Məhkəmə qərarları › İş №2(010)-5728/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5728/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5728/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4605.71 manat məbləğində əsas borcun, 775.39 manat məbləğində faiz borcunun, cəmi 5381.1 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla, cəmi 6000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini və təmin edilməsinə heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli, CC/03847/74 saylı kredit sazişindən görünür ki, Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 23%-lə 6000 manat məbləğində kredit verilmişdir. 25.02.2020-ci il tarixli ödəniş cədvəli ilə müqavilə üzrə ödənişlərin 25.03.2020 – 25.02.2023-cü il tarixləri arasında aylıq 232.26 manat (sonuncu ay 233.35 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. 10.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25.02.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 4605.71 manat əsas, 477.60 manat məbləğində faiz borcu var. 02.08.2021-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borclu Cavabdeh müqavilə üzrə borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli saylı kredit sazişinə əsasən bank tərəfindən borc alana 36 ay müddətinə, illik 23%-lə 6000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hər bir halda məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə kifayətlənmir və etirafın qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin, eləcə də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, cavabdeh qeyd edilən kredit məbləğinin iddiaçı Bankdan götürmüş, kredit borcunu ödəniş cədvəlinə uyğun şəkildə qaytarmağı öhdəsinə götürsə də öhdəliyini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın etirafı qanuna uyğundur və heç bir tərəfin qanunla qorunan hüquqlarını pozmur. Ona görə də məhkəmə hesab edir ki, etiraf qəbul edilməlidir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 10.11.2021-ci il tarixli maliyyə arayışından cavabdeh tərəfindən sonradan edilmiş ödənişlər hesabına faiz borcunun 775.39 manatdan 477.60 manata düşdüyü görünür. Buna baxmayaraq, iddiaçı Bank tərəfindən iddia tələbinin həcminin faiz borcuna münasibətdə azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Belə olan halda məhkəmə faiz borcuna münasibətdə iddianın qismən – 477.60 manat həcmində təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanılmış kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 25.02.2020-ci il tarixli müqavilə üzrə 4605.71 manat əsas və 477.60 manat faiz olmaqla, cəmi 5083.31 manat (beş min səksən üç manat otuz bir qəpik) məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərlə yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, iş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən müvafiq kredit müqaviləsi üzrə 500 manat məbləğində ödəniş edilmiş, iddiaçı Bank bu ödənişin 30.40 manatını məhkəmə xərci kimi cavabdehdən tutmuşdur. Belə olan halda artıq iddiaçı tərəfindən cavabdehdən alınmış məhkəmə xərcinin məhkəmə tərəfindən təkrar cavabdehdən iddiaçının xeyinə tutulması yolverilməzdir. Odur ki, iddia dövlət rüsumu ilə bağlı hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25.02.2020-ci il tarixli müqavilə üzrə 4605.71 manat əsas və 477.60 manat faiz olmaqla, cəmi 5083.31 manat (beş min səksən üç manat otuz bir qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli müqavilə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar