Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5821/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli, 2(010)-2986/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişərək Cavabdeh onun xeyrinə bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşam. Bizim birgə nikahımızdan bir uşağımız olmuşdur: 20.11.2008-ci il təvəllüdlü X5. Mənim müraciətimə əsasən Suraxanı Rayon Məhkəməsinin (hakim Mütəllim Hüseynovun sədrliyi ilə) 2(010)-2986/2012 saylı, 01.11.2012-ci il tarixli qətnaməsi ilə cavabdehdən mənim xeyrimə uşağımın saxlanılması üçün hər uşağa görə yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 90 manat məbləğində aliment tutulmuşdur. Hazırda məhkəmə qətnaməsi əsasında təyin edilmiş 90 manat aliment uşağın saxlanılmasına qəti çatmır və buna görə də alimentin məhkəmə qaydasında artırılmasını istəyirəm”. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə etdi ki, özü işləyir, lakin aylıq gəliri 260 manatdır. Cavabdehin verdiyi 90 manat alimentlə uşağı saxlamaq çox çətindir. Uzun müddətdir ki, cavabdehin verdiyi alimenti artırmasını gözləsə də cavabdeh bunu etmiş, ildə bir dəfə, uşağın ad günündə aldığı 40-50 manatlıq hədiyyədən başqa əlavə heç bir maddi dəstəyi olmamışdır. Halbuki, cavabdehin aylıq qazancı kifayət qədər yüksəkdir. Belə ki, cavabdeh parket ustasıdır və qazancı yaxşıdır. Hələ nikahda olduqları dövrdə bir yerdə tikdirdikləri evi, maşını var. Aylıq qazancı yaxşı olduğuna görə də nikahları pozulduqdan qısa müddət sonra təkrar ailə qurmuş, iki oğlu doğulmuşdur və hazırda onlara baxır. Cavabdehin anası da təqaüd alır. Bütün bunlar göstərir ki, cavabdehin maddi vəziyyəti yaxşıdır. Lakin uşağın saxlanılması üçün ondan tutulan 90 manat məbləğində aliment çox aşağıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun qazancının çox olması ilə bağlı iddiaçının qeyd etdikləri düzgün deyil. Belə ki, barmağı kəsildiyindən usta kimi işləmir, hazırda fəhləlik edərək, bəzən köhnə maşını ilə taksi fəaliyyəti ilə məşğul olaraq aylıq cəmi 200-300 manat gəlir əldə edə bilir. Əvvəllər kirayəyə “Mercedes Vito” markalı maşın götürüb sürsə də maşının motoru yandıqdan sonra maşın əlindən alınmışdır. Təxminən beş ay olar ki, maşın onda deyil. Öz maşını köhnə “jiquli”dir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.03.2009-cu il tarixdə verilmiş AZ-İİ 230396 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh, anası X2) 20.11.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.02.2009-cu il tarixdə 586 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli, 2(010)-2986/2012 saylı icra vərəqəsindən görünür ki, 06.09.2012-ci il tarixdən başlayaraq Cavabdeh X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahından 20.11.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında olan nikah pozularkən birgə nikahdan doğulan uşağın anası İddiaçı yanında qalması, uşağın saxlanılması üçün Cavabdeh hər ay 90 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Lakin məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Bu zaman xüsusən cavabdehin maddi vəziyyəti, onun izahatında qeyd etdiyi hallar mütləq nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, 20.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli, 2(010)-2986/2012 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Bu cür nəticəyə gələrkən məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və onun uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 20.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli, 2(010)-2986/2012 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli, 2(010)-2986/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(010)-5821/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.11.2012-ci il tarixli, 2(010)-2986/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5821/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5821/2021
12.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver