Məhkəmə qərarları › İş №2(010)-592/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-592/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-592/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü qızları X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və 50 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 2014-cü ildən uşaq atasının yanındadır. Uşağa atası baxdığı üçün o, 193 manat aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizə təmin edilmişdir. Lakin cavabdeh qətnamədən şikayət etdikdən sonra cavabdehin gəlirləri hesablanmadığı üçün aliment məbləğ dəyişdirildi və 100 manat müəyyən olundu. Cavabdeh 5-6 ay 80 manat olmaqla, cəmi 766 manat aliment ödədi. Hazırki aliment məbləği uşağın saxlanması üçün yetərli deyil. Cavabdehin gəlirləri yüksəkdir və kifayət qədər maaş alır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, daha əvvəl uşağa görə 193 manat məbləğində aliement tutulması barədə qətnamə qəbul edilmiş və o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi valideynlərin hər ikisinin eyni hüquqlara malik olduğunu əsas götürərək 193 manat məbləğində alimentin dəyişdirilərək 100 manat olması barədə qətnamə qəbul etmişdir. Bu qətnamə qəbul edildikdən 10 gün keçməmiş aliment məbləğinin artırılması barədə mediasiyaya müraciət etdilər. O, N ildir hərbi hissədə xidmət edir, 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Hələ vəsiqə verilməməyinə baxmayaraq, müharibə veteranıdır və sosialdan bu barədə arayışı var. İddiaçı ərizəsində onun 2903 manat maaş aldığını qeyd edib, halbuki, o, 670 manat maaş alır, 62 manat yemək pulu, 150 manat kirayə pulu, ildə bir dəfə isə 1000 manat mükafat pulu verirlər. 400 manat ildə bir dəfə məzuniyyət pulu, 500 manat da 1 dəfə maddi yardım verilir.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2329/2022 nömrəli iş üzrə qəbul etdiyi 01 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5235/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» 2(010)-2329/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(010)-2329/2022 saylı qətnaməsi mübahisələndirilən – tutulan alimentin miqdarı hissəsində dəyişdirilmiş, alimentin miqdarının xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat müəyyən edilməsi qət edilmişdir.

7. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Arif qızının aylıq əmək haqqı və ona edilən əlavələri aşağıdakı kimidir. Maddi yardım - 544 (beş yüz qırx dörd) manat 00 qəpik, Məzuniyyət - 421 (dörd yüz iyirmi bir) manat 95 qəpik, Kirayə əvəzi pul kompensasiyası - 150 (yüz əlli) manat 00 qəpik, Ərzaq əvəzi pul kompensasiyası - 62 (altmış iki) manat 08 qəpik, Birdəfəlik pul mükafatı - 1055 (min əlli beş) manat 36 qəpik.

8. X2 üçün tədris müqaviləsindən görünür ki, X1 tədris haqqının qiyməti 130 manatdır.

İşin faktiki halları.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5235/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı xeyrinə 100 manat alimentin tutulması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun.

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li Qərarı.

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

17. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 29 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh alimentin artırılması tələbinə dair iddiaya baxılmasını əsassız hesab edərək bildirmişdir ki, aliment tələbinə dair iddiaya baxılıb qurtardıqdan sonra iddiaçı 2 ay keçməmiş yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, tərəflər arasındakı alimentin tutulması ilə əlaqədar olan münasibətlər davamlı xarakter daşıdığı üçün iddiaçı cavabdehin əmək haqqı və gəlirləri barədə arayış məhkəməyə təqdim etmiş və iddia tələbini əsaslandırmışdır. Arayışdan göründüyü kimi cavabdehin aylıq gəlirləri yüksək olduğu üçün sabit pul məbləğinə münasibətdə alimentin dəyişdirilərək onun əmək haqqından tutulması uşağın mənafeyi baxımdan daha məqsədəuyğun olardı.

18. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

20. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

21. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5235/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 29 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 29 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5235/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 29 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 29 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar