Məhkəmə qərarları › İş №2(010)-604/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-604/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-604/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» ASC-nin “Həzi Aslanov” filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00324-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 manat və 30.40 manat dövlət rüsumu və bank xidməti haqqının müştərək qaydada borclular Cavabdeh1 və Cavabdeh2 kreditorun xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Bank «xxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor Bank «xxxx» ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00324- 16/19A saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 12 ay güzəşt olunmaqla 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2870.37 manat məbləğində kredit limiti ayrılmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nəticədə borclunun kredit müqaviləsi üzrə Bank «xxxx» ASC-nə 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 manat məbləğində borcu yaranmışdır. Borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də məhkəmədən borcludan kreditorun xeyrinə 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin, həmçinin 0.40 manat bank xidməti haqqının müştərək qaydada borclular Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank «xxxx» ASC-nin problemli kreditlərin departamentinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakları olmadan mülki işə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, o bankla kredit müqaviləsi bağlayaraq pul götürmüş, lakin o restoranda aşpaz işlədiyindən və karantin müddətində işləyə bilmədiyindən kredit borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda o bir aylıq möhlət verilməsini xahiş etmişdir. O banka olan borcunu yalnız hissə- hissə ödəyə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş RPF-00324-16/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Bank “xxxx” ASC-nin «Həzi Aslanov» filialından illik 1% ödəmək şərtilə 60 ay müddətinə 2870.37 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 banka xx.xx.2020-ci il tarixə 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Bank «xxxx» ASC-nin «Həzi Aslanov» filialı tərəfindən Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, bank borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Bank «xxxx» ASC arasında bağlanmış RPF-00324-16/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 60 ay müddətinə illik 1% olmaqla 2870.37 manat məbləğində kredit vermiş, həmçinin bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. İş üzrə iddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonunclar bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Maliyyə arayışında cavabdehin hal-hazıra olan 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 manat məbləğində borcu olması qeyd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddia tələbinin əsas və faiz borcu hissəsində təmin edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh1 müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən və digər cavabdeh olan Cavabdeh2 da onunla eyni qaydada zamin kimi məsuliyyət daşıdığından borc məbləği hər iki Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 manat iddiaçının xeyrinə tutulmalıdır. «Bank xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış RPF-00324-16/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə onu da xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı bank ərizə verərək 30.40 manat məbləğində dövlət rüsumunun və bank xərcinin tutulmasını xahiş etmişdir və həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış RPF- 00324-16/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2867.25 manat əsas, 25.75 manat faiz borcu, cəmi 2893 (iki min səkkiz yüz doxsan üç) manat və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu və bank xərci tutularaq iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar