Məhkəmə qərarları › İş №2(010)-5746/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5746/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5746/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 13061,64 manat əsas borc, 29,95 manat faiz borcu və 0,70 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13092,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 29.10.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Cavabdeh1 29.10.2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 29.10.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 15.519,16 manat olmaqla kreditin müddəti 29.10.2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29.10.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 24-dək Cavabdeh1 banka 29.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13.061,64 manat əsas borc, 29,95 manat faiz borcu və 0,70 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13.092,29 manat borcu vardır. Sonradan cavabdeh tərəfindən banka 660 manat pul ödənilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, 29.10.2019-cu il tarixində İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 15.519,16 manat kredit götürmüşdür. O banka olan borcunu vaxtında ödəmiş, lakin daha sonra onun problemləri yarandığından ödəmələrdə gecikmələr yaranmışdır. Hal-hazırda onun tərəfindən banka olan borcun tam olaraq ödənilməsi qeyri-mümkündür. Buna görə də həmin borcu yalnız hissə-hissə ödəyə bilər. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29.10.2019-cu il tarixli 23-M-1-0-214-14 №-li kredit, müqaviləyə 1 saylı əlavədə və zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit və zaminlik müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi üzrə borcluya 15.519,16 manat məbləğində illik 1 faizlə 60 ay müddətinə kredit verilmiş, həmçinin Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29.10.2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli şərtlərin verilməsi üzrə vahid kredit şərtləri barədə müqavilədən müəyyən olunur ki, kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 15.519,16 manat olmaqla kreditin müddəti 29 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 29.10.2019-cu il tarixli 23-M-1-0-214-14 №-li kredit müqaviləsi üzrə 13.061,64 manat əsas borc, 29,95 manat faiz borcu və 0,70 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13.092,29 manat borcu vardır. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, 27.09.2021-ci il tarixli və 25.10.2021-ci il tarixdə 660 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, borclular yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədiksə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 29.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 15.519,16 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29.10.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və maliyyə arayışından bəlli olur ki, Cavabdeh1 banka olan borcu 13.061,64 manat əsas borc, 29,95 manat faiz borcu və 0,70 manat cərimə borcu olmaqla, cəmi 13.092,29 manat təşkil edir və həmin borcdan Cavabdeh1 27.09.2021-ci il tarixdə 330 manat və 25.10.2021-ci il rarixdə 330 manat olmaqla cəmi 660 manat məbləğində ödəniş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 13092.29 manat məbləğdən ödənilmiş 660 manat çıxılmaqla qalan məbləğ cavabdehlərdən birgə qaydada tutularaq bankın xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 29.10.2019-cu il tarixli 23-M-1-0- 214-14 №-li kredit müqaviləsi üzrə 12432,29 manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 29.10.2019-cu il tarixli 23- M-1-0-214-14 №-li kredit müqaviləsi üzrə 12.432,29 (on iki min dörd yüz otuz iki manat, iyirmi doqquz qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 29.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin . İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar