmüşdür. Cavabdeh yazılı qəbz yazmış və anasının xəstə olmasını bildirmiş, bu adla iddiaçıdan həmin məbləği almışdır. Cavabdehlə iddiaçının həyat yoldaşı iş yoldaşı olmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin şəxs bu kimi işlərlə məşğuldur, bir neçə işçidən də vəsaitlər almışdır, sonradan naməlum səbəblərdən işdən ayrılmışdır. Hazırda o, pulunu başqa qaydada ala bilmir, ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Dəfələrlə danışıqlar edilmişdir ki, ödənişlər edilsin, lakin hər dəfəsində müxtəlif bəhanələr gətirilərək ödənişlərin edilməsindən süni şəkildə yayınmağa nail olmuşdur. İddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa hazırki iddianın qaldırılması üçün ödənimiş dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi zərurəti vardır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, cavabdehin kartının onda olması yalandır, cavabdeh təxminən 1400 manat maaş alırdı, cavabdehin kartı iddiaçı olsaydı, bütün borcunu oradan çıxardı. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona faizlə 1400 manat pul vermişdi, 600 manat da sonradan verdi. İddiaçıdan 1400 manat istəyəndə iddiaçı ona karta 2000 manat pul göndərdi və dərhal 600 manatını götürdü ki, ümumilikdə 2000 manat borc götürdüyüm rəsmiləşsin. O, iddiaçıdan ümumi 2000 manat götürmüşdür. Onun sübutları var ki, ondan pullar alıblar. Bir ildir ki, əmək haqqı kartı iddiaçıdadır. İddiaçı hər ay ordan 200 manat götürürdü, qalan məbləği isə onun başqa kartına atırdı. O, bankdan əmək haqqının kim tərəfindən alınmasını təsdiq etmək üçün görüntüləri tələb etmiş, lakin ona görüntülər təqdim olunmamışdır. Onun maaşı təxminən 1400 manat olmuşdur. O, iddiaçıya artıqlaması ilə pul ödənişi etmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları Cavabdeh adından imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı anası xəstə olduğu üçün 2000 (iki min) manat pul borc almışdır. Qısa müddət ərzində qaytaracağına söz verir. Qəbzdə “Qəbzi yazarkən mənə heç bir təzyiq olmamışdır. Qəbzi imzamla təsdiq edirəm.” qeydi olmuşdur. Mpay-ın xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Cavabdeh kart hesabına 2000 manat məbləğində ödəniş edilmişdir. İşin faktiki halları İddiaçı Cavabdeh 2000 manat məbləğində borc pul verdiyini, lakin cavabdehin aldığı borcu geri qaytarmadığını iddia etmişdir. Cavabdeh iddiaçıdan 2000 manat borc pul aldığını qəbul edir, lakin sözügedən borcu qaytardığını qeyd edərək iddianı qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 2000 (iki min) manat məbləğində borc pul vermişdir. Cavabdeh iddia tələbi ilə razılaşmayaraq iddiaçıdan götürdüyü borc məbləğini iddiaçıya qaytardığını bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi yeganə sübut özünün əmək haqqından başqa bir bank kartına vəsaitin köçürülməsinə dair hesabdan çıxarış olmuşdur. Həmin sübutun isə işin hallarına hər hansı bir aidiyyəti müəyyən edilmir. Hazırda İddiaçı, Cavabdeh 2000 (iki min) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat olmaqla, cəmi 2040 (iki min qırx) manat pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələbi əsaslıdır.
Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2000 (iki min) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində borc, məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx) manat olmaqla, cəmi 2040 (iki min qırx) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova