Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-59/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X4 qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 manat borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdeh X3 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, ev satıldıqdan sonra evin boşaldılması, evdə qeydiyyatda olan və yaşayan şəxslərin evdən istifadə hüququna xitam verilməsi, evdən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh X6 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İBF/253 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə illik 7% olmaqla 295 ay müddətə 136000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, İBF/253 saylı Alqı-Satqı və ipoteka müqaviləsinə əsasən, onun mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra edilməmişdir. Nəticədə cavabdehin banka 133281,84 manat əsas borc, 6770,73 manat faiz borcu olmaqla, cəmi 140052,57 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, İBF/253 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə borclu X6 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 7% olmaqla 295 ay müddətə 136 000,00 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Kredit borcalana ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş qeydiyyat nömnrəsi ********** olan daşınmaz əmlakın alınmasına verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli İBF/253 saylı kredit müqaviləsinə əlavədən görünür ki, X4 295 ay müddətinə, illik 7 faiz dərəcəsi olmaqla, ayda 967,26 manat ödəmək şərti ilə 136 000,00 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC, satıcı X2 və alıcı- ipoteka qoyan X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 460 nömrəli reyestr kitabının 43147 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC X4 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X6 ünvan 4 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş “LEX FORE” hüququ və qiymətləndirmə şirkətinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə bazar qiyməti 215 000 manat, likvit dəyəri isə 205 000 manat dəyərində təşkil edir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 9/7853 saylı ekspertiza rəyindən görünür ki, X3 xx.xx.2018-ci il tarixli, İBF/253 saylı kredit müqaviləsi üzrə 133 281,84 manat əsas borc, 6790,57 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2018ci il tarixli, İBF/253 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə illik 7% olmaqla 295 ay müddətə 136000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. xx.xx.2018-ci il tarixli, № İBF/253 saylı kredit müqaviləsinin təminatı olaraq X6 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, № İBF/253 saylı «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən cavabdeh X4 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu X4 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında kredit müqaviləsindən irəli gələn ödənilməmiş 133281,84 manat əsas borc, 6770,73 manat faiz borcu, cəmi 140052,57 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 manat məbləğində borcun, iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ASC-nın xeyrinə tutulmalı, tələb ipoteka qoyulmuş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilməlidir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 215 000 manat, likvid dəyəri 205 000 manat müəyyən edilməlidir. Cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan X3 adına olan mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə iddia tələbinin evdə qeydiyyatda olan və yaşayan şəxslərin evdən istifadə hüququna xitam verilməsi, evdən ən geci 1 ay ərzində çıxarılmaları və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Belə ki, hazırda iş materiallarında qeydiyyatda olan və yaşayan şəxslər barəsində məlumat olmadığından, o cümlədən cavabdehin ilkin mərhələdə borc məbləğini ödəyəcəyi təqdirdə cavabdehin və digər şəxslərin istifadə hüququna xitam verilməsi, rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 140052,57 (bir yüz qırx min əlli iki manat, əlli yeddi qəpik )manat borc, 30 (otuz) manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nın xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin likvid dəyəri 205 000 (iki yüz beş min) manat müəyyən edilsin. Mənzil satıldıqdan sonra X6 1 (bir) ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evindən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-59/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-59/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver