Məhkəmə qərarları › İş №2(010)-5785/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5785/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5785/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27.11.2019-cu il tarixli 011CASA193310005 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1920.13 manat məbləğində əsas kredit borcunun, 99.14 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 2019.27 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 27 noyabr 2019-cu il tarixli 011CASA193310005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 22.5 faiz dərəcəsi ilə 3900 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında 27.11.2019-cu il tarixli 011FİZAM780774701 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (birdirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 10 sentyabr 2021-ci il tarixə ASC-yə 1920.13 manat məbləğində əsas kredit borcu, 94.14 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 2019.27 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, digər Cavabdeh1 onun iş yoldaşıdır. Onun da hazırkı məhkəmə iclasından məlumatı var. Lakin uşağı xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilmir. Müqavilə Gülçöhrə ilə bağlansa da krediti Gülçöhrə yox, özü götürmüş, kreditin ödənilməsi üçün zamin durmuşdur. Bir müddət ödəniş etsə də pandemiya səbəbindən ödənişləri dayandırmışdır. Hər bir halda borcu qaytarmaqdan imtina etmir və qalıq borcu hissə-hissə ödəyəcək. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 noyabr 2019-cu il tarixli 011CASA193310005 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC 3900 manat məbləğində krediti illik 22.5%-lə 24 ay müddətinə Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə həmin kreditdən istifadə etməyi və krediti 24 ay ərzində faizi ilə birlikdə İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 27 noyabr 2019-cu il tarixli, 011FİZAM78077401 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin Alxazov X1 İddiaçı ASC qarşısında Borcalan Cavabdeh1 011CASA193310005 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhəliyini öz üzərinə götürmüşdür. 27 noyabr 2019-cu il tarixli 011CASA193310005 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə 08.01.2020 – 26.11.2021-ci il tarixləri arasında hər ay 204.66 manat (sonuncu ay 204.8 manat) aylıq ödəniş məbləğləri təsdiq edilmişdir. 10.09.2021-ci il tarixli pretenziyalardan görünür ki, borcluya və zaminə müqavilə üzrə borcunun məbləği bazrədə məlumat verilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 011CASA193310005 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 24 ay müddətinə, illik 22.5%-lə 3900 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilə üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bankla zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmış, zamin kredit müqaviləsinin icrası üçün borclu ilə birgə məsuliyyət götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həm əsas borcludan, həm də zamindən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi kredit müqaviləsi üzrə əsas borcludan əsas və faiz borcunun tutulmasına münasibətdə əsaslıdır. Belə ki, borclu Cavabdeh1 icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq kredit müqaviləsi üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Buna görə də, cavabdehlərdən müştərək qaydada 1920.13 manat əsas və 99.14 manat faiz borcu olmaqla, ümumilikdə 2019.27 manat (iki min on doqquz manat iyirmi yeddi qəpik) məbləğində pul tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 011CASA193310005 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1920.13 manat əsas və 99.14 manat faiz borcu olmaqla, ümumilikdə 2019.27 manat (iki min on doqquz manat iyirmi yeddi qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 011CASA193310005 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1920.13 manat əsas və 99.14 manat faiz borcu olmaqla, ümumilikdə 2019.27 manat (iki min on doqquz manat iyirmi yeddi qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar