Məhkəmə qərarları › İş №2(010)-61/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-61/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-61/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15145,00 (on beş min bir yüz qırx beş) manat məbləğində vurulmuş maddi ziyanın və ödənilmiş 136,00 manat dövlət rüsumunun, cəmi 15.281 (on beş min iki yüz səksən beş) manat pul vəsaitinin alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin sabiq sürücüsü Cavabdeh 01 may 2021-ci il tarixdə saat 13:05 radələrində icarə müqaviləsi İddiaçı MMCyə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Canter” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax-Gürcüstan sərhəd i avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 22-ci kilometrliyində, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Shacman” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Qısa bir aradan sonra X11 İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş və ilkin araşdırma zamanı məlum olmuşdur ki. “Mitsubishi Canter' markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Sonradan hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmış, qeyd olunan hadisənin “Mitsubishi Canter” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü - Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verdiyi müəyyən olunmuş və iş üzrə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyun 2021-ci il tarixli qərar qəbul olunmuşdur. Qərarın surəti Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsi üçün BDYPİ-nin YPXA-na göndərilmiş və A.Cavadov barəsində İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cavabdeh əvvəl avtomobilin təmiri üçün lazım olan xərcləri hissə-hissə ödəyəcəyini bildirmiş, lakin, sonradan həmin məbləği ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh avtomobilə dəymiş ziyanı cəmiyyətə ödəməyəcəyini bildirmişdir. Hesab edirəm ki, cavabdehin əməli nəticəsində avtomobilə dəymiş 15.145,00 (on beş min bir yüz qırx beş) manat və ödənilmiş 136,00 manat dövlət rüsumu məbləğində maddi ziyan onun tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasına etiraz etməyərək, iddia tələbi ilə razı olmadığını və tələb olunan pul məbləğinin həddən artıq şişirdilmiş olduğunu qeyd etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, 283 nömrəli “Əmək müqaviləsi”ndən görünür ki, İşəgötürən İddiaçı MMC tərəfindən işçi Cavabdeh aylıq əmək haqqı 320 manat olmaqla “sürücü ekspeditor” vəzifəsində işə qəbul edilmişdir. - xx.xx.2020-ci il tarixli “X8” haqqında müqavilənin 2-ci bəndindən görünür ki, Cəmiyyətə işçinin günahı üzündən maddi zərər vurularsa, zərərin miqdarını müəyyənləşdirir və dəyərin ödənilməsi mövcud qanunvericiliyə uyğun surətdə həll edilir. - xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, X1 tərəfindən icarəçi İddiaçı MMC-nin direktoru X2 hazırkı müqaviləyə 1 saylı əlavədə göstərilən yük avtomobilləri hər bir avtomobil üçün aylıq icarə haqqı 150 manat olmaqla icarəyə verilmişdir. Həmin avtomobillərdən biri də Mitsubishi Canter” yük markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobildir. -ƏN-V 410373 nömrəli etibarnamənin surətindən görünür ki, “Mitsubishi Canter” yük markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 tərəfindən Cavabdeh həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, AA2 nömrəli qüsur aktından görünür ki, “Mitsubishi Canter” yük markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 15.145 manat məbləğində qiymətləndirilmişdir. - 01 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, “Shacman” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, “Mitsubishi Canter” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və avtomobil hərəkətdə olduğu zaman manevr qaydası pozulduğu üçün onun barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. - xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən X4 hesabına 15.145 manat pul vəsaiti köçürülmüşdür. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 29 nömrəli qıymətləndirmə hesabatından görünür ki, “Mitsubishi Canter” yük markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 13.795 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəf qiymətləndirmə rəyi ilə razılaşmadığı üçün məhkəmə iş üzrə ekspertizə keçirilməsinə qərar vermişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5850 nömrəli rəyindən görünür ki, “Mitsubishi Canter” yük markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumilikdə 13.695 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə təqdim olunmuş ekspertiza rəyini sübut kimi qəbul edərək ona qərəzli yanaşılmasına hər hansı bir səbəb görmür. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş rəy üzrə mütəxəssis zəruri biliyə malik olmaqla, “Məhkəmə Ekspertiza Mərkəzi”nin rəyi üzrə ekspert xüsusi biliyə malikdir. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, cavabdeh iddiaçı şirkətin işçisi olmuş və həmin dövrdə iddiaçı şirkətin icarə müqaviləsi əsasında sahibliyində və istifadəsində olan avtomobili idarə edərkən qəza törətmişdir. Hadisəni araşdıran müvafiq icra hakimiyyəti orqanının gəldiyi nəticəyə görə qəza cavabdehin təqsiri üzündən baş vermişdir. "xxxx" MMC tərəfindən həmin avtomobilin təmir-bərpa xərcləri 15.145 manat məbləğində qiymətləndirilmiş və həmin pul vəsaiti İddiaçı MMC tərəfindən həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X4 hesabına ödənilmişdir. Hazırda iddiaçı həmin nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə avtomobilin mülkiyyətçisinə ödənilən 15.145 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə öz növbəsində iddia tələbini qəbul etməyərək həmin məbləğinin şişirdilmiş olduğunu qeyd edir. Məhkəmə ilk öncə iddianın hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olubolmaması məsələsinə aydınlıq gətirməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı Koroğlu MMC ilə zərər dəyən avtomobilin mülkiyyətçisi arasında icarə müqavilə bağlanmışdır və avtomobil iddiaçının sahibliyinə verilmişdir. İşdən eyni zamanda müəyyən edilir ki, cavabdehin törətdiyi qəza nəticəsində müəyyən edilmiş ziyan məbləği iddiaçı tərəfindən mülkiyyətçiyə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddianı qaldırmaqla iddiaçının subyektiv hüququ olmuşdur. Tələb edilən ziyan məbləği ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, İddiaçı MMC iddia tələbində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Canter” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 15.145 (on beş min yüz qırx beş) manat olduğunu qeyd etsə də, lakin xx.xx.2022-ci il tarixli, 9/5850 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində avtomobilin təmir-bərpa xərcləri 13.695 (on üç min altı yüz doxsan beş) manat olaraq müəyyən edilmişdir. İşin araşdırılması zamanı o da müəyyən edilmişdir ki, qəza ilə bağlı hər hansı sığorta ödənişi edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən - “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində qeyd olunan həddə, yəni 13.695 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci massəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericil normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci madəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iş üzrə ödənilmiş 136 manat dövlət rüsumunun 131.08 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eləcə də, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 200 manat pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Alı̇ m oğlundan vurulmuş maddi ziyana görə 13.695 (on üç min altı yüz doxsan beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 136 manat dövlət rüsumunun 131.08 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 200 manat pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar