Məhkəmə qərarları › İş №2(010)-5630/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5630/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5630/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 70.000 (yetmiş min) manat məbləğində əsas borcun, hesablanmış 30.625 (otuz min altı yüz iyirmi beş) manat məbləğində bank uçot dərəcəsinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, cəmi 125.155 (bir yüz iyirmi beş min bir yüz əlli beş) manat pulun iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3-ın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə Cavabdeh arasında 09.09.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən X1 Yaşar Hümbət oğluna 76.000 (yetmiş altı min) manat məbləğində borc vermiş, borc alan krediti 09.09.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən, Cavabdeh həmin borcu vaxtında ödəməzsə, Hacıyev Vaqif həmin müqavilə üzrə iddia qaldırmaq hüququna malikdir. Kredit müqaviləsindən də göründüyü kimi kredit məbləği 09.09.2014-cü il tarixədək gec olmayaraq qaytarılmalı idi. Lakin həmin müddətdən sonra cavabdeh yalnız 10.12.2016-cı il tarixində 1.000 manat, 22.11.2018-ci il tarixində isə 5.000 manat ödəniş etmişdir. Bundan sonra isə heç bir ödəniş etməmiş, qalan borcu ödəməkdən yayınmışdır. 08.02.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 02.09.2021-ci il tarixli, 3332 nömrəli arayışına əsasən, X6 06.01.2021-ci il tarixdə vəfat etmişdir və vərəsələrin dairəsi müəyyən edilmişdir. Miras qoyanın vərəsələri (övladları): Gadzhiev Bakhshali (Hacıyev Baxşəli); Gadzhieva Reya (Hacıyeva Röya) və Gadzhiev Abil (Hacıyev Habil). Cavabdeh iddiaçıları aldatmış, onların əmlakını - pulunu mənimsəmişdir. İddiaçılar hazırda cavabdehin qanunsuz sahibliyində olan əmlakını, yəni 70.000 (yetmiş min) manat məbləğində kredit pulunu tələb edir. İddiaçılar cavabdehdən pulunu dəfələrlə tələb etmiş, cavabdeh pulu ödəməkdən yayınmış, pulu verəcəyini bildirsə də bu günə qədər qalan borcu verməmişdir. İddiaçıların cavabdehdən kredit pulunu almaq cəhdləri baş tutmadığından iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin onlara geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən ərizə təmin edilməmişdir. İşə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, “iddia tələbinin əsasının və predmetinin dəyişdirilməsi barədə” ərizə təqdim edərək, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə 10.000 manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini dəyişdirərək, cavabdehdən onlara vurulmuş mənəvi ziyanın tutulmasını xahiş edirlər. Belə ki, Cavabdeh tərəfindən iddiaçılara mənəvi ziyan dəymişdir ki, həmin mənəvi ziyanın məbləğini 10000 manat məbləğində müəyyənləşdirirlər. Tərəflərin izahatları İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 Şəms qızı məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı üzrlü olaraq və “Covid-19” testi verdiyindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və mənəvi zərərlə bağlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaya etiraz edir. O, mərhum Vaqif Hacıyevlə dükan götürüb şərikli işləmişdir. Vaqif müəllim mal verirdi, o da malın pulunu verirdi. Kredit müqaviləsi formal bağlanmışdı, çünki mütəmadi olaraq mal götürüb borclu qalırdı, sonra isə borcunu qaytarırdı. Münasibətləri yaxşı olduğundan mütəmadi olaraq mallar alınıb-veriləndə aralarında heç bir sənəd imzalanmamışdır. Vaqif müəllimlə biznes münasibətləri çoxdan sonlanıb və onun mərhuma heç bir borcu qalmayıb. X7 vərəsələri olan iddiaçılar İddiaçı1, Gadzhıyeva Rena və Gadzhıev Abilin ona qarşı 10000 manat məbləğində mənəvi zərərin tutulması barədə iddia tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mənəvi təzminat tələbi şəxsi xarakterli öhdəlikdir və vərəsəliklə əlaqəli deyildir. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Göründüyü kimi mənəvi zərərin tutulması barədə tələb əsassız olduğu üçün rədd edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçılar İddiaçı1, Gadzhıyeva Rena və Gadzhıev Abil-in xeyrinə 10 000 manat məbləğində mənəvi zərərin tutulması barədə iddia tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 09.09.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, Vaqif Hacıyev Cavabdeh 09.09.2015-ci il tarixinədək qaytarılmaq şərti ilə 76.000 (yetmiş altı min) manat məbləğində pul vermişdir. 10.12.2016-cı il tarixli aktdan görünür ki, Cavabdeh 09.09.2014-cü ildə kredit müqaviləsi ilə Hacıyev Vaqifdən aldığı 76 000 (yetmiş altı min) manatın 1000 (bir min) manatını 10.12.2016-ci ildə qaytarmışdır, Cavabdeh 75 000 (yetmiş beş min) manat məbləğində borcu qalmışdır. Qeyd edilən akt alan-Vaqif Hacıyev tərəfindən imzalanmış, ödəyici qrafası imzalanmamışdır. 22.11.2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh 09.09.2014-cü ildə kredit müqaviləsi ilə Hacıyev Vaqifdən aldığı 75 000 (yetmiş beş min) manatın 5000 (beş min) manatını 22.11.2018-ci ildə qaytarmışdır, Cavabdeh 70 000 (yetmiş min) manat məbləğində borcu qalmışdır. Qeyd edilən akt alan-Vaqif Hacıyev tərəfindən imzalanmış, ödəyici qrafası imzalanmamışdır. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 02.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 06.01.2021-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat’ın 7-ci bəndinə əsasən, İddiaçı2, İddiaçı1 və İddiaçı3n miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin əsaslılığına dəlalət edən sübutlar olmadığına görə iddia tələbi əsassızdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçıların mənəvi ziyan tələb etmələrinin əsası cavabdehin onların mərhum ataları ilə bağladığı müqaviləni icra etməməsidir. İddiaçılar ərizədə mənəvi ziyan tələbini əsaslandırmasalar belə, işin faktiki hallarından məlum olur ki, iddia tələbinin əsası cavabdehin müqavilə üzrə borc öhdəliyini yerinə yetirməməsidir. Məhkəmə 09.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən müəyyən edir ki, Vaqif Hacıyev Cavabdeh 09.09.2015-ci il tarixinədək qaytarılmaq şərti ilə 76.000 (yetmiş altı min) manat məbləğində pul vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh sözügedən kredit müqaviləsinin formal xarakterli olduğunu, Vaqif Hacıyevə qarşı borc öhdəliyinin olmamasını bildirsə də, bu faktların təsdiqi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Lakin iddiaçıların borc öhdəliyinin icra edilməməsi nəticəsində mərhum atalarına vurulmuş mənəvi ziyanı tələb etməsi halında məhkəmə qeyd edir ki, mənəvi ziyan vərəsəlik qaydasında keçən tələblərdən deyildir və bu səbəbdən iddia tələbi əsaslı sayıla bilməz. Bununla bağlı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında vurğulanır ki, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir. İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir. İddiaçılar cavabdeh tərəfindən borcun ödənilməməsi nəticəsində onlara mənəzi ziyan vurulduğunu əsas götürərək hazırkı tələblə məhkəməyə müraciət etmişlərsə, bu halda da iddia tələbi təmin edilə dilməz. Belə ki, iddiaçılar onlara hansı qaydada mənəvi ziyanın vurulması faktını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında göstərilmişdir ki “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». İddiaçılar iddia edir ki, Cavabdeh tərəfindən iddiaçılara 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçılar bunu cavabdehin öz borcunu ödəməməsi ilə əsaslandırmışlar, lakin cavabdehin borcu ödəməməsi nəticəsində yuxarıda qeyd edilən qərarda göstərildiyi kimi hansı fiziki və psixi iztirablar keçirməsi, bununla da onlara mənəvi ziyan dəyməsini əsaslandırmamış, məhkəmə zamanı iddia tələbinin əsaslığı barədə məhkəməyə heç bir rəsmi və mötəbər sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “10.000 manat məbləğində mənəvi zərərin tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar