Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-599/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı X1 Bakı filialının nümayəndəsi Nümayəndə, İddiaçı X1 Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı X1 Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 6127,75 manat (Bundan 5769,38 manat əsas borc və 358,37 manat faiz borcu təşkil edir) məbləğində 11 oktyabr 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 81,28 manat dövlət rüsumunun tutularaq X1 Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 16 mart 2023-cü il tarixli 97 №-li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% ödəmək şərti ilə 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi X1 Bakı filialı ilə Cavabdeh2 arasında 113 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 191,29 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank»-ın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 11 Oktyabr 2024-cü il tarixə «Bank»a kredit borcu üzrə 3634,51 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2024-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 2257 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»-a illik 24% ödəməlidir. 11 Oktyabr 2024-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 6127,75 manat təşkil edir. Bundan 5769,38 manat əsas borc və 358,37 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 16 mart 2023-cü il tarixli 97№-li saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 113 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı X1 Bakı filialının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, iddianın təmin olunması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024cü il tarixə Cavabdeh1 banka olan borcu 5769,38 manat əsas borc məbləği, 358,37 manat faiz borcu olmaqla, cəmi 6127,75 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 97 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “X1” Bakı filialı tərəfindən Cavabdeh1 illik 14% hesablanmaqla, 48 ay müddətinə qaytarmaq şərtilə 7000 manat kredit vermişdir. xx.xx.2023-cü il tarixli 113 saylı zaminlik müqaviləsindən görünür ki, “X1” Bakı filialı ilə Cavabdeh1 (bundan sonra “Borcalan”) arasında 16 Mart 2023-cü il tarixli 97 saylı “Kredit müqaviləsi” əsasında “Borcalan”a veriləcək 7000 AZN məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri “Borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, “Borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 “X1” Bakı filialından 7000 manat məbləğində pulu imza etməklə qəbul etmişdir. xx.xx.2023-cü il tarixli 97 saylı kredit müqaviləsinə əlavə Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, Cavabdeh1 7000 manat məbləğində krediti 48 ay müddətdə aylıq 191.29 manat ödəmək şərti ilə götürmüşdür. “X1” Bakı filialında olan Cavabdeh1 məxsus hesabdan çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi borcun ödənilməsinə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli onlayn kredit müraciətindən görünür ki, Cavabdeh1 tərəfindən “X1” Bakı filialına kreditin 48 ay müddətinə verilməsi ilə bağlı müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş matariallarına əlavə edilmiş 10 oktyabr 2024-cü il tarixli zaminə bildirişdən görünür ki, Cavabdeh1 borc məbləğini ödəmədiyi üçün zamin Cavabdeh2 xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “X1 Bakı filialının Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona 48 ay müddətinə, illik 14% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı “X1” Bakı filialına ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdeh - Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Cavabdeh2 zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə borclu ilə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər iddiaçı qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam və hərtərəfli araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 5769,38 manat əsas borc və 358,37 manat faiz borcu tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 81,28 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6127,75 manat (bundan 5769,38 manat əsas və 358,37 manat hesablamış faiz borcu təşkil edir) borcu və 81,28 manat dövlət rüsumu kimi ödənilmiş pul məbləği tutularaq iddiaçı “X1” Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-599/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-599/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver