Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5745/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3771,96 manat əsas borc, 12,19 manat faiz borcu və 10,83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3794,98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi. İddia tələbinin dəlilləri Cavabdeh1 25.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 25.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 4283,27 manat olmaqla kreditin müddəti 25.11.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 24-dək Cavabdeh1 banka 25.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3771,96 manat əsas borc, 12,19 manat faiz borcu və 10,83 manat cərimə borcu olmaqla, ümumilikdə 3794,98 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatında göstərdi ki, o, iddiaçı banka olan borcunu birdəfəyə ödəyə bilmir. Həmin borcu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh1 25.11.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 25.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 4283,27 manat olmaqla kreditin müddəti 25.11.2024-cü il tarixədək uzadılmışdır. 25.11.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 24.09.2021-ci il tarixədək 3771,96 manat əsas borc, 12,19 manat faiz borcu və 10,83 manat cərimə borcu olmaqla, ümumilikdə 3794,98 manat məbləğində borcu vardr. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 25.11.2019cu il tarixində kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdeh illik 1 faizlə 60 ay müddətinə 4283,27 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı bankla digər Cavabdeh2 arasında 25.11.2019-cu il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 digər Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıya 3771,96 manat əsas borc, 12,19 manat faiz borcu və 10,83 manat cərimə borcu olmaqla, ümumilikdə 3794,98 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da onlar müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır və o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia tələbi üzrə borc məbləğinin hər iki cavabdehdən müştərək qaydada tutulması tələbində də haqlıdır. Belə ki, digər Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi mövcud olduğundan və müqavilə hazırda qüvvədə olduğundan həmin cavabdeh iddiaçı qarşısında digər Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımalıdır. Tərəflər arasında bağlanmış müqavilə 60 ay müddətinə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan ləğv edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3771,96 (üç min yeddi yüz yetmiş bir manat doxsan altı qəpik) manat əsas borc, 12,19 (on iki manat on doqquz qəpik) manat faiz borcu və 10,83 (on manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 3794,98 (üç min yeddi yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3771,96 (üç min yeddi yüz yetmiş bir manat doxsan altı qəpik) manat əsas borc, 12,19 (on iki manat on doqquz qəpik) manat faiz borcu və 10,83 (on manat səksən üç qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 3824,98 (üç min səkkiz yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5745/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5745/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver