Məhkəmə qərarları › İş №2(010)-5923/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5923/2021

12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5923/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən "xxxx" İB-yə vurulmuş 5518,92 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqların bərpası üçün hüquqi şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 5848,92 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 10.03.2020-ci il tarixində Zenner-G4T Mexaniki **********8 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "xxxx" İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "xxxx" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "xxxx" İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdakı aktlar tərtib olunmuş və hər biri sayğacın dəyişdirilməsinin nəticəsi olaraq, 31.10.2017-ci il tarixli ******* saylı akt əsasında 820,8 manat, 13.08.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat Gasreporta keçirilmişdir. 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 820,8 manat məbləğində "xxxx" İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin 09/2020-ci il tarixindən qalmış 1704,30 manat borcu aylıq ödəmələr və borca görə tutulmalarla birlikdə 08/2016-cı il tarixində 1413 manata məbləğində azalmışdır. Mexaniki sayğacdan köçmüş olan digər borclarla birlikdə 03/2020 tarixində abonentin borcu 4450,20 manat təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borclarla, 04/2020-11/2020 tarixlərində sərfin məbləği ilə birlikdə ümumi olaraq 5518,92 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Azəriqaz” İstehsalat Birliyi-nin səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.03.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, "xxxx" İstehsalat Birliyinin Bakı RQSD-nin rəisi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ massivi ünvanında yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" İstehsalat Birliyinin Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq "xxxx" İstehsalat Birliyinin Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş **********00000 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, 31.10.2017-ci il tarixli ******* saylı akt əsasında 820,8 manat, 13.08.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 820,8 manat olmaqla dəymiş zərər hesablamışdır. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.11.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdehə itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5518,92 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 5848,92 manat pulun məcburi qaydada tutularaq "xxxx" İB-nin hesabına ödənilməsini xahiş etmişdir. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulması və sayğacın yararsız hala salınması ilə bağlı aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum Aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Beləliklə də, iddiaçı "xxxx" İstehsalat Birliyinin Cavabdeh qarşı aktlar üzrə iddia tələbinin əsaslılığı, yəni Cavabdeh “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış pulun tutulması barədə iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir və bu vəziyyətdə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Bununla belə cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində debitor borcun tutulması ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir. İşdə olan Cavabdeh aid **********00000 nömrəli abonent kodu üzrə abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında təbii qazın sərfiyyatına görə 2020-ci il üçün 248 manat ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazın sərfiyyatına görə 248 manat pulun tutulması hissəsində iddia tələbi sübuta yetirildiyindən təmin edilməli, digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə 248 manat məbləğində dəymiş ziyan, 50 manat nümayəndəyə ödənilən xərc və 20 (iyirmi) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti, 50 (əlli) manat nümayəndəyə ödənilən xərc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar