Məhkəmə qərarları › İş №2(010)-575/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-575/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-575/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1050 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30.50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən, Cavabdeh ona yüksək keyfiyyətli materialdan olan parket məhsulunu verməyi öz öhdəsinə götürmüş, o isə həmin məhsulun ümumi dəyərinin müəyyən hissəsi olan 2550 manat məbləğində pul vəsaitini (beh) ödəməyi öhdəsinə götürmüşdür. O, razılaşma üzrə üzərinə düşən öhdəlik üzrə 2550 manat məbləğində pul vəsaitini (beh) Cavabdeh ödəsə də, Cavabdeh öhdəsinə götürdüyü yüksək keyfiyyətli materialdan olan parket məhsulları əvəzinə keyfiyyətsiz, tamamilə başqa marka məhsulları ona göstərmiş, o da cavabdehə öhdəsinə götürdüyü və ona verilməli olan məhsulun bu olmadığını bildirmişdir. Bununla da, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, cavabdehdən 2550 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, sonuncu ona borclu olduğu həmin vəsaiti qaytarmamışdır. O, bununla bağlı Daxil İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət etmiş, aparılan araşdırma zamanı Cavabdeh həmin bölmədə verdiyi izahatında ona 2550 manat məbləğində pul vəsaiti borclu olduğunu qeyd etmiş, həmin vəsaitin 1500 manat hissəsini qaytarmış, lakin qalan 1050 manat hissəsini qaytarmamışdır. O, Cavabdeh ödəməli olduğu 1050 manat pul məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh bu borcu qaytarmaqdan yayınır. Tərəflərin izahatları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, onun iddiaçıya 2550 manat məbləğində borcu olsa da, həmin borcdan 1500 manatı ödəmişdir. Hazırda isə iddiaçıya 1050 manat məbləğində borcu qalmışdır və o, həmin borcun ödənilməsindən yayınmır. Yanvar ayının sonuna kimi həmin borcu ödəyib bağlaya bilər. İddiaçının sifariş verdiyi parketlər də hazırda mağazadadır, əgər iddiaçı istəyirsə gəlib həmin məhsulları apara bilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixli, 1/1-M-4941/11/24 nömrəli ərizədə qeyd olunan xüsusatlar üzrə müvafiq araşdırma aparılmış, müraciətdə qeyd olunan mübahisəli məsələnin mülki xarakterli məsələ olduğu müəyyən edilmiş, yaranmış problemli məsələ ilə bağlı İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Eyni zamanda, araşdırma zamanı cinayət və inzibati tərkib aşkar edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində verilmiş izahatın məzmunundan müəyyən olunur ki, təxminən 4-5 ay bundan qabaq Azər adlı şəxs Abşeron Ticarət Mərkəzindəki mağazaya gəlmiş və 100 m2 parket sifariş vermişdir. İlkin olaraq beh kimi 2550 manat pulu nağd şəkildə Nizami rayonunda yerləşən “ASAN xidmət”in qarşısında ona vermişdir. Parket hazır olduqdan sonra Azəri dəvət etmiş və parketi təqdim etmişdir. Azər və yoldaşı birlikdə gəlib parketə hansı rəngin vurulmasını seçməli idilər. Onlar gəldikdə yanlarında 2 nəfər usta olmuşdur. Ustalar parketə baxıb bildirdilər ki, buradakı parketin üzərində mərmər işarəsi var. Daha sonra Azər və yoldaşı parketi istəmədiklərini bildirdilər. O da cavab olaraq demişdir ki, parket satıldıqdan sonra pullarını geri qaytaracaqdır. Azər və yoldaşının dedikləri mərmər işarələr parketin növünü dəyişmir. Dəfələrlə Azər adlı şəxslə telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, 2050 manat pulunu qaytaracaqdır. Hal-hazırda həmin pul vəsaitini qaytara bilməməsinin səbəbi işin zəif olmasıdır. Bu sifarişin hazırlanması üçün ona dəymiş ziyan isə ümumilikdə 5000 manat məbləğindədir. O, söz verir ki, Azər adlı şəxsin 2050 manat pulunu tez bir zamanda qaytaracaqdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. Hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, iddiaçı cavabdehə parketin hazırlanmasını sifariş vermiş və görüləcək işin müqabilində ödənilməli olan razılaşdırılmış ümumi məbləğdən 2550 manat pul vəsaitini qabaqcadan cavabdehə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı parketin hazırlanmasını Cavabdeh sifariş vermiş, bu məqsədlə qabaqcadan sonuncuya 2550 manat məbləğində pul vəsaiti vermişdir. Lakin, Cavabdeh tərəflər arasında razılaşdırılmış nümunəyə uyğun lazımı keyfiyyətdə olan əşyanı təqdim etmədiyi üçün cavabdeh İddiaçı öhdəliyin icrasından imtina etmiş və həmin öhdəliyin icrasının təmin edilməsi üçün verilmiş 2550 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Tərəflər arasında müvafiq razılıq əldə edilməmiş, İddiaçı Cavabdeh verdiyi pul məbləğinin geri qaytarılması ilə bağlı polis orqanlarına müraciət etmiş və müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında İddiaçı tərəfindən ona 2550 manat məbləğində pul verilməsini, həmin puldan 1500 manatını sonuncuya qaytarmasını etiraf etmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının 03:05 – 03:10-cu dəqiqələri). Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən 1500 manatın ona qaytarılması faktını təsdiq etmiş və iddia tələbində qeyd edildiyi kimi qaytarılmayan məbləğin 1050 manat olduğunu bildirmişdir. Məhkəmə tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin icrasının təmini üsulu kimi iddiaçı tərəfindən cavabdehə verilən pul məbləğinə münasibətdə qeyd edir ki, həmin məbləğ beh kimi qəbul edilə bilməz. Belə ki, qanunvericiliklə öhdəliyin icrasının təmin edilməsi üsulu kimi beh haqqında razılaşmanın məcburi forma tələbi müəyyən edilmişdir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. (AR MM-nin 491.3-cü maddəsi). Odur ki, beh haqqında razılaşmanın yazılı formasına riayət edilmədiyinə görə həmin məbləğ avans kimi ödənilmiş hesab edilməli və öhdəlik cavabdeh tərərfindən icra edilmədiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1050 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1050 (min əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30.50 (otuz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar