Məhkəmə qərarları › İş №2(010)-572/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-572/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-572/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Əsədov Cavid Həbib oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı ASC-nin xeyrinə 03 fevral 2021- ci il tarixli kredit müqaviləsi üzrə 9137,88 manat əsas borc, 1009,71 manat faiz borcu və 66,47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.214,06 manat borcun və 120,64 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03 fevral 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi. İddia tələbinin dəlilləri Cavabdeh 03.02.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 36 ay müddətinə 10.000 manat kredit götürmüşdür. 31.03.2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 03 fevral 2024-cü il tarixədək müəyyən edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il noyabrın 26-dək Cavabdeh banka 03.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9137,88 manat əsas borc, 1009,71 manat faiz borcu və 265,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.413,47 manat borcu vardır. Cavabdeh 03 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 265,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 66,47 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Əsədov Cavid Həbib oğlu iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 11-Y-1-0-206-21 saylı 03.02.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" ASC-dən illik 23 faizlə 36 ay müddətinə 10.000 manat məbləğində borcunun qaytarılmasını Cavabdehoğlu öz üzərinə götürmüşdür. 31.03.2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 03 fevral 2024-cü il tarixədək müəyyən edilmişdir. 03.02.2021-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-dən 10.000 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 26.11.2021-ci il tarixədək 9137,88 manat əsas borc, 1009,71 manat faiz borcu və 265,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10413,47 manat məbləğində borcu vardr. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 11-Y-1-0- 206-21 saylı 03.02.2021-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdeh illik 23 faizlə 36 ay müddətinə 10.000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarında əsasən müəyyən olunur ki, cavabdehin 11-Y-1-0-206-21 saylı 03.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə 26.11.2021-ci il tarixədək 9137,88 manat əsas borc, 1009,71 manat faiz borcu və 265,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10413,47 manat məbləğində borcu vardır. Cavabdeh 03 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 265,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 66,47 manat məbləğində tələb olunmuşdur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 03.02.2024-cü il tarixədək müəyyən edildiyindən və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 11-Y-1-0-206-21 saylı, 03.02.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 11-Y-1-0-206-21 saylı, 03.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9137,88 (doqquz min bir yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat, faiz borcuna görə 1009,71 (bir min doqquz manat yetmiş bir qəpik) manat və cərimə borcuna görə 66,47 (altmış altı manat qırx yeddi qəpik) manat olmaqla, ümumilikdə cəmi 10.214,06 (on min iki yüz on dörd manat altı qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 120,64 (yüz iyirmi manat altmış dörd qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.02.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11-Y-1-0-206-21 saylı, 03.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9137,88 (doqquz min bir yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat, faiz borcuna görə 1009,71 (bir min doqquz manat yetmiş bir qəpik) manat və cərimə borcuna görə 66,47 (altmış altı manat qırx yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 120,64 (yüz iyirmi manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar