Məhkəmə qərarları › İş №2(010)-5780/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5780/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5780/2025 06.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 1400 manat əsas borcun 900 manat olan hissəsini, yazılı öhdəlik kağızında təsdiq olunan əlavə olaraq 1000 manat qazanc məbləğinin, xeyrinə itirilmiş qazanc kimi 500 manatın, mənəvi zərər əvəzi kimi 1000 manatın, məbləğin bugünkü tarixə gecikdirildiliyi vaxtadək əlavə 100 manat məbləğində faiz məbləğinin və məhkəməyə müraciət üçün çəkdiyi 55 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, əsas borc kimi 900 manat, yazılı öhdəlik kağızı ilə təsdiq olunmuş əlavə borc kimi 1000 manat, itirilmiş qazancın əvəzi olaraq 500 manatın, mənəvi zərərin əvəzi kimi 1000 manatın, pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində gecikdirilməsinə görə 100 manatın, ümumi olaraq 3500 (üç min beş yüz) manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında borc müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə görə tərəfindən 2025-ci ilin yanvar ayında ümumilikdə 1400 manat məbləğində pul vəsaiti cavabdehə borc olaraq verilmişdir. Cavabdeh bu məbləği aldığını yazılı sənədlə təsdiq etmiş, həmin qəbzdə 2400 manat məbləği ona geri qaytaracağını və ödənişi hissə-hissə həyata keçirəcəyini yazaraq imzalayıb təsdiqləmişdir. Lakin bu günədək nə əsas borcu, nə də əlavə qazancı tam qaytarmamışdır. Müqavilənin şərtinə görə cavabdeh götürülmüş borc məbləğini və əlavə qazancı fevral ayından başlayaraq hər ayın əvvəli hissəhissə ödəyərək ona qaytarmalı idi. Yalnızca may ayında 500 manat olan hissəni qaytarmışdır. Lakin qalıq məbləğ bugünədək iddiaçıya ödənilməmişdir. Halbuki, hal-hazıradək ona 2400 manat məbləğində vəsait tam ödənilməli idi. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Tərəfindən müqavilə münasibətlərinə uyğun olaraq 07 oktyabr 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək borc məbləğinin ona qaytarılması xahiş edilsə də bugünədək sözügedən məbləğ ona qaytarılmamışdır. Qeyd edir ki, həmin vəsaiti bankda depozitə yerləşdirsəydi, azı 8-10% illik gəlir əldə edə bilərdi. Bu səbəbdən onun itirilmiş qazancı da mövcuddur. Cavabdehin hərəkətləri onda davamlı əsəb gərginliyi, narahatlıq və psixoloji sarsıntılar yaratmışdır. Bu isə onun qeyri-maddi hüquqlarının pozulmasıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı bildirmişdir ki, cavabdehlə aralarında borc müqaviləsi bağlanmışdı. Borc gəlir əldə etmək məqsədi ilə verilmişdir. Cavabdeh bir-iki dəfə xırda borc götürərək, onun etibarını qazanmışdır. Cavabdeh borc müqaviləsini öz imzası ilə də təsdiq etmişdir. Nə əsas borcu, nə də əlavə qazancı tam qaytarmışdır. Cavabdeh borcundan yalnız 500 manatı məhkəmədən əvvəl qaytarmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. “MPay” ödəniş sisteminin 19500 nömrəli qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh ****2657 nömrəli kart hesabına 550 manat pul köçürülmüşdür. 1-215960210 ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh ****2657 nömrəli kart hesabına 450 manat pul köçürülmüşdür. Cavabdeh əl yazmasından görünür ki, Cavabdeh işə pul qoyub qazanc götürmək məqsədi ilə İddiaçı xx.xx.2025-ci il tarixində 100 manat, xx.xx.2025-ci il tarixində 300 manat və xx.xx.2025-ci il tarixində 1000 manat məbləğində pul götürmüşdür. Qazanc götürdükdən sonra 2400 manat pulu qaytarmağa və hər ayın əvvəli pulu hissə-hissə qaytarmağa söz vermişdir. Həmin sənəd Cavabdeh tərəfindən imza ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 gün müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin məktub Cavabdeh xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. İş materiallarına əlavə edilmiş “whatsapp” tətbiqində olan yazışmalardan görünür ki, Cavabdeh İddiaçı borc pul istəmiş, onlar arasında borcun ödənilməsi barədə yazışmalar aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan cavabdehin əlyazmasından müəyyən olunur ki, Cavabdeh işə pul qoyaraq qazanc əldə etmək məqsədilə İddiaçı xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025ci il tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 1400 manat məbləğində pul vəsaiti almış, həmin məbləği qazanc əldə etdikdən sonra ümumilikdə 2400 manat məbləğində qaytaracağını və ödənişi hər ayın əvvəli hissə-hissə qaytaracağını yazılı şəkildə öhdəsinə götürmüş və bunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ödəniş qəbzləri və “whatsapp” yazışmalarından da görünür ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaitləri köçürülmüş, tərəflər arasında borcun verilməsi və qaytarılması ilə bağlı yazışmalar aparılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etirazlarını bildirməmişdir. Hazırda iddia tələbi iddiaçının xeyrinə cavabdehdən əsas borc kimi 900 manatın, yazılı öhdəlik kağızı ilə təsdiq olunmuş əlavə borc kimi 1000 manatın, itirilmiş qazancın əvəzi olaraq 500 manatın, mənəvi zərərin əvəzi kimi 1000 manatın, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 100 manatın, ümumilikdə 3500 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir. Tələbin əsas borcun 900 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış və cavabdehin əlyazması bu münasibətlərin təsdiqi kimi qəbul edilir. İş materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, cavabdeh götürdüyü 1400 manat məbləğində borcun 500 manat hissəsini məhkəməyə qədər iddiaçıya qaytarmışdır. Belə olan halda, 900 manat məbləğində borcun qaytarılmasını tələb etməkdə iddiaçı haqlı olduğundan, iddia tələbi bu hissədə təmin edilməlidir. Tələbin yazılı öhdəlik kağızında göstərilmiş əlavə borc – 1000 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan borc müqaviləsindən görünür ki, cavabdeh aldığı 1400 manat məbləğində pul vəsaitini qazanc əldə etdikdən sonra ümumilikdə 2400 manat məbləğində qaytarmağı öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunmuş qanunvericiliyin normalarının şərhinə əsasən, borcdan istifadəyə görə faiz və ya digər haqqın məbləği tərəflərin razılığı ilə müəyyən edilə bilər. İş materiallarında olan cavabdehin əl yazmasından aydın olur ki, o, həmin şərtlərlə razılaşdı və bunu imzası ilə təsdiq etmişdir. Belə ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Tələbin itirilmiş qazancın əvəzi kimi 500 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən itirilmiş qazanc dedikdə hüququ pozulmasaydı şəxsin əldə edə biləcəyi gəlirlər başa düşülür. Lakin, iddiaçı tərəfindən həmin məbləğin hansı əsasla və hansı hesablama qaydasına əsasən müəyyən edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının pul vəsaitini bank depozitinə yerləşdirəcəyi halda müəyyən gəlir əldə edə biləcəyi barədə mülahizələri ehtimal xarakterli olmaqla sübutlarla təsdiq edilmədiyindən, iddia tələbi bu hissədə əsassız hesab edilir və təmin edilmir. Tələbin mənəvi zərərin əvəzi kimi 1000 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi üçün zərər çəkmiş şəxsin fiziki və ya mənəvi iztirab keçirməsi və bunun sübutlarla təsdiq olunması tələb olunur. Lakin, iddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində mənəvi və psixoloji iztirab keçirməsini təsdiq edən hər hansı tibbi sənəd, həkim rəyi və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi bu hissədə sübut olunmadığından təmin edilmir. Tələbin pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 100 manat məbləğində faiz hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsində borcun vaxtında qaytarılmaması halında əlavə faiz və ya cərimə tətbiq olunmasına dair hər hansı şərt nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının həmin məbləğin tutulması barədə tələbi hüquqi əsasını tapmadığından təmin edilmir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xeyrinə əsas borc kimi 900 manat və yazılı öhdəlik kağızı ilə müəyyən edilmiş əlavə borc kimi 1000 manat, cəmi 1900 manat məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc kimi 900 manat və yazılı öhdəlik kağızı ilə müəyyən edilmiş əlavə borc kimi 1000 manat, cəmi 1900 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar