Məhkəmə qərarları › İş №2(010)-61/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-61/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-61/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçı-cavabdehin nümayəndəsi X2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyətinə qarşı “kredit borcunun ödənilmiş hesab edilməklə əsassız hesablanmış və ödənilməsi tələb edilən kredit borcunun ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxx” KB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5303,76 ABŞ dolları əsas, 2670,46 ABŞ dolları faiz, 171,83 ABŞ dolları cərimə, cəmi 8146,05 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə məhkəmə araşdırması apararaq “xxxx” Kommersiya Bankı ASC-dən 2014-cü il tarixdə götürdükləri 9000 ABŞ dolları məbləğində kredit borcunun ödənilmiş hesab edilməklə onlardan tutulması ilk iddia ilə əsassız olaraq həmin ASC tərəfindən tələb edilən 8146,05 ABŞ dolları məbləğində kredit borcunun ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı-cavabdehin nümayəndəsi X3 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 9000 USD məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixinə kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə 5303,76 USD əsas, 2670,46 USD faiz, 171,83 USD cərimə, cəmi 8146,05 USD borcu vardır. Cavabdehiddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşmüş və bununla bağlı vətəndaşa çatan hissə 6898,40 manat olmuşdur. Həmin məbləğdən 437,20 dollar, təxminən 748 manat cavabdehin borcuna silinmiş və 6155,15 manat məbləğində cavabdehə kompensasiya verilmişdir. Bununla bağlı Cavabdeh1 kart verilib və həmin karta kompensasiya məbləği köçürülüb. Cavabdeh1 gecikmə günlərinin sayı 207 gün olduğu üçün bank tərəfindən kompensasiya məbləği birbaşa onun borcuna yönəldilməmişdir. Cavabdeh1 isə kompensasiya məbləğini aldıqdan sonra banka heç bir ödəniş etməmişdir, çünki ödəniş aparıldığı təqdirdə, hesabdan çıxarışda həmin fakt mütləq şəkildə öz təsdiqini tapardı. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 9000 USD məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək faiz ödənişi cəmi 7151,67 ABŞ dolları, əsas məbləğ ödənişi 9000 ABŞ dolları olmaqla, cəmi 16.151,67 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka kredit müqaviləsi üzrə 5303,76 ABŞ dolları əsas, 2670,46 ABŞ dolları faiz, 171,83 ABŞ dolları cərimə, cəmi 8146,05 ABŞ dolları borcu vardır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 3 iş günü müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2019-cu il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, “xxxx” KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 101 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 5.303,76 ABŞ dolları, faiz borcu üzrə 2.670,46 ABŞ dolları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4196 №-li ekspert rəyində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın 3.1. və 3.2. bəndlərinə əsasən kompensasiyaya düşən fiziki şəxslərin siyahısı və hər bir şəxsə ödəniləcək vəsait Azərbaycan Respublikası Maliyyə X1 həvalə edilmişdir. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı” ilə bağlı ekspert qarşısında qoyulan sualda həmin xüsusat üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehiddiaçılardan 5303,76 ABŞ dolları əsas, 2670,46 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 171,83 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “problemli kreditlərin kompensasiyası” barədə məlumatlardan da göründüyü kimi vətəndaşa çatan hissə 6898,40 manat olmuşdur. Həmin məbləğdən 743,25 manat cavabdehin borcuna silinmiş və 6155,15 manat məbləğində cavabdehə kompensasiya verilmişdir. Borclunun gecikmə günlərinin sayı yetərli olmadığı üçün bank tərəfindən kompensasiya məbləği birbaşa onun borcuna yönəldilə bilməmiş və Cavabdeh1 kompensasiya məbləğini aldıqdan sonra banka heç bir ödəniş etməmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğunundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5303,76 ABŞ dolları əsas borc, 2670,46 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 7994,22 ABŞ dolları borc pul tutularaq, “xxxx” KB ASC-nin hesabına ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İlkin iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı-cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 1 manat hissəsi iddiaçı-cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 190 (bir yüz doxsan) manat pul cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X6 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5303,76 ABŞ dolları əsas borc, 2670,46 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 7994,22 (yeddi min doqquz yüz doxsan dörd dollar iyirmi iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutularaq iddiaçı-cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. İlkin iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manat məbləğində pul cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı-cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 1 (bir) manat hissəsi iddiaçı-cavabdeh “xxxx” X4 Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 190 (bir yüz doxsan) manat pul cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X6 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar