Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5596/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh Baloğlan qızına qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh Baloğlan qızının cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İlk iddia tələbi və əsaslandırıldığı hallar İddiaçı Cavabdeh Baloğlan qızına qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D”y/s, 26 saylı evin 52 nömrəli mənzilə istifadə hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Baloğlan qızı onun bacısıdır. O, bacısının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 26 saylı evin, 52 nömrəli mənzilində daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla 1997-ci ildən 2022-ci ilə qədər faktiki olaraq yaşamış və onunla birlikdə birgə təsərrüfat idarə etmişdir. Sözügedən mənzili bacısı öz şəxsi vəsaiti hesabına deyil, ata mülkləri olan Bakı şəhəri, Gəncə prospekti, ev 47a, 35 nömrəli mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına əldə etmişdir. Bacısı ona söz vermişdir ki, “ata mülkin satıb sənə də ev almaq üçün köməklik edəcəm”. Lakin cavabdeh ata mülkləri olan mənzili sataraq özünə qeyd olunmuş ünvanda yerləşən bu evi almış və ona isə ev almaq üçün heç bir köməklik etməmişdir. O, mübahisə predmeti olan bu mənzildə bacısı və onun ailə üzviləri ilə birlikdə yaşamağa başlamışdır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhər İH-nin MKTİ-nin 180 nömrəli Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 01-682 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından da göründüyü kimi həmin mənzildə pasport qeydiyyatındadır və xx.xx.2022-ci il tarixə qədər, yəni 25 il həmin mənzildə yaşamışdır. Lakin sonradan bacısı ilə münasibətləri pisləşmiş və o, məcbur olub hazırda yaşdığı evə köçmüşdür. Qarşılıqlı iddia tələbi və əsaslandırıldığı hallar İddiaçı Cavabdeh Baloğlan qızı cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi 101884). Həmin tarixdən göstərilən mənzilin mülkiyyətçisidir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Əvvəllər qardaşı da onunla birlikdə həmin mənzildə yaşayırdı. xx.xx.2022-ci il tarixdə qardaşı özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz evə köçüb orada yaşayır. Bu halı təsdiq edəcək sübutları iddia ərizəsinə əlavə etmişdir. Qardaşına evindən qeydiyyatdan çıxması üçün dəfələrlə müraciət etmişdir, lakin evindən qeydiyyatdan çıxmaq istəmir. Onun qeydiyyatdan çıxarılması ilə bağlı tərəfindən Suraxanı Rayon Polis İdarəsinə müraciət olunmuş və müraciətinin müsbət həlli mümkün olmadığından ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qardaşının ona məxsus mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində ona maneələr yaradır. Həmçinin onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qaldığına görə mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. Beləliklə də, hesab edir ki, məhkəmə tərəfindən cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməlidir. Qarşılıqlı iddia tələbinə etiraz İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsində də iddia tələbinin qanuni olduğunu kifayət qədər əsaslandırmışdır. Belə olan halda cavabdeh X1 belə qaışılıqlı iddia tələbi irəli sürməsi tamamilə absurddur. Yəni, mübahisə predmeti olan mənzilə hələ ki, mövcud olmayan istifadə hüququnun xitam verilməsini məhkəmədən tələb etmək tamamilə absurd və məntiqsiz olmaqla yanaşı, eyni zamanda qanunsuzdur. Cavabdeh belə bir tələb irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Əgər gələcəkdə məhkəmə tərəfindən onun həmin mənzilə istifadə hüququ tanınarsa, yalnız bundan sonra bacısı ona qarşı həmin tələblə məhkəməyə müraciət edə bilər. İndiki halda isə sözügedən mənzilə dair olmayan istifadə hüququna xitam verilməsinə dair məhkəməyə iddia verilməsi nəinki qanuni baxımdan düzgün deyil, eyni zamanda tamamilə absurt və məntiqsizdir. Odur ki, bu qarşılıqlı iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməli və onun qanuni iddia ərizəsi təmin olunmalıdır. Tərəflərin izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı izahatında bildirdi ki, mübahisələndirilən mənzilə 2008ci ildən qeydiyyata düşüb və orada yaşayıb. 2023-cü ildən isə orada yaşamır. İlkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmdən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi, qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, həmin ev 1997-ci ildə bacısının adına qeydiyyata keçmişdir. Anası sağ olanda anasının evini satıb bacısına ev alıblar, ancaq oğul kimi onların da o evdə payı var idi. Anası 1994-cü ildə ölmüşdür. Anasından miras qalan bağ xx.xx.2023-cü il tarixdə İddiaçı və Cavabdeh razılığı ilə satılıb, Vaqif mirasda öz payından imtina edib, qarşılığında isə Həmayıl ona nələrsə verəcəyinin vədini verib, ancaq pulun bölgüsündə aralarında narazılıqlar olub. Bu mübahisələr dekabr ayına kimi davam edib. Dekabr ayında isə Vaqifi məcbur həmin evdən çıxartmışlar. Həmçinin, qarşı tərəf MTK-dan İddiaçı orada yaşamadığına dair arayış təqdim edib, halbuki, qardaşı orada 2023-cü ilin dekabr ayınadək yaşayıb. İlkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Baloğlan qızı iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, həmin mənzil 1997-ci il tarixdən onun mülkiyyətindədir. Özünün torpaq sahəsi var idi, 1 il olar ki, qardaşı Vaqifə verib, Vaqif də həmin torpaqda olan tikilidə yaşayır. Qardaşı boşandıqdan sonra 15-20 il onlarda qalıb. 2008-ci il tarixdə qeydiyyata düşüb, qeydiyyata düşmədən əvvəl gəlib 1-2 ay qalıb gedirdi. Ancaq 2008-ci il tarixdə qeydiyyata düşdükdən sonra daimi onlarda qalmışdır. İlkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddia tələbi üzrə cavabdehin nümayəndəsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı 1997-ci il tarixdən daimi olaraq orada qeydiyyatda yaşadığını bildirmiş, sonra isə 2008-ci ildən qeydiyyata düşdüyünü bildirmişdir. Nənəsi sağ olanda nənəsinə 4 otaqlı ev verilib, böyük dayısı özünə ev alıb, həmin evdən çıxıb. Nənəsi də ona verilmiş evi satıb, 2 otaqlı ev alıb və anası ilə, yəni nənəsi öz qızı ilə orada yaşayıb. 2 otaqlı evin pulunu isə dayısına verib ki, dayısı Vaqif özünə ev alsın. Dayısı Vaqif də özünə ev alıb, sonradan arvadı ilə boşanıb və həmin evi də arvadı və uşaqlarına verib, özü də həmin evdən çıxıb. Həmin evdən çıxdıqdan sonra bu evdə qeydiyyata düşənədək gəlib gedirmiş, qeydiyyata düşdükdən sonra isə bu evdən də pay istəmişdir. İddiaçı 2022-ci ildən orada yaşamamasına dair qonşular tərəfindən akt tərtib edilib. Mübahisələndirilən ev 1997-ci ildən anasının mülkiyyətindədir. Bağ satıldığı zaman Nümayəndə1 da, İddiaçı da bundan xəbəri olub. Nümayəndə1 özünün evi olduğunu deyib imtina edib, İddiaçı isə yazılı şəkildə bağdakı payından imtina edib. Alqı-satqı aparılan zaman İddiaçı orada olmamış, bağın çox xərc tələb etdiyini, pulunun olmadığını bildirmişdir. Vaqif daha əvvəl dəfələrlə 5-6 dəfə gedib kirayədə qalıb, hətta o, gedib kirayədən onun əşyalarını öz evinə gətirib, ancaq Vaqif narahatlıq vermək istəmədiyini demişdir. Vaqif özünə ev tikirdi, sonrada arvadı ilə boşanmış və istifadə hüququ ola-ola evdən çıxmışdır. Onlarda yazıqları gəldiyi üçün onu öz evlərinə gətirmişlər. İlkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s ev 26, mənzil 52 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Baloğlan qızının adına 93 nömrəli reyestr kitabında 21166 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 54/2-5-11b3b/11/25 nömrəli, xx.xx.2025-ci il tarixli vətəndaş Cavabdeh sorğusuna cavabda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyil, bu məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 180 nömrəli Mənzil tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “D” y/s, 26 saylı mənzilin, 52 saylı evində xx.xx.2022-ci il tarixədək pasport qeydiyyatında olub, hal-hazırda həmin mənzildə yaşamır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı
1. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı mübahisənin düzgün həlli baxımından yaşayış sahəsindən istifadə hüququna dair normalar nəzərdən keçirilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının mövcud olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Baloğlan qızının adına xx.xx.1997-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İş üzrə tərəflər bacı-qardaşdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində həmin mənzildə 1997-ci ildən fasiləsiz yaşadığını qeyd etsə də, tərəflərin izahatından, elecə də İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatından (xx.xx.2025-ci il tarixli məhkəmə iclasının 07:35-ci dəqiqəsində) müəyyən edildi ki, mülkiyyətçinin qardaşı olan İddiaçı 2008-ci ildən həmin ünvanda qeydiyyata düşməklə, həmin tarixdən mübahisəli ünvanda yaşamışdır. Odur ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq olunmalıdır. Həmin məcəllənin 228.1 və 228.2-ci maddələrinin görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün bir sıra mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1)mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması 2)həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi 3)istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). İş materiallarından da göründüyü kimi, tərəflərin mənzildən istifadə hüququ barədə notarial qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Həmçinin o, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvləri kateqoriyasına aid deyil. Həmin şəxslərin dairəsi MM-nin 228.5-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərə münasibətdə notarial qaydada təsdiqlənmiş yazılı razılığa hər hansı zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən maddi hüquq normasının hazırkı işə tətbiqi baxımından nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvü olmayan digər şəxsin, yəni hazırkı iş üzrə cavabdehin mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ yalnız həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı təqdirdə əmələ gələ bilər. Lakin, hazırkı iş üzrə mülkiyyətçinin belə bir yazılı razılaşma olmamış, İddiaçı tərəfindən yaşayış sahəsindən istifadə hüquqlarının əmələ gəlməsi və ya davam etdirilməsi ilə bağlı razılaşma və ya bu hüququn saxlanmasına əsas ola biləcək hallar üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Onun həmin fərdi mənzildə qeydiyyatda olması isə istifadə hüququn yaranması üçün əsas deyil. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququ olmadığından ilkin iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh Baloğlan qızı cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini tələbini irəli sümüşdür. Yuxarıda sadalananlardan isə müəyyən olunur ki, İddiaçı mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan hüquqa xitam verilməsi halı da mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin mənzildə pasport qeydiyyatda qalması ilkin iddia üzrə iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır. İlkin iddia üzrə iddiaçı iddia irəli sürməklə mülkiyyət hüququnun həyata keçirilməsinə olan məhdudiyyətlərin aradan qaldırılmasına nail olmağa çalışmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilsə belə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzilə istifadə hüququ olmadığından hazırkı qətnamə onun Cavabdeh Baloğlan qızına məxsus mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qarşılıqlı iddia üzrə cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qarşılıqlı iddia üzrə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar qarşılıqlı iddia üzrə cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin qarşılıqlı iddia üzrə iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ilkin və qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh Baloğlan qızına qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair (ilk iddia), iddiaçı Cavabdeh Baloğlan qızının cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi (Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İlk iddia təmin edilməsin. İddiaçı Cavabdeh Baloğlan qızına qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. İddiaçı Cavabdeh Baloğlan qızı cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh Baloğlan qızının özünə aid edilsin. Bu qətnamə İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva