Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-600/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 268.89 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 34.65 AZN, cərimə borcu: 38.47 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0.00 AZN, cəmi borc: 344.01 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN məbləğində dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-5599/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 22 oktyabr 2018-ci il tarixdə “X3 Azərbaycan” QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 400 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”ın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X3 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 268.89 AZN hesablanmış və ödənilməmiş faiz borcu: 34.65 AZN, cərimə borcu: 38.47 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0.00 AZN, cəmi borc: 344.01 AZN təşkil edir.İş materiallarından göründüyü kimi kart limiti aktıv istifadə edilmişdir. Tərəflərin izahatları. İddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddiaçı “X3 Azərbaycan” QSC-nin iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İş materiallarında olan “X3 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müştəri Cavabdeh xx.xx.2018-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə “X3 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə borc: 268.89 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 34.65 manat, cərimə borcu: 38.47 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2 manat, cəmi borc: 344.01 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, “Bank” - “X3 Azərbaycan” ASC və “Müştəri” – Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ona istehlak yönümlü 400 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.15-ci bəndinə görə gecikmə, cərimə faizi illik 60% (Platinum kart üçün 42%) təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sms bildirişdən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 344.01 manat borc barədə məlumat verilmiş, borcun 5 iş günü müddətində ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 5 il müddətinə 400 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2018-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı “X3 Azərbaycan” QSCyə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Müqavilə üzrə tərəflər arasında borcalan öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. Məhkəmə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə borc: 268.89 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 34.65 AZN, cərimə borcu: 13.4 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2 AZN, cəmi borc: 318.94 AZN məbləğində kredit borcu “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin хeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc: 268.89 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 34.65 AZN, cərimə borcu: 13.4 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2 AZN, cəmi borc: 318.94 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN məbləğində dövlət rüsumu “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin хeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-600/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-600/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver