Məhkəmə qərarları › İş №2(010)-5740/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5740/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5740/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05.06.2015ci il tarixli, 6-Z1 -2-0-599-15 saylı kredit müqaviləsi üzrə 2484,17 ABŞ dolları əsas borc, 569,71 ABŞ dolları faiz borcu və 280,98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3371,61 ABŞ dolları borcun, Cavabdeh1 30.12.2014-cü il tarixli 6-Y-1-0-2515-14 №-li kredit müqaviləsi üzrə 497,34 manat əsas borc, 151,71 manat faiz borcu və 69,39 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 724,59 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması. İddia tələbinin dəlilləri Cavabdeh1 05.06.2015-ci il tarixli 6-Z1-2-0-599-15 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 2850 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 26 yanvar 2021 -ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 30.12.2014-cü il tarixli, 6-Y-1-0-2515-14 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 12 ay müddətinə 500 manat məbləğində kart vasitəsilə kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 24-dək Cavabdeh1 banka 05 iyun 2015-ci il tarixli 6-Zl-2-0-599-15 №-li kredit müqaviləsi üzrə 2484,17 ABŞ dolları əsas borc, 569,71 ABŞ dolları faiz borcu və 280,98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3371,61 ABŞ dolları borcu və 30.12.2014-cü il tarixli 6-Y-1-0-2515-14 saylı kredit müqaviləsi üzrə 497,34 manat əsas borc, 151,71 manat faiz borcu və 69,39 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, borcu olmaqla ümumilikdə cəmi 724,59 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli, 6-Z1-2-0-599- 15 saylı kredit müqaviləsinə əsasən ona illik 30 faizlə 24 ay müddətinə 2850 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla onun arasında bağlanmış kredit müqaviləsindən də göründüyü kimi kredit müqaviləsi onunla bank arasında 24 ay müddətinə bağlanmış və həmin kredit müqaviləsi üzrə iddia tələbinin qaldırılması üçün müddət bitmişdir. "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 30.12.2014-cü il tarixli, 6-Y-1-0-2515-14 saylı kredit müqaviləsinə əsasən ona illik 30 faizlə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Bankla onun arasında bağlanmış kredit müqaviləsindən də göründüyü kimi kredit müqaviləsi onunla bank arasında 12 ay müddətinə bağlanmış və həmin kredit müqaviləsi üzrə iddia tələbinin qaldırılması üçün də müddət bitmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 05.06.2015-ci il tarixli, 6-Z1 -2-0-599-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcluya illik 30 faizlə 24 ay müddətinə 2850 ABŞ dolları məbləğində kredit verilmişdir. 05.06.2015-ci il tarixli 6-Z1-2-0-599-15 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 30.12.2014-cü il tarixli, 6-Y-1-0-2515-14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcluya illik 30 faizlə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. 24.09.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 iddiaçı banka 05.06.2015-ci il tarixli 6-Z1-2-0-599-15 saylı kredit müqaviləsi üzrə 2484,17 ABŞ dolları əsas borc, 569,71 ABŞ dolları faiz borcu və 280,98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 36,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3371,61 ABŞ dolları məbləğində borcu vardır. 24.09.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 30.12.2014-cü il tarixli, 6-Y-1-0-2515-14 saylı kredit müqaviləsi üzrə iddiaçı banka 497,34 manat əsas borc, 151,71 manat faiz borcu və 69,39 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, borcu olmaqla ümumilikdə 724,59 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əməl gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla əlaqədar məhkəmə xatırladır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Sözügedən qərarda həmçinin qeyd edilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.06.2015-ci il tarixli, 6-Z1 -2-0-599-15 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə qarşı məhkəmədə tələbinə dair iddia irəli sürməsi üçün iddia müddəti keçmişdir. Belə ki, 05.06.2015-ci il tarixli, 6-Z1 -2-0-599-15 saylı kredit müqavilə üzrə cavabdeh illik 30 faizlə 24 ay müddətinə 2850 ABŞ dolları məbləğində kredit götürmüş və həmin 24 ay müddət bitdiyi vaxtdan hesablanmaqla iddiaçı 3 il ərzində cavabdehə qarşı məhkəmədə iddia irəli sürə bilərdi. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2014 -cü il tarixli, 6-Y-1-0- 2515-14 saylı kredit müqavilə üzrə iddiaçının cavabdehə qarşı məhkəmədə tələbinə dair iddia irəli sürməsi üçün iddia müddəti keçmişdir. Belə ki, 30.12.2014-cü il tarixli, 6-Y-1-0- 2515-14 saylı kredit müqavilə üzrə cavabdeh illik 30 faizlə 12 ay müddətinə 500 manat məbləğində məbləğində kredit götürmüş və həmin 24 ay müddət bitdiyi vaxtdan hesablanmaqla iddiaçı 3 il ərzində cavabdehə qarşı məhkəmədə iddia irəli sürə bilərdi. Lakin iddiaçı məhkəmədə həddən artıq gecikməklə və iddia müddətini ötürməklə, yalnız 30.09.2021-ci il tarixində cavabdehlərə qarşı müqavilə tələbi üzrə iddia irəli sürmüşdü. Cavabdeh1 nümayəndəsi X4 isə bunları əsas gətirərək məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə müəyyən edildiyi kimi iddiaçı cavabdehlərə qarşı iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdü və məhkəmə Cavabdeh1 nümayəndəsi X2 bu haqda ərizəsini əsaslı sayaraq bu səbəbdən də ona münasibətdə iddianın rədd edilməsi nəticəsinə gəlir. Hazırki mülki iş üzrə digər Cavabdeh2 münasibətdə məhkəmə hesab edir ki, iddiaçının ona qarşı iddia tələbi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmçinin həmin Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Beləliklə, sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar