Məhkəmə qərarları › İş №2(010)-595/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-595/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-595/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı X8 və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X4 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “xxxx” MMC) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh “xxxx” MMC-dən 7000 manat əsas borcun, 1871.97 manat bank faizlərinin, doqquz ayın kirayəsi olan 2700 manat və iddia vermək üçün ödədiyi dövlət rüsumu olan 30 manat da daxil olmaqla, cəmi 11607 manat 97 qəpik pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə “xxxx” MMC-nin direktoru X5 ilə aralarında 2018-ci ilin oktyabr ayında (1-ci müqaviləyə əsasən ödədiyi 7000 manat pulu qaytarmadığına görə) bağlanılan müqaviləyə əsasən X5 ona bir il əvvəl ödədiyi 7000 manat pulu müqaviləyə əlavə etməklə və sonradan 4500 manat pulu hissəhissə ödəməklə üç ay müddətində onun Bakı şəhəri Digah qəsəbəsində yerləşən sahədə evini tikib təhvil verməli idi. Lakin “xxxx” MMC-nin direktoru X5 elə ilk günlərdən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə başlamışdır. Tam əmin olmuşdur ki, o, əvvəlki müqavilə zamanı olduğu kimi bu dəfə də onu kirayələrdə çürüdəcəkdir. Ona görə də X3 zəng edib ona ödədiyi 7000 manat pulun geri qaytarılmasını tələb etmişdir. X10 bu günə kimi müxtəlif bəhanələrlə onun pulunu qaytarmaq istəməmişdir. Əgər Anar vaxtında, yəni 2018-ci ilin oktyabr ayınadək öz öhdəliyini yerinə yetirib onun evini tikib təhvil versə idi o, hər ay 300 manat olmaqla 9 ay kirayə haqqı ödəməzdi. O, cavabdeh “xxxx” MMC-nin öz öhdəliyini yerinə yetirməməsi səbəbindən qeyd etdiyi ziyana düşmüşdür və hesab edir ki, həmin ziyanın dəyəri olan 2700 manat pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, o, həmin pulu 2018-ci ilin oktyabr ayında banka qoysa idi hər ay 2% gəlir əldə edə bilərdi. Müqavilə öhdəliyini yerinə yetirməyən cavabdeh onu bu gəlirdən də məhrum etmişdir və bu ziyanı da ona ödəməlidir. Qətnamə qəbul edilərkən onun 1-ci qrup əlil olması da nəzərə alınmalıdır. Beləliklə, cavabdehdən 7000 manat əsas borc, 1871.97 manat bank faizləri, doqquz ayın kirayəsi olan 2700 manat və iddia vermək üçün ödədiyi dövlət rüsumu olan 30 manat da daxil olmaqla, cəmi 11607 manat 97 qəpik pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında X8 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh “xxxx” MMC ilə 2018-ci ildə bağlanmış birinci podrat müqaviləsinə əsasən o, cavabdehə 7000 manat ilkin ödəniş etmiş, qarşılığında “xxxx” MMC onun Bakı şəhəri Digah qəsəbəsində yerləşən torpaq sahəsində ev tikməyi öz öhdəsinə götürmüşdür. Lakin sonradan ev tikintisi baş tutmamış və “xxxx” MMC-dən pulunu tələb etmişdir. Daha sonra o, kürəkəninə məxsus evin təmiri üçün 2019-cu ildə yeni podrat müqaviləsi bağlayaraq əvvəlki müqavilə üzrə ödənilmiş 7000 manatı bu müqaviləyə keçirtmiş və o, əlavə hissə-hissə 3 ay ərzində 4500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, cəmi 1500 manat dəyərində təmir işləri görmüş, pulun qalanını isə tələb etsə də qaytarmamışdır. Cavabdehin hərəkətlərinə görə kirayədə qalmış və gəlirlərindən məhrum olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, 2018-ci ilin oktyabr ayında iddiaçı X8 ona yaxınlaşaraq kreditlə ev tikdirmək istədiyini bildirmiş, bu məqsədlə onlar torpaq sahəsinə baxmağa getmişdir. Bu zaman iddiaçı ona bildirmişdir ki, torpaq sahəsi rəsmən Neft Şirkətinin adınadır, lakin sənədləşmə işlərini qısa müddətdə həll edəcək və tikintiyə başlayacaqlar. O iddiaçı ilə razılaşmış, iddiaçı tərəfindən ona 8000 manat ilkin ödəniş edilmiş, lakin sonradan iddiaçı toy edəcəyini bildirirərək 1000 manatı geri almışdır. Onlar ev tikintisi üçün razılaşsalar da iddiaçı zəruri sənədləşməni həll edə bilmədiyindən tikintiyə başlamaq mümkün olmamış, hətta bu səbəbdən o, ziyana düşmüş, ustaları məşğul etmiş, həmin 7000 manatın 1600 manatını ustalara vermişdir. Onun əlavə xərcləri də çıxmışdır. Məsələn, 2019-cu ilin yeni ilində ustalara Yeni il bayramını keçirtmələri üçün 300 manat pul vermişdir. 2019-cu ilin mart ayında iddiaçı tikinti üçün sənədləri ala bilmədiyini bildirmiş, ondan pulu tələb etməyə başlamışdır. O isə iddiaçıya təklif etmişdir ki, aralarında bağlanmış müqaviləyə xitam versinlər, çünki bu müqaviləyə görə vergi xidmətinə hesabat verməlidir. Lakin iddiaçı bunu qəbul etməmişdir. Sonra iddiaçı oğlu ilə birlikdə onun yanına gələrək yeni müqavilə bağlamağı təklif etmişdir. Təklif etdikləri yeni podrat müqaviləsinə əsasən o, iddiaçının kürəkəninə məxsus evi təmir etməli, bunun qarşılığında əvvəlki müqavilə üzrə ödənilmiş 7000 manat bu müqavilə üzrə ilkin ödəniş kimi qəbul edilməli, əlavə olaraq iddiaçı tərəfindən üç ay ərzində hər ay 1500 manat olmaqla, cəmi 4500 manat məbləğində ödəniş edilməli idi. Beləliklə, iddiaçı ilə aralarında 2019-cu ilin avqust ayında yeni podrat müqaviləsi bağlanılmış, müqavilə üzrə 13500 manat (əvvəlki müqavilə üzrə ödənilmiş 7000 manat və hissə-hissə ödəniləcək 4500 manat olmaqla) məbləğində təmir işləri görülməsi razılaşdırılmışdır. Əvvəlki müqavilə üzrə ödənilmiş 7000 manat digər müqaviləyə keçirilsə də bu pulun hamısı onda olmamış, 1600 manatını ustalara vermişdir. Bundan əlavə evdə cəmi 3000 manat dəyərində təmir işləri aparmışdır. Belə ki, evin santexnika və isitmə sisteminin təmiri məqsədilə bir sıra işlər görülmüş, divarlarda borular üçün dəliklər açılmış, lambirin vurulmasa da tavana üzlük çəkilmiş, döşəmənin taxtaları sökülərək yenisi vurulmuş və bir sıra başqa təmir işləri görülmüşdür. Həmçinin, görülmüş bütün işlər aktlaşdırılmış, sənədləşdirilmişdir. İddiaçı isə bunları nəzərə almadan ondan 7000 manat və əlavə ödənişlər tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, bu müqavilə “xxxx” MMCnin direktoru X5 ilə sifarişçi X8 arasında bağlanmışdır. Müqavilənin predmeti - podratçı, sifarişçiyə öncədən təqdim edilmiş və razılaşdırılmış layihə smeta sənədləri əsasında (1nüsxəsi mövcud müqavilə sənədinə əlavə olunmaqla) tikinti təmir işlərini təhvil verməsini, sifarişçi isə podratçıya müqavilədə razılaşdırılmış qaydada muzd ödəməyi öz öhdəsinə götürür. Hər iki tərəf yerinə yetirirəcək tikinti və təmir işlərinin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə (müəyyən olunmuş müddətə) razılaşdırılmış tikinti işlərini keyfiyyətlə və vaxtında yerinə yetirməyə, sifarişçi isə podratçıya (Azərbaycan Respublikasının MM-nin 390.1, 405.1, 417.1, 736, 752.1 və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq) müqavilənin şərtlərinə uyğun qaydada, Bakı şəhəri, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmiri üçün ilkin ödəniş 7000 (yeddi min), qalan 4500 (dörd min beş yüz) azn 3 ay ərzində azn muzd ödəməyə borcludur. Görüləcək tikinti-təmir işləri müəyyən olunmuş tikinti qanunvericiliyinə uyğun olaraq aparılır. Tikinti işləri razılaşdırılmış müqavilə şərtlərinə uyğun olaraq, ilk 5 iş günü ərzində başlanır, müqavilə bağlandığı gündən 90-120 iş günü müddətinə başa çatdırılır. Ödənişlər - sifarişçi müqavilədə qeyd olunan razılaşmanın yerinə yetirilməsi məqsədi ilə, tikinti işlərinə başlamaq üçün sifarişçiyə podratçı tərəfindən daxili kredit xətti açılır və sifarişçi Bakı şəhəri, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmiri üçün ilkin ödəniş 7000 (yeddi min) qalan 4500 (dörd min beş yüz) azn 3 ay ərzində azn muzd ödəməyə borcludur, birinci ödəniş xx.xx.2019-cu il tarixindən sayılmaqla hər ay 1500 azn podatçının hesabına ödənilməsini lakin ümumi məbləğin 3 ayın tamamında, yəni xx.xx.2019-cu il tarixində tam bağlanmasını öhdəlik götürür. Razılaşmanın yerinə yetirilməsi məqsədi ilə borc məbləği vaxtından əvvəl də ödənilə bilər. Bu müqavilənin 3.3-cü bəndinə əsasən bağlanmış müqavilədə qeyd edilən məbləğ vaxtında və ya tam ödənilmədikdə müqaviləyə podratçı tərəfindən birtərəfli qaydada xitam verilə bilər. X8 tərəfindən “xxxx” MMC-yə edilmiş xəbərdarlığın surətindən görünür ki, X8 tərəfindən “xxxx” MMC-yə aralarında bağlanılmış podrat müqaviləsi üzrə yaranmış borc barədə xəbərdarlıq edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5633/2019 saylı qətnaməsində qeyd edilir ki: “xx.xx.2018-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, müqavilə xxxx MMC-nin direktoru X5 ilə sifarişçi X8 arasında bağlanmışdır. Müqavilənin predmeti - podratçı, sifarişçiyə öncədən təqdim edilmiş və razılaşdırılmış layihə smeta sənədləri əsasında (nüsxəsi mövcud müqavilə sənədinə əlavə olunmaqla) tikinti təmir işlərini təhvil verməsini, sifarişçi isə podratçıya müqavilədə razılaşdırılmış qaydada muzd ödəməyi öz öhdəsinə götürür. Hər iki tərəf yerinə yetiriləcək tikinti və təmir işlərinin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə (müəyyən olunmuş müddətə) razılaşdırılmış tikinti işlərini keyfiyyətlə və vaxtında yerinə yetirməyə, sifarişçi isə podratçıya (Azərbaycan Respublikasının MM-nin 390.1, 405.1,417.1, 736, 752.1 və Tikinti məcəlləsinin tələblərinə uyğun olaraq) müqavilənin şərtlərinə uyğun qaydada 90 m2 x 320 AZN=28800 AZN maya dəyəri olan lakin kredit şərtlərinə uyğun olaraq itkin ödəniş 8000 AZN qalan məbləğ 60 ay 400 AZN olmaqla muzd ödəməyə borcludur. Görüləcək tikinti-təmir işləri müəyyən olunmuş tikinti qanunvericiliyinə uyğun olaraq aparılır. Tikinti işləri razılaşdırılmış müqavilə şərtlərinə uyğun olaraq, ilk 5 iş günü ərzində başlanır, müqavilə bağlandığı gündən 120 iş günü müddətinə başa çatdırılır. Ödənişlər - sifarişçi müqavilədə qeyd olunan razılaşmanın yerinə yetirilməsi məqsədi ilə, tikinti işlərinə başlamaq üçün sifarişçiyə podratçı tərəfindən daxili kredit xətti açılır və sifarişçi, 28800 AZN maya dəyəri olan lakin kredit şərtlərinə uyğun olaraq ilkin ödəniş 8000 AZN qalan məbləğ 60 ay 400 AZN hər ayın 1-i tarixində podratçının hesabına ödənilməsini öhdəlik götürür. Razılaşmanın yerinə yetirilməsi məqsədi ilə borc məbləği vaxtından əvvəl də ödənilə bilər. Bu müqavilənin 3.3-cü bəndinə əsasən bağlanmış müqavilədə qeyd edilən məbləğ vaxtında və ya tam ödənilmədikdə müqaviləyə podratçı tərəfindən birtərəfli qaydada xitam verilə bilər”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X8 və cavabdeh “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə podrat müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən podratçı “xxxx” MMC sifarişçi X6 müqavilədə göstərilmiş ölçülərdə və şərtlərdə ev tikməyi, sifarişçi isə 8000 manat ilkin ödəniş etməyi, qalan məbləği isə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. X8 tərəfindən cavabdehə müqavilə üzrə ilkin ödəniş kimi 8000 manat ödənilsə də sonradan iddiaçı bu ödənişin 1000 manatını geri almış, qalan 7000 manat müqavilə öhdəliklərinin icrası məqsədilə cavabdehə qalmışdır. Bu qeyd edilənlər işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, iddia tələbi də ödənilmiş həmin 7000 manatla bağlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi məhkəməyə təqdim edilməsə də iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5633/2019 saylı qətnaməsində həmin müqavilənin predmeti və şərtləri göstərilmişdir və göstərilənlər tərəflərin izahatları ilə üst-üstə düşür. Lakin tərəflərin ev tikintisi ilə bağlı razılığa gəlməsinə, eləcə də ilkin ödəniş kimi sifarişçi tərəfindən 7000 manat ödənilməsinə baxmayaraq, evin tikintisinə başlamaq mümkün olmamış, podratçı tərəfindən heç bir tikinti işi aparılmamışdır. Sonradan tərəflər razılığa gələrək xx.xx.2019-cu il tarixdə yeni podrat müqaviləsi bağlamış, əvvəlki müqavilə üzrə ilkin ödəniş kimi ödənilmiş 7000 manat məbləğində pul yeni müqaviləyə ödənilmiş məbləğ kimi keçirilmiş, sifarişçi X8 tərəfindən həmin 7000 manatdan əlavə 4500 manat məbləğində pulun üç ay ərzində hissə-hissə ödənilməsi qarşılığında müqavilədə göstərilən təmir işlərinin podratçı “xxxx” MMC tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. Bağlanmış yeni podrat müqaviləsi üzrə cavabdeh “xxxx” MMC tərəfindən evdə bir sıra təmir işləri həyata keçirilsə də sonradan sifarişçi X8 cavabdeh “xxxx” MMC tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca icra edilmədiyini əsas gətirərək müqavilə üzrə ödənilmiş 7000 manat ilkin ödənişi tam həcmdə tələb etmişdir. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ikinci podrat müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən təmir işlərinin aparıldığını iki tərəf də qəbul etsə də görülmüş təmir işlərinin dəyəri ilə bağlı tərəflər fərqli fikirdədir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatda cavabdeh tərəfindən cəmi 1500 manat dəyərində təmir işi görüldüyünü bildirsə də cavabdehin nümayəndəsi 3000 manat dəyərində təmir işləri görüldüyünü qeyd etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında bağlanmış birinci podrat müqaviləsi icra edilməsə də ustaları məşğul etdiyini, bu səbəbdən iddiaçı tərəfindən ona verilmiş 7000 manat puldan 1600 manatını ustalara verdiyini, pulun hamısının onda qalmadığını bildirmişdir. Beləliklə, cavabdeh iddiaçı tərəfindən ona ödənildiyi mübahisəsiz olan və hazırda ondan tələb edilən 7000 manat puldan cəmi 2400 (7000 – (3000+1600)) manat hissəsini faktiki olaraq qəbul etmişdir. Halbuki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5633/2019 saylı qətnaməsindən görünür ki, cavabdehin nümayəndəsi işə baxılan vaxt məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda hazırkı iddia tələbinin predmetini təşkil edən 7000 manat məbləğində pulun 4500 manat hissəsini etiraf edərək qəbul etmişdir. Belə olan halda məhkəmə onun hazırkı iclasda vermiş olduğu izahatı qismən inandırıcı hesab etmir. Məhkəmə ilk növbədə nəzərə alır ki, cavabdehin nümayəndəsi qeyd etdiklərini təsdiq edəcək mötəbər sübutları (bu sübutların məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının iki dəfə təxirə salınmasına baxmayaraq) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bununla bağlı məhkəməyə bildirsə belə müqavilə üzrə heç bir tikinti işi aparılmaması mübahisəsiz olduğu halda podratçı tərəfindən ustalara nəyə görə, hansı xidmətin qarşılığında ödəniş edildiyi qeyrimüəyyəndir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin ustalara bayram qeyd etmək üçün verdiyini iddia etdiyi pulun iddiaçıya aidiyyəti yoxdur, “gözləmə xərci” olaraq ustalara hansısa məbləğdə ödəniş edilməsinin isə ümumiyyətlə heç bir hüquqi əsası yoxdur. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə cavabdehin nümayəndəsi tərəfindən ustalara çəkilmiş xərclə bağlı qeyd edilənləri həqiqətə uyğun hesab etmir. Məhkəmə bu hissədə xüsusi qeyd edir ki, Mülki Məcəllənin 756-cı maddəsində sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi təsbit edilsə də həmin maddədə qeyd edilir ki, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi maddədə “yerinə yetirilmiş işi qəbul etməzsə” dispozitiv şərti müəyyən edilmişdir. Hazırkı işdə isə heç bir iş yerinə yetirilməmiş, bu halı cavabdeh də mübahisələndirməmişdir. Bu yanaşmanın davamı olaraq Mülki Məcəllənin 759.1-ci maddəsində qeyd edilir ki, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Bu maddədən isə görünür ki, sifarişçinin işlər qurtaranadək müqavilədən imtina etməsi zamanı onun üzərinə yalnız “yerinə yetirilmiş işin haqqını vermək” vəzifəsi qoyulur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh ustalara çəkdiyi hansısa xərci sifarişçi tərəfindən vurulmuş zərərin əvəzi kimi iddiaçıdan tələb edə bilməz. Son olaraq, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdehə ilk müqavilə üzrə ödənilmiş 7000 manat məbləğində pul tam həcmdə, heç bir azalma olmadan digər müqaviləyə artıq ödənilmiş pul kimi keçirilmiş, bağlanan yeni müqavilədə cavabdehin çəkdiyi hansısa əlavə xərclər nəzərə alınmamışdır. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən evin təmiri üçün cəmi 3000 manat məbləğində xərc çəkilməsi ilə bağlı qeyd edilənlər də əsaslı hesab edilə bilməz. İlk növbədə ona görə ki, cavabdeh əgər evdə cəmi 3000 manat məbləğində təmir işləri aparıldığını iddia edirsə bunu sübut etmək də hər bir halda onun üzərinə düşür. Nəzərə alınmalıdır ki, cavabdeh inşaat işləri ilə məşğul olan MMC-dir və iddiaçı ilə aralarında rəsmi qaydada podrat müqaviləsi bağlanılmışdır. Bu halda cavabdeh MMC tərəfindən görülmüş bütün işlər aktlaşdırılmalı və çəkilmiş xərclər dəqiq şəkildə bu aktlarda göstərilməli idi. Elə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də görülmüş bütün işlərin aktlaşdırıldığını bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Üstəlik məhkəmə tərəfindən bu sübutların təqdim edilməsi məqsədilə məhkəmə iclası iki dəfə təxirə salınmış, lakin yenə də cavabdeh heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarında olan qətnamədən isə görünür ki, görülmüş təmir işləri ilə bağlı məhkəməyə cəmi iki akt təqdim edilmiş, bu aktlarda isə santexnika və isitmə sisteminin təşkili işi üçün cəmi 500 manat, obyektin çatı tavan millərinin üzərinə qara döşəmənin vurulması üçün 150 manat məbləğində ödəniş edildiyi və ustaya heç bir borc qalmadığı qeyd edilmişdir. Buradan da görünür ki, cavabdeh tərəfindən görülmüş təmir işlərinin dəyərinin 3000 olması inandırıcı deyil. İddiaçı isə evdə cəmi 1500 manat məbləğində təmir işləri görüldüyünü qeyd edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən görülmüş işlərlə bağlı heç bir sübut təqdim edilməməsi nəzərə alınaraq görülmüş işlərin cəmi dəyəri iddiaçının qeyd etdiyi kimi 1500 manat məbləğində qiymətləndirilməlidir. Həmçinin, bu məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmiş 7000 manat hesabına ödənildiyindən tələb təmin edilərkən bu hal mütləq nəzərə alınmalı, podrat müqaviləsi üzrə ödənilmiş 7000 manat puldan 5500 (7000-1500) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə iddia tələbini digər hissələrdə əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehdən doqquz ay ərzində ödədiyi kirayə haqqı və əldən çıxmış fayda kimi (banka qoysaydı faizlərdən əldə edə biləcəyi vəsait) pul tələb etsə də bu hissədə iddiasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Son olaraq, məhkəmə dövlət rüsumu ilə bağlı hissədə də iddia tələbi ilə razılaşmır. Belə ki, iddia ərizəsinə məhkəmə ödənişi adı ilə 30 manat məbləğində pul ödənildiyini göstərən sənəd əlavə edilsə də bu ödənişin kim tərəfindən, hansı məhkəmənin hesabına, hansı təyinatla ödənilməsi müəyyən deyil. Belə olan halda məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu ödənilməmiş hesab edilərək cavabdehdən dövlət büdcəsi hesabına tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5500 (beş min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X6 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5500 (beş min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar