Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5671/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə ödənilməmiş 441,50 (dörd yüz qırx bir manat əlli qəpik) manat əsas borc, 110 (bir yüz on) manat dəbbə pulu, 30 (otuz) manat dövlət rüsumu məbləğini, cəmi 581 (beş yüz səksən bir) manat, 50 (əlli) qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh arasında 04.07.2019-cu il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 630 (altı yüz otuz) manat olan «SUPRA SA12HSBİ/HSBO» markalı 1 (bir) ədəd kondisioner almışdır. İlkin ödəniş olaraq cavabdeh 30 (otuz) manat ödəmişdir. Müqavilə imzalandıqdan sonra cavabdeh 158 (bir yüz əlli səkkiz) manat, 50 (əlli) qəpik ödəniş etmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək ilə, alınan kondisionerin dəyərini ödəməli idi, ancaq qeyd olunan ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətimizə bu günə olan borcu 441 (dörd yüz qırx bir) manat, 50 (əlli) qəpik təşkil edir. Müqavilənin 5.4 bəndinə əsasən Alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il avqust ayının 20-nə dəbbə pulu 110 (bir yüz on) manat təşkil edir. Dəfələrlə xəbərdar etməyimizə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə ərizə formasında (iş materiallarına əlavə olunmuşdur) qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmiş, lakin məktubun göndərildiyi zərf poçt rabitəsi xidməti tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Emin Eminzadə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə baxışının keçirilməsi nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 0006453 №-li 04.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC «SUPRA SA12HSBİ/HSBO» markalı 1 (bir) ədəd kondisioneri Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 50 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş 23.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanılmış 04.07.2019-cu il tarixli, ******* №-li alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh cəmiyyətə olan əsas borcu 441 (dörd yüz qırx bir) manat, 50 (əlli) qəpik təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% - i miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci ilin avqust ayının 20-ə dəbbə pulu 110 (bir yüz on) manat təşkil edir. Cavabdeh "xxxx" MMC- yə ümumi borcu 551 (beş yüz əlli bir) manat 50 (əlli) qəpik təşkil edir. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında ******* №-li 04.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 630 manat olan özünə məxsus «SUPRA SA12HSBİ/HSBO» markalı 1 (bir) ədəd kondisioneri cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin həmin müqavilə üzrə 441,50 manat məbləğində əsas borc, 110 manat məbləğində cərimə borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satql müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq ******* №-li 04.07.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 20 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan ******* №-li 04.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 441,50 (dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 461,50 (dörd yüz altmış bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh oğlundan ******* №-li 04.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 441,50 (dörd yüz qırx bir manat əlli qəpik) manat, cərimə borcuna görə 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 491,50 (dörd yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova